Əsas səhifə İş qadını Sahibkar Qadınlar Assosiasiyası xanım sahibkarlara xarici iqtisadi əlaqələr qurmağa imkanlar yaradacaq

Sahibkar Qadınlar Assosiasiyası xanım sahibkarlara xarici iqtisadi əlaqələr qurmağa imkanlar yaradacaq

47
PAYLAŞ

Bu yaxınlarda təsis edilmiş Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin növbəti uğurlu nəticələrindən biridir. Assosiasiyanın idarə heyətinin sədri Səkinə Babayeva qurumun planları barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

 – Səkinə xanım, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası hansı zərurətdən yarandı? Ölkəmizdə buna alternativ qurumlar varmı?

– Belə bir assosiasiyanın yaradılması zərurəti sahibkar qadınların dövlət başçısının və dövlət qurumlarının nümayəndələri ilə görüşləri zamanı yaranan suallardan irəli gəldi. Bu qənaətə gəldik ki, iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi üçün belə bir assosiasiyanın yaradılması vacibdir. İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstək alandan sonra bu qurum yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn tapşırıqlara əsasən qadın sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi baxımından düşünürəm ki, bu assosiasiyanın böyük rolu olacaq.

Onu da deyim ki, iqtisadiyyatın inkişafı üçün artıq bir neçə assosiasiya yaradılıb. Məsələn, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Balçılar Assosiasiyası, Fındıqçılar Assosiasiyası, Şərabçılar Assosiasiyası yaradılıb. Lakin Sahibkar Qadınlar Assosiasiyasının yaradılmasına aidiyyəti məsələlərin daha konkret müstəvidə həlli baxımından ölkəmizdə ehtiyac var idi.

– Assosiasiyanın nizamnaməsi hazırdımı?

– Nizamnamə bu yaxınlarda hazır olacaq. Bir ay müddətində qeydiyyatdan keçəcəyik. Nizamnamə layihəsində, ilk növbədə, qadın sahibkarlar üçün imkanların yaradılması, müvafiq sahənin məhsullarının və ya xidmətlərin mediada reklam etdirilməsi, onlayn satışların, “Facebook” səhifəsinin yaradılması nəzərdə tutulur. Habelə qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı regionlarda təlim və tədrisin genişləndirilməsində, xarici ölkələrdə Sahibkar Qadınlar Assosiasiyasının xətti ilə xanım sahibkarların iqtisadi əlaqələr qurmasında bu qurumun böyük imkanları olacaq.

– Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir? Onlar qeyri-neft sektorunun inkişafında nə kimi işlər görürlər?

– Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınların təhsil sahəsində xeyli nailiyyətləri var. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində assosiasiyamız müəyyən işlər görməyi planlaşdırır.

– Siz həm də “Bakı Tekstil Fabriki” MMC-yə rəhbərlik edirsiniz. Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində Sizin fabrikin məhsullarının nümayiş olunması fabrikin məhsullarının ixracına nə dərəcədə təsir edib?

– “Bakı Tekstil Fabriki” uzun illərdir ki, Azərbaycan iqtisadiyyatına töhfə verir. Bu, təkcə mənim deyil, bütün kollektivin nailiyyətidir. Kollektivimiz uğur qazanmağı öz qarşısına məqsəd kimi qoyub. Ən başlıcası odur ki, fabrikimizdə yeni üç istehsal sahəsi açılıb. Bu istehsal sahələrində 60 nəfərin işə götürülməsi nəticəsində ümumi məcmu məhsul olaraq 200 min manatlıq yeni məhsul artımı müşahidə olunub. Son zamanlar bizə verilən sifarişlər, eyni zamanda, ölkələrarası sazişlər nəticəsində çeşidlərimizi artırmaq və 500 min manat məbləğində aylıq məhsul ixrac etmək məqsədilə müqavilələr imzalamışıq. Minskdəki Ticarət Evində olan məhsullarımızın çeşidlərinə görə 4 növ məhsul üzrə bizə sifarişlər daxil olub. Yaxın günlərdə bu sifarişlər əsasında müqavilə imzalayıb işə başlayacağıq.

PAYLAŞ