Əsas səhifə Biznes ideyası Xərci az, gəliri çox – Bal biznesi

Xərci az, gəliri çox – Bal biznesi

661
PAYLAŞ

Bu il arıçılar uzun yay günlərindən sonra bol məhsul götürəcəklərinə inanırlar. Ağstafanın Xətai kəndində yaşayan arıçı Şahin Cəfərov bu canlıların təkcə balını deyil, onların istehsal etdiyi 7-8 növ məhsulunu da toplayır.

bal

Bu təbiət canlılarının maraqlı xüsusiyyətlərindən danışan arıçı deyir ki, həyətində xüsusi su qabı düzəldib və oradan damcı-damcı axan suyu içən arılar üçün həm də duz verir. Ağstafanın iqliminin arıçılığın inkişafı üçün əlverişli olduğunu deyən Şahin Cəfərov bir müddət sonra yeşiklərdən bal toplanacağını deyir.

O, deyib: “Məhsuldarlıq arıdan və təbiətdən asılıdır. Elə olub ki, 30 pətəkdən bir ton bal götürmüşük. Elə vaxt də olub ki, heç 60 pətəklə 300-400 kiloqram bal götürə bilməmişik. Bizim arılar üç yaz görür. Əvvəlcə arılar həyətimizdə olan çiçəklərdən şirə çəkir. Sonra arıları Qarayazı qoruğuna aparırıq. Orada çiçəklər çoxdur, müalicəvi çiçəklər də var. May ayının sonunda isə arı ailələrini dağa köçürürük. Dağda bizim arılarımız üçüncü yazı görür.”

Uzun illərdir arıçılıqla məşğul olan və bu sahədə təcrübə qazanmış arıçılar çoxdur. Bu maraqlı təsərrüfat növünü nəsildən-nəslə ötürən ailələr var. Bu sahədə təbii çətinliklər və problemlər olsa da, təcrübəli arı sahibləri vəziyyətdən üzüağ çıxa bilirlər. Mütəxəssislərin fikrincə, bu canlılardan bol məhsul götürmək üçün arı ailələrinə yüksək səviyyədə qulluq edilməlidir.

Arıçı Sarı Musayev deyib: “Qırx ilə yaxındır arıçılıqla məşğulam. Hazırda 40 arı ailəsinə qulluq edirəm. Məhsuldarlıq demək olar ki, pis deyil. Tanıyanlar bilir ki, bizdə olan ballar təbii baldır. Arı çöldən nə gətiribsə odur. Haradasa bir həftədən sonra bal yığmağı planlaşdırırıq.”

Müxtəlif çiçəklərdən toplanan balın həm dadında, həm də rəngində fərq olur ki, bu da məhsulun dəyərini daha da artırır. Ümumiyyətlə əsl arıçılar hesab edirlər ki, hava şəraitindən asılı olmayaraq bu zəhmətkeş canlılardan istədikləri məhsulu almağı bacarmaq lazımdır.

Arıçılıq təsərrüfatına son illər marağın artdığını deyən arıçılar buna başlıca səbəb kimi təsərrüfatın bu sahəsinin az xərc tələb etməsi, eyni zamanda, olduqca gəlirli sahə olması ilə əlaqələndirirlər. Baldan xalq təbabətində də bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Bundan başqa, arıdan əldə edilən mum, vərəmum, arı zəhəri, arı südü, çiçək tozu, güləmdən də geniş istifadə olunur. Bir arı ailəsindən təxminən 10-15 kiloqram məhsul toplayan ağstafalı arıçılar sərgilərdə də iştirak edirlər.

Bal biznesi quran Azərbaycanlı – müsahibə

© Azərtac

bal mehsullari, balin faydalari, temiz bal nece olur,arıçılıq