Əsas səhifə Biz+ “İmkanı olanlar isə mütləq özlərini sahibkar kimi yoxlamalıdırlar”

“İmkanı olanlar isə mütləq özlərini sahibkar kimi yoxlamalıdırlar”

1527
PAYLAŞ

Müsahibimiz “Grand Bazaar” oyununun müəllifi Sənan Mahmudovdur. Grand bazaar Azərbaycanın ilk yerli masaüstü oyunudur və hazırda dünyanın 70-dən çox ölkəsində mövcuddur.

senan mahmudov

 

-Salam Sənan bəy, xoş gördük. İlk öncə müsahibə vermək təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Lütfən bizə özünüz haqqında qısa məlumat verin. İşinizi qurmazdan əvvəl nələr edirdiniz, təhsiliniz, təcrübəniz hansı sahədədir?

-Salam, çox sağ olun, mən də sizə təşəkkür edirəm. Özüm neft kimyası üzrə magistr pilləsini bitirsəm də, bu sahədə işləməmişəm. Karyeramın son 5 ili bank sahəsində keçib. Mərkəzi Bankda baş mütəxəssis vəzifəsində başlamışam və son 2 il yarımı isə, özəl bankların birində, Marketinq və kommunikasiyalar departamentinin direktoru olaraq işləmişəm. Son bir ili isə, rəsmi şəkildə oyun biznesinə həsr etmişəm.

-İndi hansı fəaliyyətlə məşğul olursunuz?

-Hal-hazırda, oyun sahəsində fəaliyyət göstərən “Fibonacci” şirkətinin təsisçisiyəm və özüm də idarə edirəm. Şirkət masaüstü və mobil oyunların hazırlanması, gamification (oyunfikasiya) layihələrinin, biznes-simulyasiyaların hazırlanması və oyun turnirləri və çempionatlarının keçirilməsi ilə məşğuldur. Fəaliyyət həm B2C, həm də B2B istiqamətlərindədir. Oyunfikasiya və simulyasiyalar yerli bazar üçün yeni istiqamətdir və bu günə kimi gördüyümüz layihələr hələ ki, rəğbətlə qarşılanıb, gördüyümüz işlər tədricən şirkətlərin marağına səbəb olur. Düşünürəm ki, bu istiqamətdə də uğur qazanacağıq.

-“Grand Bazaar” oyunu necə yarandı?

Mən özüm oyun oynamağı sevirəm. Şəxsi kolleksiyamda artıq 150-dən artıq oyun var. Mütəmadi olaraq dostlarımla, çevrəmlə oynayırıq. Bu maraq bir müddət sonra hobbiyə, daha sonra isə böyük zövq aldığım işə çevrildi. İlk öncə, təbii ki, ideya və mexanika ağlıma gəldi. Üzərində işlədikdən sonra mövzunu düşündüm və oyunun adının “Grand Bazaar” olmasına qərar verdim. Bu oyun üçün Fransadan oyun sahəsində məşhur illustrator Aleksandr Roş ilə əlaqə saxladım və oyunun illüstrasiyaları hazır olduqdan sonra çapa verdim. Deyilənə görə, yaxşı alınıb (gülür). Oynayanları az deyil, sevən sadiq fanatları da var.

-Başqa oyunlar yaratmısınızmı və ya yaratmaq fikriniz varmı, xahiş edirik ətraflı cavab verəsiniz?

Bəli, hələ işıq üzü görməyən 30-a yaxın oyunum var, lakin, hal-hazırda 2 oyun üzərində işləyirəm. Bunlar qarşıdan gələn 1-2 ay ərzində işıq üzü görəcəklər. Bir oyunum “BEEctionary” adlı oyundur. Bu oyun Azərbaycan, rus, ingilis, türk, alman, ispan, portuqal, fransız, niderland, ərəb, italyan və fars dillərində nəşr ediləcək. Bunun səbəbi isə çox sadədir – masaüstü oyunlar xarici ölkələrdə populyardılar və hədəf kütlə olaraq da qeyd etdiyim dillərdə danışan oyun sevənləri nəzərdə tutmuşam. Oyunun multifunksional olması da, bir üstün cəhətdir. Belə ki, bir çox ailələrdə evdə bir neçə dildə danışırlar. Məsələn, Azərbaycanda Azərbaycan və rus, Almaniyada alman və türk, ABŞ-da ingilis və ispan, Kanadada ingilis və fransız dillərdə danışan çoxdilli ailələr var. Bir qutuda bir neçə dilin olması oyunu qiymət baxımından cəlbedici edir. Oyunun əsas məqsədi yalnız bir hərf yerləşdirərək bir əvvəlki oyunçudan daha uzun söz yaratmaqdır. Oyunçu xalları yalnız ən uzun sözü yaratdıqda və heç kəsin həmin sözdən uzun söz düzəldə bilmədiyində qazanır. Oyunda istifadə olunan fiqurlar da düzgün heksaqon (altıbucaq) olduğu üçün fantaziya və kreativlik üçün böyük zəmin yaranır. Bu da oyunu əyləncəli, maraqlı və maarifləndirici, qələbəni isə bal kimi şirin edir. Elə ona görə də oyunun adı bee (arı) və dictionary (lüğət) sözlərindən yaranmış “BEEctionary” adını daşıyır. Bunun başlıca səbəblərindən biri də xarici bazarları hədəf aldığım üçün belədir. Bir müddət sonra da “BEEctionary” oyununu mobil telefonlar üçün hazırlamağı planlayırıq. Bu yaxınlarda oyunun presell kampaniyası da başlayacaq. Bu kampaniya çərçivəsində oyunu artıq Çində çapda olduğu müddətdə əldə edə biləcəksiniz. Kampaniyanın üstün cəhəti odur ki, oyun daha ucuz qiymətə təqdim ediləcək və çatdırılma pulsuz olacaq. Mütləq yararlanmağınızı tövsiyyə edərdim.
İkinci oyunum isə, çox sadə, eyni zamanda da, çox maraqlı kart oyunudur. Əsas məqsəd, müxtəlif sayda olan kartları, düzgün kombinasiyalar qurmaqla, rəqiblərdən tez əlinizə yığmaq və bunun müqabilində, müvafiq şəhərləri əldə etməkdir. Oyun cəlbedicidir, bir oyunu 2 nəfərdən 6 nəfərə kimi oyunçu oynaya bilər və sürətlidir. Bir oyun təqribi olaraq 15-20 dəqiqə çəkir, bu da bir gecədə 6-7 oyun oynamaq imkanı yaradır. Gələcəkdə, oyunun əlavələri də buraxılacaq.

-Sizcə, iş həyatınızda qazandığınız ən böyük uğur nədir?

Mən əslində hər dəfə qeyd edirəm, hələ ki, özümü uğur qazanmış hesab etmirəm. Fikrimcə, əsl uğur oyunlarımın tirajı 50-100 min qutunu keçəndə nəsə demək olar, lakin, bununla yanaşı, fəxrlə qeyd edə bilərəm ki, “Fibonacci” şirkəti 1 nəfərdən ibarət olsa da, “Grand Bazaar” oyunu dünyanın 70-dən çox ölkəsində var. Təbii ki, bu, qürurverici göstəricidir. Daha maraqlı bir məqamı da uğur kimi qiymətləndirmək olar. Bu da, Rusiyadan oyunlarıma marağın olmasıdır. Belə ki, yerli bazarda investor tapa bilmədiyim üçün, tələbə vaxtı əldə etdiyim dostlar sayəsində, yeni oyunlarımın işıq görməsi ilə bağlı, xarici investorlardan əməkdaşlıq və maddi dəstək təklifi almışam. Hədəfimiz Rusiyada, MDB ölkələrində, Yaxın Şərqdə və Şərqi Avropada mövcud bazar potensialı və imkanlarından maksimum faydalanmaqdır.

-Bəxtə inanırsınızmı, yoxsa, uğur qazanmaq üçün çox çalışmaq lazımdır?

-Yox, mən bəxtə inanmıram, lakin təbiətdə bir balansın olduğunu düşünürəm. Uğur bilik, yeniliyə hazır olmaq, risk etmək, sonuna qədər getmək, düzgün bazar seçərək hədəf kütləyə istədikləri məhsulu təklif etmək, qiymət və keyfiyyət baxımından rəqiblərdən üstün olmaq kimi amillərlə yanaşı bilmədiyimiz digər amillərə də dayanır. Əsas odur ki, ətrafınızda sizə inanan və dəstək olan insanlar olsun.

-Uğursuz olduğunuz və ya mən bu işi bacarmaram dediyiniz vaxt olub mu? Bu zaman özünüzü necə motivasiya etmisiniz?

Hələ ki, elə bir fikir və ya istək olmayıb. Ümid edirəm ki, olmaz da. Mənim üçün motivasiya gördüyüm işdən zövq almağım və uğura inanmağımdır. Əgər, əllərimi sallayıb boş oturmasam, daha çox çalışsam, gec-tez uğur qazanacam. Məncə, bu hər kəs üçün belədir. Təbii ki, sizdən asılı olmayan süni maneələrlə qarşı-qarşıya gəlməli olmasanız.

-Sizcə nə zaman risk etmək lazımdır?

-Mən rəqəmləri sevən adamam, ona görə düşünürəm ki, əgər əldə edə biləcəkləriniz itirə biləcəklərinizdən çoxdursa, o zaman risk etməyə dəyər.

-Öz işini qurmaq istəyən bir çox gənclərimiz var, onlara hansı məsləhətləri görərdiniz?

-Əgər qorxmurlarsa, özlərində əminlik hiss edirlərsə, elə bu gün başlasınlar. İmkanı olanlar isə mütləq özlərini sahibkar kimi yoxlamalıdırlar. Məncə, belə sahibkarlıq fəaliyyəti onlara təhsil ocaqlarında öyrəndikləri bilikləri tətbiq etməyə imkan yaradacaq. Həmçinin, tədris dövründə öyrədilməsi çox çətin olan, yalnız proses zamanı öyrənilən təcrübi qabiliyyətləri əldə etmiş olacaqlar. Əgər imkan varsa, belə həyat təcrübəsinə investisiya etmək lazımdır.

-Bizə vaxt ayırdığınız üçün təşəkkürümüzü bildiririk.