Tramp “MoneyGram”in çinlilərə satışını blokladı

0
651

ABŞ hökumət komissiyası “MoneyGram” pul köçürmələri sisteminin çinlilərə satışına icazə verməyib.

Lent.az-ın “Euronews”a istinadən verdiyi xəbərə görə, “MoneyGram”i Çinin “Alibaba” ticarət platformasının törəmə şirkəti “Ant Financial” əldə etmək istəyirdi. Lakin ABŞ hökuməti bu barədə razılaşmanı bloklayıb. Səbəb ölkənin milli təhlükəsizlik maraqlarıdır.

“Alibaba”nın sahibi Cek Ma “MoneyGram” üçün 1,2 milyard dollar təklif etmişdi və ABŞ şirkətinin Direktorlar Şurası ilə səhmdarları bu təklifə müsbət cavab vermişdi.

Qeyd edək ki, prezident Donald Tramp dəfələrlə Çini ABŞ-la qarşılıqlı ticarətdə ədalətsiz davranmaqda günahlandırıb. ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Çin Rusiya ilə birlikdə ABŞ-ın qlobal liderliyinə və dəyərlərinə qarşı təftişçi yanaşmaqda ittiham olunur. Strategiyada Çin dövlətinə qarşı ABŞ-ın intellektual mülkiyyətini, texnoloji sirlərini oğurlamaq ittihamı da yönəldilib.