Əsas səhifə İş qadını Rusiyanın ən varlı qadını: Ərinə borş bişirir, “Forbes”ə qadağa qoyur

Rusiyanın ən varlı qadını: Ərinə borş bişirir, “Forbes”ə qadağa qoyur

1317
PAYLAŞ

O, Rusiyanın ən varlı iş qadını hesab edilir. 1,1 milyard dollar sərvəti var. Çar 1 Nikolayın dövrünə aid farfor kolleksioneri olan bu qadın eyni zamanda 1907-ci il istehsallı Darracq Double-Phaeton avtomobilində gəzmək şansına sahibdir. Söhbət bir zamanlar Moskvada ondan icazəsiz quş da uçmayan Yelena Baturinadan gedir.

Atası alkaqolik imiş

Yelena Baturina 1963-cü ildə Moskvada anadan olub. Bəzi mənbələrdə onun doğum tarixi kimi 1966-cı il göstərilir. Baturinanın valideynləri “Frezer” zavodunun işçisi olublar. Belə ki, anası dəzgahın arxasında dayanan adi fəhlə, atası çilingər imiş. İddialara görə, hazırda Rusiyanın ən varlı qadını olan Baturinanın atası alkaqolik olub. Bu səbəbdən də Yelenanın orqanizmi uşaqlığında çox zəif imiş. O tez-tez xəstələnir, hətta həkimlər ağ ciyərində problem diaqnozu belə qoyublarmış. Əbəs deyil ki, bütün keyfiyyətləri ilə əks cinsə bənzəyən Y.Baturina heç vaxt siqaret çəkməyib. Uşaqlıqdan qalan zəifliyi dəf etmək üçün daim idmanla məşğul olub.

Zavodda fəhlə işləyir

Orta məktəbi bitirdikdən sonra valideynləri kimi “Frezer” zavodunda fəhlə işləyir. Özünün müsahibələrinə görə, həftənin hər günü 9 saat işləyirmiş. Bu arada Baturina fəhləliklə paralel həm də universitetdə gecə şöbəsində təhsil alırmış. 1982-1989-cu ildə İqtisadi problemlər, iqtisadiyyatın inteqrasiyası İnstitutunun elmi əməkdaşı olur. Həmin dövrdə gələcək əri Yuri Lujkov da orada işləyir. Maraqlıdır ki, gələcək ər-arvad o vaxtdan tanış olsalar da, ikisi də işdə sevgi macərası yaşamadıqlarını iddia edirlər. Yeri gəlmişkən, Lujkov o zaman evli idi.

Baturina və Yuri Lujkov, böyük biznes

Moskvanın sabiq meri Yuri Lujkov Yelena Baturina ilə tanış olduğu zaman SSRİ Kimya Sənayesi nazirinin müavininin qızı Marina Başilova ilə evli idi. Məhz onun sayəsində Yuri Lujkov qabağa gedə bilmişdi. Lakin Yelena ilə tanışlıqlarından bir neçə il sonra -1989-cu ildə Marina vəfat edir. 1991-ci ildə Lujkov Baturina ilə evlənir. Həmin vaxt Baturina artıq iş qadını idi. Belə ki, 1991-ci ildə o, qardaşı Viktorla “İnteko” koorporativini qurmuşdu. Müəssisə ilk vaxtlar polimer məhsullarının istehsalını həyata keçirirdi.1992-ci ildə Lujkovun Moskva şəhərinin meri seçilməsi ilə “İnteko”nun “fəaliyyətində dönüş” baş verir. Müəssisə sənayenin bütün sahələrində faəliyyətə başlayır. Əvvəlcə plastik məhsullar istehsal edir. Tez bir zamanda plastik məhsul istehsalında Rusiya bazarında üçüncü olur. 2001-ci ildə investisiya-tikinti korporasiyasına çevrilir. Panel tikintisi bazarının təxminən dörddə birinə nəzarəti ələ keçirir. 2002-ci ilin ortalarında Y.Baturina ölkədəki bütün sement istehsalı müəssisələrini də özününküləşdirir. Onun şirkəti ölkənin ən böyük sement təchizatçısı funksiyasını yerinə yetirir. 2003-cü ildə “İnteko” öz bondlarını buraxacağını açıqlayır. Həmin vaxt bəlli olur ki, Baturina şirkətin səhmlərinin 99, qardaşı 1 faizinə sahibdir.

Merin həyat yoldaşı sənaye sektoru ilə yanaşı, bank, daşınmaz əmlak sektorlarına da əl atır. Onun bankları, Moskvanın mərkəzində, ətrafında böyük torpaq sahələri yaranır.

2006-cı ildə qardaşı Viktor rəsmi şəkildə şirkətdən getdiyini bəyan edir. Yelena onun səhm payını alır. Özü də dəyər-dəyməzə. Nəticədə peşiman olan Viktor 2007-ci ildə hüquqlarını tələb edir və şirkətdəki payını geri qaytarmağa çalışır. Məhkəməyə müraciət edir, mətbuatda Lujkov ailəsini biabır etməyə başlayır. Açıq şəkildə bildirir ki, Y.Baturina əri ilə ortaq şəkildə korrupsiya ilə məşğul olub, büdcə pullarını talayıb və onun şirkətdəki payını əlindən alıb. Yelena buna cavabsız qalmır, bəyanat yayır. Bəyanatda deyilir ki, qardaşı şirkətdən vəsaitləri taladığı üçün qovulub və hazırkı davranışı hədə, şantaj yolu ilə pul qoparmaq cəhdidir. “Qeyd etmək lazımdır ki, Viktor Baturinin ”İnteko”dan qovulmasının səbəbi onun pulları talaması ilə bağlıdır, bu hərəkət oğurluqdan başqa bir şey deyil. Bu əməlləri üzə çıxanda Viktor izahat verə bilmədi və istefaya getdiyini açıqladı. Onun indiki davranışı isə şantaj yolu ilə pul qoparmaq cəhdidir və alçaqlıqdır. Nəzərə çatdıraq ki, məhkəmə Viktorun şikayətini təmin etmir.

Lujkov merlikdən gedir

2010-cu ilin sentyabrının 28-də prezident Dmitri Medvedevin fərmanı ilə Yuri Lujkov Moskva meri vəzifəsindən çıxarılır. Bunun ardınca KİV-də onun əleyhinə informasiya kampaniyasına start verilir. Baturinanın şirkətlərində yoxlamalara başlanılır. Korrupsiyada günahlandırlan ailə ölkəni tərk etmək məcbutiyyətində qalır və Böyük Britaniyaya sığınırlar.

“İnteko” şirkəti isə bazardakı manapolist mövqeyini tədricən itirir. Nəhayət 2011-ci ildə Y.Baturina “İnteko” şirkətinin investisiya bölümünü (sement istehsalını Baturina əlində saxlayır) satmağı qərara alır. İş adamı Mixail Şişixanovla danışıqlara başlayır. Alqı-satqı əməliyyatının dəyəri 1,2 milyard dollar qiymətləndirilsə də, borclar səbəbindən Baturinaya 200 milyon dollar çatır. Növbəti mərhələdə sement istehsalı sahəsindəki müəssisələrini satışa çıxaran biznes ledi bu dəfə də iş adamı Lev Kvetnoyla Verxnebakanskiy sement zavodunun satışına dair 17 miyard rubl dəyərində sənəd imzalayır.

Rusiyadakı bizneslərinin yarısını satan Y.Baturina ölkədən kənarda yaşamağa başlayır. Eyni zamanda, 2009-cu ildən investisiya yatırmağa başladığı hotel biznesini genişləndirir. Xatırladaq ki, Baturina 2009-cu ildə Avstriyada “Grand Tirolia” adlı hotelin tikintisini aparmışdı. Layihəyə 40 milyon avro xərcləmişdi. 2010-cu ildə Sankt-Peterburqda “Novıy Peterqrof” mehmanxanasını açır. Nəhayət 2012-ci ildə Çexiyada rekonstruksiyadan sonra Quisisana Palace kiçik-hotelini istismara verir. 2013-cü ildə Dublində “Morrison” hotelini istifadəyə verir. Hoteli 22 milyon avroya satın alan Baturina rekonstruksiyaya 7 milyon avro xərcləyir. 2016-cı ildə o, Bruklinin mərkəzində 10 milyon dollara ofis binasını satın alır.

Baturinanın sərvəti

“Forbes” yazır ki, Baturinanın nağd sərvətinin mənbəyi “İnteko” şirkətinin satışından əldə olunub. Amma buna baxmayaraq, onun adı illərdir jurnalın səhfələrindən düşmür. 2010-cu ildə “Forbes” Yelenanı 2,9 milyard dollar sərvəti ilə dünyanın ən varlı qadınlarının siyahısında üçüncü sırada göstərib. 2011-ci ildə Yelena Rusiyanın ən varlı biznes adamlarının siyahısında 77-ci sırada yer alıb. 2012-ci ildə 86-cı, 2013-cü ildə isə 98-cı sırada olub. “Forbes”in dəyərləndirməsinə əsasən, Yelena 2016-cı il üzrə Rusiyanın ən varlı iş qadınıdır. Keçmiş merin həyat yoldaşının adı Böyük Britaniyanın iş adamlarının siyahısında da yer alır.

Bu arada qeyd edək ki, “Forbes” merin arvadının sərvətindən yazdığına görə, 2006-cı ildə jurnalın Moskvada yayımı dayandırılmışdı. Ümumiyyətlə, sənaye sektorundakı sahibkarları sıxışdırmasına, monopolist mövqeyinə rəğmən, Y.Baturina haqqında məlumatlar mətbuatda Rusiyadan çıxdaş edilmələrindən sonra geniş şəkildə yer alıb.

Mer arvadının kolleksiyası

Yelena Baturina istehsalı Çar İmperiyasına məxsus farfor zavodunun bahalı əşyalarına sahibdir. 2011-ci ildə o, kolleksiyasının yarısını farfor muzeyinə hədiyyə edib. Bundan əlavə onda rəssam Frensis Bekonun bahalı tablosu var. Y.Baturina həm də klassik avtomobil kolleksioneridir. Onun kolleksiyasında 50 avtomobil var. Buraya 1907-ci ilə aid Darracq Double-Phaeton və 1936-cı ilə aid Lagonda LG45 daxildir.

Şəxsi həyatı

Baturina Yuri Lujkovla çoxdan tanış olsa da, 1991-ci ildə evləniblər. 1992-ci ildə onların qızları Elena, 1994-cü ildə isə Olqa dünyaya gəlib. Nəzərə çatdıraq ki, Y.Lujkovun mer olduğu zamanda qızları Moskva Dövlət Universitetində təhsil alırdılar. Mer vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ailə Londona köçdü. Qızların təhsil müəssisəsi dəyişdirildi. Onu da bildirək ki, Y.Lujkov və Y.Baturina 25 ildən sonra – 2016-cı ilin yanvarında kilsədə nikah təzələyiblər. Keçmiş merin ən sevimli yeməyi həyat yoldaşının hazırladığı borşdur/publika.az

PAYLAŞ