Superkompüterlərə 1 milyard avro vəsait ayırılır

0
1088

Avropa Birliyi (AB) superkompüterlərin hazırlanmasında Çin, ABŞ, Yaponiya kimi ölkələrlə rəqabət aparmaq üçün bu sahəyə 1 milyard avro vəsait ayırmağa hazırlaşır.

2020-ci ilə qədər Avropa saniyədə yüz kvadrilyon hesablamalar yerinə yetirən iki superkompüter, həmçinin saniyədə onlarla kvadrilyon hesablama aparan ən az iki sürətli kompüter ala bilər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bununla yanaşı, AB saniyədə kvintilyon əməliyyat aparmaq imkanına malik yeni nəsil kompüter əldə etməyi planlaşdırır.

Bu layihə Avropaya gələcəkdə rəqəmsal iqtisadiyyat bazarında müstəqil və rəqabətədavamlı olmağa imkan verəcək.

AB-nin idarəedici strukturu layihəyə 486 milyon avro ayıracaq. Qalan vəsaitin isə Avropa Birliyinin layihədə iştirak etmək istəyən ölkələrinin və “əlaqəli dövlətlər”in cəlb olunması yolu ilə toplanması planlaşdırılır.

Artıq 13 ölkə layihədə iştirak etmək arzusunu ifadə ediblər: Fransa, Almaniya, Lüksemburq, Niderland, Yunanıstan, İtaliya, İspaniya, İsveçrə, Portuqaliya, Sloveniya, Xorvatiya, Belçika, Bolqarıstan.

Qeyd edək ki, Avropa ABŞ, Yaponiya və Çindən superkompüter istehsalında xeyli geri qalır. Bir çox Avropa şirkətləri və dövlət agentlikləri Avropa qitəsi xaricində yerləşdirilmiş superkompüterlərin hesablama gücünü kirayələmək məcburiyyətindədirlər. Bu isə, öz növbəsində konfidensial informasiyanın oğurlanması riskini əhəmiyyətli dərəcədə artırır.