Sahibkarlar tərəfindən aparılan maliyyə əməliyyatlarının tamamilə nağdsızlaşdırılması nəzərdə tutulub

0
761

Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün hazırlanmış müvafiq Dövlət Proqramının əsas məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan tranzaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsidir.

Bizplus.az vergiler.az saytına istinadla bildirir ki, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, eləcə də bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılması gözlənilir.

Sözügedən proqram çərçivəsində rəqəmsal iqtisadiyyata keçidlə bağlı infrastrukturun gücləndirilməsi, effektiv tənzimləmə metodlarının tətbiqi, ödəniş sistemlərinin texniki inkişafı, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanın artırılması nəzərdə tutulur.

Qeyd olunub ki, əsas prioritetlər sırasında sahibkarlıq subyektləri tərəfindən aparılan maliyyə əməliyyatlarının tamamilə nağdsızlaşdırılması, rəqəmsal ödənişlər üçün komisyon haqların ödənişində güzəştlərin müəyyənləşdirilməsi də yer alıb.

Bu hədəflərə nail olmaq üçün internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100 faiz səviyyəsinə qaldırılması, POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30 faizə, 2025-ci ilədək 50 faizə, 2025-ci ildən sonra isə 80 faizə çatdırılması planlaşdırılıb.