Əsas səhifə İş adamları Varissiz milyarder – Əlişir Usmanov

Varissiz milyarder – Əlişir Usmanov

1029

Ə.Usmanov 1953-cü ilin sentyabr ayının 9-da Özbəkistanın Çust Namanqan vilayətində anadan olub. Uşaqlıqdan qılıncoynatmaya həvəsli olan balaca Əlişiri paytaxt Daşkəndin prokuroru olan atası Burxan Usmanov bu idman növünə yönləndirir. Tezliklə bacarıqlı idmançı kimi tanınan Usmanov əvvəl Özbəkistanın gənclərdən ibarət yığmasına, sonra isə SSRİ-nin bu idman növü üzrə əsas komandasına üzv seçilir. 1976-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olur. Moskva möhtəşəm 1980-ci il Yay Olimpiadasına hazırlaşarkən gənc və perspektivli Usmanovun həyatında elə bir dönüş olur ki…

Usmanov Özbəkistanın DTK sədrinin müavininin oğlu Nasımov və kənd təsərrüfatı nazirinin oğlu İlham Saykovla birgə həbs edilir. Zorlama və dələduzluq da daxil olmaqla üç maddə ilə ittiham olunan “trio” avqust ayında məhkəmə qarşısına çıxarılır. Atasının ciddi səylərinə baxmayaraq Usmanov 8 il müddətinə azadlıqdan məhrum edilir. 1986-cı ildə “nümunəvi davranışı və əməlindən səmimi peşmançılıq keçirdiyi üçün” onu vaxtından əvvəl azadlığa buraxırlar. 6 illik həbs onu gələcəkdə daima təqib edən fakta çevrilir.
Rusiyanın nüfuzlu rospres.ru portalı aprelin 19-da dərc etdiyi məqaləyə də onun keçmişinə işarə edərək belə sərlövhə qoyub: “Forbes” “Solnçsev” zekini irəli aparır”. Məqalədə 1980-ci ildəki həbs xatırlanaraq bildirilir ki, Usmanov məhz atasının sayəsində azadlığa buraxılıb. Usmanov tərcümeyi-halında bu qara səhifəni silməyə bir neçə dəfə cəhd edib. Məsələn, Qorbaçov aşkarlığı dövründə o iddia edib ki, həbsi 80-cı illərin sonunda Özbəkistanda məşhur “pambıq işi” prosesinin tərkib hissəsi olub və ittiham atasının vəzifədən “vurulması” üçün qurulub. Amma bu versiya Usmanova kömək etməyib. Çünki məşhur “pambıq işi”nin əsas fiqurantları-yüksək rütbəli məmurların həbsinə qərar verən, sonradan isə özü ittiham edilən erməni müstəntiq Qdlyanın rəhbərlik etdiyi qrup Özbəkistana Usmanovun həbsindən üç il sonra gəlib.

Rospres.ru yazır ki, o, azadlığa buraxılandan sonra da Rusiyanın kriminal aləminin tanınmış avtoritetləri ilə əlaqə saxlayıb. “Hətta ”Solnçsev” qruplaşmasının lideri “Mixas” ləqəbli Sergey Mixaylov 1995-ci ildə Usmanovun MAPO-bankın idarə heyətinin sədr müavini olmağına ciddi dəstək verib. “O da kriminal qruplaşmanın pullarını bankda realizəsini həyata keçirib” deyə, portal yazır.
1997-ci ildə diplomat karyerası yarıda qalmış Usmanov birdəfəlik bank sektoruna keçir və Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında təhsil alır. Bankçılıq karyerasında ciddi uğurlar qazanan Usmanov 2000-ci ildə “Qazprominvestxoldinq” in direktor müavini vəzifəsinədək yüksəlir. Nəhayət, 2000-ci ildə Özbəkistan Ali Məhkəməsi Usmanovun 1980-cı ildəki həbsini qurama sayır və ona tam bəraət verir. Usmanov özü də bəyan edir ki, o, həmin illərin siyasi repressiyasının qurbanı olub. Beləliklə, Usmanov kriminal keçmişini “təmizləyir”.

Bundan sonra Usmanov daha sürətlə “qəpik-qəpik” kapitalını artırmaqla məşğul olur və onun adı ilk dəfə 2004-cü ildə “Forbes”in siyahısında 1 milyard dollar varidatla 36-cı yerdə çəkilir. Tezliklə o, “Cənubneftqazprom” və “Zapsibqazprop” kimi nəhəng neft kompaniyalarının da nəzarət paketlərinə sahib olur.
2007-ci ildə Londonun “Arsenal” klubunun sahibi olan “Red and White Holding” kompaniyasının 150 milyonluq səhmlərinə yiyələnəndən sonra Usmanovun şübhəli reputasiyasını yenidən yada düşür. Biznesmenin qaranlıq keçmişini araşdırmaq üçün klub Özbəkistana peşəkar detektivlər göndərir ki, Usmanovun həbsi ilə bağlı qaranlıq məqamları araşdırsın. Amma detektivlər yarım illik araşdırmadan sonra Özbəkistandan əliboş qayıdırlar.

Daşkənddən qayıdan qrup sifarişçiyə məlumat verir ki, onların araşdırması heç bir nəticə verməyib. Çünki siyasi hakimiyyət araşdırmaya imkan vermir. Yeri gəlmişkən, belə məlumatlar da yayılıb ki, Usmanovun Özbəkistan prezidenti İslam Kərimovun ailə biznesinə də şərikliyi var…
2006-cı ildə o, “Kommersant” nəşriyyat evinin 100 faiz aksiyalarını da alır və kanal 7TV-ni, MUZ.TV-nin də səhmlərini yiyələnərək multmediaholdinq qurur.
2008-ci ildə isə Rusiyanın əsas mobil operator şirkəti olan “Meqafon”un da 31.1 faiz aksiyalarını 5 milyard dollara alır. 2010-cu ilin noyabrında isə onun rəhbərlik etdiyi “Digital Sky Tecnologies” Fondu mail.ru internet portalının şəriksiz sahibinə çevrilir.
“Forbes”in hesabatına görə, Usmanovun kapitalı 14.6 milyard dollardır.

Kremlə 100 milyonluq hədiyyə

Maraqlıdır ki, Kreml həmişə Rusiyanın ən varlı adamı ilə məsafə saxlayıb. Bəzi bilgilərə görə, bu, məhz onun kriminal keçmişi ilə bağlıdır və siyasi hakimiyyət ona dəyib-dolaşmasa da, yaxınına da buraxmır. Bu məsafəlilik isə ona diskomfort yaratmır, əksinə, hökumətə müəyyən jestlər etməyə həvəsləndirir. Bununla bağlı maraqlı bir fakt. 2007-ci ildə ABŞ-ın məşhur auksionuna bakılı musiqiçi Mstislav Rastropoviçin və onun həyat yoldaşı Qalina Vişnevskayanın şəxsi kolleksiyası çıxarılır. Həmin kolleksiyada XIII-XIX əsrdə yaşamış rus rəssamlarının əsərləri və çar Rusiyası dövründə istehsal edilmiş keramik qablar olub. Həmin vaxt Amerikada olan milyarder təsadüfən bu auksionun kataloqunu əldə edir. Rusiyanın bu qiymətli incilərinin başqa bir adama satılmasını istəməyən Usmanov auksiondan bir gün əvvəl vergi və digər məsrəflərə birgə 100 milyon dollar ödəyərək kolleksiyanı alıb və Rusiya hökumətinə bağışlayıb. Həmin kolleksiya hazırda Sankt-Peterburqdakı Konstantinovski Sarayındakı muzeydə saxlanılır.
Rusiya hökuməti onu 2004-cü ildə əmək fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. Bəlkə də bu “ögey” münasibət onun ikili vətəndaşlığı ilə bağlıdır. Usmanov axı həm də İngiltərə vətəndaşıdır…

Usmanov Rusiyanın bədii gimnastika üzrə baş məşqçisi İrina Vinerlə evlidir. Onlar Usmanov hələ qılıncoynatma ilə məşğul olduqları zaman tanış olublar. Vinerin birinci nikahdan Anton adlı oğulu var. Hazırda o, Usmanovun oğulluğu sayılır. Taleyin işinə baxın, var-dövləti dünyanı almağa bəs edən iş adamının doğma övladı yoxdur. Ötən ilin aprel ayında dünya mediasında belə xəbərlər yayılmışdı ki, Usmanov bütün əmlakını bir holdinqdə birləşdirərək qohumlarından birinə vermək istəyir və biznesdən birdəfəlik çəkilir. Uzun söz-söhbətdən sonra Usmanov “Forbes”ə açıqlama verərək bunları deyib: “Heç kimə, heç nə saxlamıram. Mənim hələ ki, övladım yoxdur. Nə qədər ki, sağam, istədiyim və bildiyim qədər xərcləyəcəyəm. Qalanını isə dostlarımı mən dediyim kimi istifadə edəcək…”

Usmanov: “Bakı biznes üçün əlverişlidir…”

Gənc illərində qılıncoynatmaya marağını da yadda çıxarmayan biznesmen 2008-ci ildə Beynəlxalq Qılıncoynatma Federasiyasına prezident seçilir. Usmanov 2010-cu ilin sentyabrında Bakıda Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Baş Assambleyasının toplantısında iştirak edib. Elə həmin ərəfədə onun Azərbaycanda da futbol klubu alacağı barədə məlumatlar yayılıb. O isə “Azərbaycan klubunu ala biləcəyim barədə danışmaq tezdir. Amma gələcəkdə hər şey ola bilər. Düşünməyə dəyər” demişdi. İş adamı bildirib ki, Azərbaycana investisiya yatırmaq niyyətindədir. Onun sözlərinə görə, Bakı şəhəri biznes fəaliyyəti ilə məşğul olmaq üçün olduqca əlverişlidir: “Gələcəkdə burada fəaliyyət göstərməyin və Azərbaycanda hər hansısa sahəyə vəsait qoymağım istisna olunmur. Bunun üzərində ciddi düşünürəm”.
Usmanovun Azərbaycanda hələ də ciddi investisiya yatırdığı barədə bilgi yoxdur. Demək hələ də düşünür…

©musavat

Paylaş