“Xırda istehsalçılar bazardan çıxmağa məcbur olacaqlar”

0
820

“Hal-hazırda kolbasa məhsullarının istehsalında rentabellik qismən aşağı səviyyədədir”.

“Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov bildirib.

Onun sözlərinə görə,buna səbəb son vaxtlarda xammalın qiymətinin mütəmadi artması, istehlak tələbatında baş verən dəyişikliklər, ət məhsulları bazarında kəskin rəqabətin mövcudluğu, yüksək texnoloji istehsal avadanlıqlarının və onların ehtiyyat hissələrinin alınmasına çəkilən xərclərin artmasıdır. Eyni zamanda ət məhsullarının istehsalında istifadə olunan bəzi xammal və materialların (ədviyyatların, kompleks qida əlavələrinin, müxtəlif çeşidli qılafların, klips və iplərin) xaricdən idxal olunması da gəlirlərə öz təsirini göstərir.

“İstehlak tələbatında baş verən dəyişikliklərin təhlili göstərir ki, alıcıların əksəriyyəti və hətta ticarət şəbəkələrinin bir çoxu “premium” məhsullardan imtina edirlər, daha çox məhsulların “ekonom” seqmentinə üstünlük verirlər. Bu səbəbdən məhsul çeşidlərinin optimizasiyası, yəni çeşidlərin müvafiqliyi, münasibliyi və əlverişliliyi ön plana keçir. Digər tərəfdən istehlak bazarının tələblərinə uyğun olan rəqabətə davamlı qiymətlərə üstünlük verilməsi, məhz istehlak bazarında baş verən dəyişikliklərlə əlaqədardır”.

Səməd Cəfərov  qeyd edib ki, hal-hazırda daxili bazarda pərakəndə ticarətin satış dövriyyəsində kolbasa məmulatları ənənəvi olaraq üçüncü – dördüncü yeri tutur və bu səbəbdən ilbəil yerli kolbasa məhsullarının istehsalı artır. Bundan əlavə, kolbasa məhsulları bazarının assortimenti öz müxtəlifliyi ilə fərqlənir və eyni zamanda çeşid və növləri artmaqda davam edir. Məhz bu səbəbdən ət məhsullarının idxal həcmi azalmaqda davam edir.

“ALICILAR DADA GÖRƏ SEÇİM EDİRLƏR”

MMC-nin sahibi qeyd edib ki, kolbasa məhsulları əhalinin qida rasio­nunda həmişə üstünlük təşkil etmişdir: Bu gün kolbasa gündəlik tələb olunan ərzaq məhsuludur. Təxminən bir il ərzində insan 15-16 kq kolbasa məmulatından istifadə edir.

Son dövrlərdə kolbasa məhsulları bazarında istehlakçıların əksəriyyəti kolbasa məhsulları alarkən, məhsulun dadına və ya tamına daha çox üstünlük verirlər. Müştərilərin bir qismi məhsulun qiymətinə, daha bir qismi isə populyar kolbasa məhsullarına görə seçim edirlər. Xüsusilə, kolbasa bazarında məhsulun keyfiyyəti və dəyəri istehlakçılar üçün müştərək əhəmiyyət kəsb edir. Hətta aşağı gəliri olan alıcılar belə məhsulun keyfiyyətinə önəm verirlər”.

“XIRDA İSTEHSALÇILAR BAZARDAN ÇIXACAQLAR”

Səməd Cəfərov  bildirib ki, effektli və rentabelli fəaliyyət göstərə bilməyən xırda istehsalçılar bazardan çıxmaq məcburiyyətində qalacaqlar: “Digər tərəfdən, son vaxtlarda qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi sağlam rəqabət mühitinin yaranmasına, istehsal bazarında ciddi və müsbət dəyişikliklərin baş verməsinə səbəb olacaq”.

Qeyd edək ki, “Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən kolbasa məhsullarının ilk istehsalçısı kimi fəaliyyətə başlamışdır.

marja