Əsas səhifə Müsahibə Şirniyyat sevən qızın şirin biznesi

Şirniyyat sevən qızın şirin biznesi

1005
Paylaş

Nəzifə Cəfərova: “Bazarda fərqli ab-hava yarada biləcək ideyalarım var”

Şirniyyat yeməyi sevir, amma bişirməyə də həvəsi çoxdur. 4-cü sinifdən başlayaraq artıq evdəkilər şirniyyat bişirməyə icazə verirlər, o da yavaş-yavaş bu qabiliyyətini üzə çıxarır. Amma sadəcə, hobbi kimi məşğul olduğu işin gələcəkdə onun üçün biznesə çevriləcəyini heç düşünməyib. Müsahibimiz sevdiyi peçenye və keksləri hazırlayıb, gözəl dekorasiyada təqdim etməklə, öz biznesini quran gənc xanım Nəzifə Cəfərovadır. O, iki ildir ki, öz şirniyyatlarını «Nezz Sweet’s” adı altında müştərilərə təqdim edir.

1997-ci ildə Bakı şəhərində anadan olan N.Cəfərova Bakı Texniki Kollecində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alıb. Lakin sonra bu istiqamətdə yaxşı iş tapa bilmədiyi üçün hobbi olaraq şirniyyat sahəsinə gəlir, zamanla bu iş biznesə çevrilir: «Uşaq vaxtımdan şirniyyat yeməyi çox sevirdim, sonra yavaş-yavaş bişirməyə də başladım. Yemək və bişirmək sevgimlə yanaşı, bu iş mənim əsəblərimi də sakitləşdirir. Kolleci bitirəndən sonra istədiyim işlərdən «hə” cavabı almadığım üçün vaxtımı səmərəli keçirmək üçün hobbi olaraq şirniyyat sahəsində nəsə etmək istədim. «Biznesim olsun, pul qazanım” kimi məqsədlə bu yola çıxmamışam. Hobbi olaraq başlasam da, bir də baxdım ki, normal biznesə çevrilib”.

«Sifariş bir tərəfə, maraqlanan belə olmamışdı”

«İnstaqram”da səhifə açıb, işə başlasa da, ilk iki ay nəinki sifariş edən, heç maraqlanan da olmur. Amma sonra hər şey dəyişir: «Oktyabr ayında başladım, dekabra kimi sifarişim olmayıb. Sifariş bir tərəfə, maraqlanan belə olmamışdı. Məqsəd biznes qurmaq, pul qazanmaq olmadığı üçün səhifəni eləcə saxlayırdım, məndən heç nə getmirdi. Buna görə ilk vaxtlar qazanc olmadı. Sifarişlər başlayandan sonra gəlir də oldu. Lakin mən hobbi kimi yanaşdığım üçün maliyyə tərəfini heç düşünmürdüm, gördüyüm işdən gəlirimin olub-olmayacağı haqda düşünmürdüm. Bir az məsuliyyətsizlik edirdim, amma o məsuliyyətsizlik olmasaydı, işimi bu yerə qədər gətirib çıxara bilməzdim. Bəlkə də hesablayıb gəlirim olmadığını görsəydim, davam etməyə də bilərdim”.

«Hər kəs çeşidin az olduğunu deyir, amma…”

İlk vaxtlar hər bir işi görmək üçün bütün yük öz üzərin düşür ki, buna görə də bir az çətinliklə də üzləşirsən: «İlk vaxtlar çatdıra bilmirdim, tək işləyirdim və çox yorulurdum. O qədər yorğunluğun qarşılığında isə qazanmırdım. Gəlir yalnız xərci qarşılayacaq qədər idi. İndi də şirniyyatları tək özüm hazırlayıram, amma çatdırılma işini kuryer görür. Əvvəl çatdırılmanı da özüm edirdim. Valideynlərimin mənəvi dəstəyini heç cür ödəyə bilmərəm. İşlər çox olanda, bişirmə prosesinə anam kömək edir. Çünki peçenyelərin müəyyən qədər gözləmə müddəti var. Hansı ki, bişiriləndən sonra müəyyən müddət gözləməli, sonra bəzənməlidir”.

Ancaq keks və peçenyelər hazırlayır. Deyir ki, işə təkcə peçenyelərlə başlayıb, sonra keksləri də əlavə edib: «Hər kəs çeşidin az olduğunu deyir. Amma artırmaq kimi bir fikrim yoxdur. Səbəb isə odur ki, mən bu bazarda olanların hamısından seçildiyimi düşünürəm. Fərqlənməyə də çalışıram. Hər bayram xüsusi günlər üçün fərqli tərzdə qutular hazırlayıram. Qutu dizaynından tutmuş, rəng seçiminə kimi, üstündə xüsusi işləyirəm. Bu da «Nezz Sweet’s” fərqi deyək”.

«Səhv olan işlərində əsəbiləşəcəyin heç kəs yoxdur”

Nə qədər yorulsa da, özünü motivasiya etməyi də bacardığını deyir: «Əslində, yorulmağımın əsas səbəbinin nə olduğunu da bilmirəm. Yuxusuzluq da demək olar, əslində yatmağı da sevən biri deyiləm. Sadəcə, işlər çox olanda insan istirahət etmək istəyir, amma sən istirahət edə bilmirsən, onda sadə iş belə çətinləşir. Bürclərə inanmasam da, bəzən həqiqətən əkizlər bürcü olduğumu qəbul edirəm. İşlər çox olanda həqiqətən yorulanda, özümə əsəbiləşib «Nəzifə, dur işlərini gör” deyirəm. Ümumilikdə hiperaktiv birisiyəm deyə, enerjim çox olur, bitmədiyini də deyə bilərəm. Bəzən deyirəm ki, yaxşı ki hiperaktivliyim var, yoxsa bu qədər işin ardından danışmağa belə halım olmazdı (gülür)”.

Nəzifə öz işinin ağası olmağın yaxşı və pis tərəflərindən də danışdı: «Sözlə ifadə edilməyəcək dərəcədə gözəl bir hissdir. Həyatda ən gözəl şey bəlkə də, öz gəminin kapitanı olmaqdır. Amma pis tərəfini də deyim. Hansısa bir işin səhv gedəndə əsəbiləşə biləcəyin birisi olmur. Ya da belə deyim, səhv olan işlərində əsəbiləşəcəyin heç kəs yoxdur (gülür)”.

«Dad cəhətdən bir dəfə də olsun şikayət gəlməyib”

Təcrübə sayəsində insanlarla işləməyi öyrənən müsahibimiz bildirdi ki, bu cəhətdən özünü təkmilləşdirməyə çalışır: «Müştərilərlə işləmək asan deyil. Çünki hər xasiyyətdə insanla qarşılaşırsan. Bu, sənin yorğun, əsəbi vaxtına da düşür. Sevdiklərinlə olduğun, məşğul vaxtlarında yazırlar, zəng edirlər və sən mütləq həmişəki səmimiyyətində olmalısan. Nə qədər əsəbi olsan da, sakit danışmalısan. Qısası, insanlarla işləməyi az da olsa, öyrəndim. Amma bunun üçün bir çox yerlərdə də könüllü olmuşam. Çünki çox olmasa da, müəyyən qədər assosial birisi olmuşam. Amma özümü təkmilləşdirirəm”.

Müştərilərin kaprizinə gəlincə, Nəzifə bunları söylədi: «Dad cəhətdən bir dəfə də olsun şikayət gəlməyib. Amma tam əminliklə də hər kəsin sevdiyini deyə bilmərəm. Çünki zövqlər müxtəlifdir, «hər kəs hər şeyi sevəcək” deyə bir qanun yoxdur. Görünüş baxımından isə müştərinin göndərdiyi nümunənin tamamilə eynisi hazırlanır, buna görə hansısa narazılıqla qarşılaşmamışam. Amma əsas olaraq, çalışıram ki, sifarişdən çox, standart qutularla işləyim. Dizaynı mən seçib hazırlayıram və müştəri şəkillərə ətraflı baxıb sifariş edir”.

«Özümə komanda yığmağı planlaşdırıram”

Gələcəklə bağlı planları da var, işini böyütmək istəyir: «İndilik özüm çatdırıram. Onlayn olaraq işləri görürəm, hələ ki ofisə çox da ehtiyac hiss etmirəm. Amma uşaqlıqdan kafe açmaq arzum olun. Gələcəkdə kafe açsam belə, «Nezz Sweet’s”in fəaliyyətini dayandırmaq istəmərəm. Çünki bu mənə doğma bir fəaliyyətdir. Bunun bir brend halına gəlməyini çox istəyirəm. Bazarda fərqli ab-hava yarada biləcək ideyalarım var. Nə qədər reallaşdıra biləcəyim haqqında indidən nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək. Əgər alınsa, özümə komanda yığmağı planlaşdırıram. Yəqin ki, belə hal olsa, instaqram üzrə axtarış edib başqa adamlar da cəlb edəcəyəm. Ətrafımda sırf bu işi bacaran və yaxud həvəsi olan birisi yoxdur”.

İş böyüdükcə, təbii ki, idarə etmək qabiliyyəti də formalaşdırılmalıdır. Nəzifə deyir ki, bu cəhətdən atasından çox şey öyrənib: «İşi idarə etmək üçün bir növ liderlik bacarıqları lazımdı. Atamın işi ilə əlaqədar müəyyən qədər ondan öyrəndiklərim var. Həmçinin, bir çox tədbirlərdə könüllü olmuşam, vaxt tapdıqca bu tip təlimlərdə də iştirak edirəm”.

Əsas müştəriləri gənclər olan «Nezz Sweet’s”in təsisçisi deyir ki, öz brendindən ona kimsə hədiyyə verərsə, qəribə gələr: «Hədiyyələrə qarşı həssas biriyəm. Hər bir hədiyyə mənim üçün dəyərlidir. Həmişə demişəm ki, əsas verilən hədiyyə deyil, diqqətdir, yəni əsas özəl hissi çatdırmaqdır. Nə aldığının önəmi yoxdur, belə, öz «cupcake”lərimdən hədiyyə gəlsə, hər halda qəribə olaram. Çünki özümə nəyisə hazırlamağım qəribə gəlir. Amma yenə də maraqlı situasiya olar. Nə vaxtsa belə bir hal olsa, yəqin ki, kimsə güldürmək üçün edər”.

kaspi.az

Paylaş