Usta köməkçisi kimi başlayıb dünyanın ən yaxşı dizayn şirkətlərindən birini qurdu

Date:

Paylaş:

O, 11 uşaqlı bir ailədə dünyaya göz açıb. Məktəb illərində valideynlərini itirib və maddi imkansızlıqdan yaşadığı Ardahan şəhərini tərk edərək İstanbula köçüb. İş adamı Erbakan Malkoç dünyanın ən yaxşı avtomobil dizayn şirkətlərindən biri olan DizaynVip şirkətinin qurucusudur.

Uşaqlıq illərindən başlayaq. Necə keçib uşaqlığınız?

Ardahan şəhərində dünyaya gəlmişəm. Məktəb illərim orada keçib. Bizim yaşadığımız kənd qışda çox soyuq olardı. Mənfi 40 dərəcəyə qədər soyuqdan gedir söhbət. Məktəbimizin pəncərələri yox idi. O soyuqlarda dərsə getmək çox çətin idi. O zamanlar kənddə avtomobil də yox idi. Atam mənimlə bazara gedəndə avtomobil görərdik ancaq. Kosmik gəmi görmüş kimi təəccüblənərdim. Bunlar necə olur ki, bir-birlərinə dəymədən gedə bilirlər maraqlı idi mənə. Uşaq vaxtı nəinki avtomobil heç avtomobil təkərimin olacağını belə xəyal edə bilməzdim. Oyuncaq avtomobil oyuncağım belə olmayıb. Ancaq hazırda Dizayn Vip adlı şirkətimiz dünyanın ən yaxşı avtomobil dizayn edən şirkətlərindən biridir. Dünyanın bir çox məşhur iş adamlarına, idmançılarına, bir çox məşhur sənətçiyə avtomobil, helikopter, yaxta dizayn etmişik. Keçən il Avropanın ən yaxşı avtomobil dizayn edən şirkəti mükafatını qazanmışıq.

Yaşadığınız şəhəri niyə tərk etdiniz?

Məktəbi bitirdiyim ildə valideynlərimi itirdim. İstanbula qardaşımın yanına getdim. Qardaşım nə işləmək fikrindəsən soruşanda avtomobil ustası yanında köməkçi cavabını verdim. Beləcə heyranı olduğum avtomobillərə toxunmaq şansı əldə edəcəkdim. Hər cür çətinlik görmüşəm həyatda. Yol pulum belə olmazdı. İşlədiyim yerlərdə maaş almırdım. Ancaq yemək verirdilər. Ustaların ayaqqabılarına baxardım. Köhnəlsəydi mənə verərdilər deyə düşünərdim. O vaxtlar iş yerlərində sığorta da yox idi. Bir evdə 5-6 nəfər eyni otaqda qalardıq. Bunları ajiotaj yarasın deyə demirəm. Mənim həyatım “Mən heç bir şey edə bilmərəm” deyən gənclərə örnək olsun deyə deyirəm. Bir insan dünyanı dəyişdirə bilər, ona görə də kimlərinsə həyatına təsir edə bilsəm xoşbəxt olaram.

İlk işə necə başladınız?

Usta köməkçisi kimi işə başlamışdım. Ustalarım iş üstündə çox vurublar məni. Hətta bir dəfə yeni avtomobili cızdığım üçün işdən qovuldum. Ancaq geriyə qayıdıb haqqınızı halal edin dedim. Bu gün də o ustalarımdan birini görsəm əlindən öpərəm. Çünki mənə iş öyrədiblər. İşdən qovulduqdan sonra qardaşımla öz seximizi açdıq. Bu günə qədər heç bir müştərimiz bizdən narazı qalmayıb. Dizayn etdiyimiz avtomobillərin yeni görüntüsü ilə köhnə görüntüsü arasında yerlə göy qədər fərq olur.

Qərbdə də yetəri qədər tanınırsınız.

Düzdür Avropaya ilk dəfə gedən zaman avtomobil sərgilərinə məni buraxmırdılar. Türk olduğumu biləndə avtomobilləri təqlid edib, dizaynlarını oğurlayarsız deyirdilər. Ancaq indi o sərgilərdə Erbakan Malkoç, gəl dizaynlarını bütün dünyaya göstər deyib dəvət edirlər. Cenevrəyə gedirəm dünyanın ən yaxşı avtomobil istehsalçılarının CEO-ları arxamca gəlirlər, ABŞ-a gedirəm Mr. Erbakan deyə müraciət edirlər, başa düşürəm ki, məni qərbdə yaxşı tanıyırlar. Gözəl hissdir. Hələ də işimin başındayam. Hələ də işimin ustasıyam. Dizaynın başlanğıcından sonuna qədər mən iştirak edirəm. Ona görə də işçilər mənə usta deyirlər.

Gənclərə tövsiyyələriniz

Biz qatarda biletimiz olmadığı üçün döyülən uşaqlar olmuşuq. Yaşıdlarımız məktəbdə oxuyanda biz həyat mübarizəsi aparardıq. İndi gənclərin inkişafı üçün hər cür şərait var. Hər səhər altıda durub ingilis dili öyrənirəm. Mənim həyat məşqim var. Universitet təhsili almaq fikrindəyəm. Mən orta məktəb məzunuyam amma universitetlərdə tələbələrə sahibkarlıq və liderlik öyrədirəm. Ona görə gənclər özlərinə inansınlar. Bütün imkanlardan yararlansınlar. Qanadları açmadıqdan sonra qartal olmağın nə mənası var?

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...