Əsas səhifə Konfrans və sərgi Türkiyə iş adamları Azərbaycanın miqrasiya qanunvericiliyi barədə məlumatlandırılıb

Türkiyə iş adamları Azərbaycanın miqrasiya qanunvericiliyi barədə məlumatlandırılıb

51
PAYLAŞ

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) və Azərbaycan-Türk İş Adamları Birliyi (ATİB) “Miqrasiyanın iş adamları arasında mühüm rolu” mövzusunda işgüzar nahar təşkil edib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev, TÜİB və ATİB üzvləri, eləcə də bu təşkilatlara üzv olmayan şirkətlərin nümayəndələri və tanınmış iş adamları qatılıblar.

TÜİB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən səfir Erkan Özoral Azərbaycanda türk iş adamlarının fəaliyyəti və onların ümumi iqtisadi inkişafa verdiyi töhfə barədə məlumat verib. Bununla yanaşı, səfir iş adamlarının ölkənin qanunları çərçivəsində fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu tədbir də məhz iş adamlarının miqrasiya qanunvericiliyi barədə məlumatlandırılması məqsədi daşıyır.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) rəhbəri Camal Yanğın Azərbaycanda türk biznesi, iş adamlarının fəaliyyəti, onların dövlət qurumları ilə münasibətlərin tarixi və bizneslə dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.

TÜİB-in rəhbəri Hüseyn Büyükfırat iş adamlarını yerli qanunlara ciddi əməl etməyə çağırıb. TÜİB rəhbəri miqrasiya qanunvericiliyinin xarici vətəndaşlar, o cümlədən iş adamları üçün əhəmiyyətini qeyd edərək, bu qanunlara əməl olunmasının vacibliyini bildirib.

İşgüzar naharda geniş təqdimatla çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev Azərbaycanın miqrasiya qanunvericiliyi, Miqrasiya Məcəlləsi, burada xarici vətəndaşlar və iş adamları üçün nəzərdə tutulan tələblər barədə ətraflı məlumat verib. DMX təmsilçisi bildirib ki, iş adamları ilə bağlı əsas tələblər onların xaricdən gətirəcəyi əcnəbi işçilər barədə vaxtında məlumat verməsi, eləcə də viza qanunvericiliyinə əməl etmələridir. Miqrasiya xidmətinin nümayəndəsi bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, ölkəyə xarici işçi qüvvəsinin gətirilməsi ilə bağlı kvota müəyyən edilir. İş adamlarının öz planları barədə əvvəlcədən məlumat verməsi bunun kvotada nəzərdə tutulmasına imkan yaradır.

Tədbirdə İsmayıl Abdullayev iş adamlarının çoxsaylı suallarını cavablandırıb, onların maraqlandıran məsələlərə aydınlıq gətirib. DMX təmsilçisinə ünvanlanan suallar əsasən viza qanunvericiliyi, Azərbaycanda daimi yaşayış icazəsinin alınması, viza qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan cərimə və cəzalar, eləcə də xaricdən işçi qüvvəsinin gətirilməsinə aid olub.

PAYLAŞ