Əsas səhifə Maraqlı Rotşildlərin tarixi: Napoleondan necə istifadə etdilər?

Rotşildlərin tarixi: Napoleondan necə istifadə etdilər?

1539
PAYLAŞ

Rothschild sülaləsi və ya Rothschild olaraq bilinən bu ailə 18-ci əsrin sonlarından başlayaraq Avropanın müxtəlif mərkəzlərində banklar quran Alman mənşəli yəhudi bir ailədir.

Jacob Rotşild

Ailənin Avropada ilk dəfə tanınması 1744-cü ildə Moses Rotschildin oğlu Mayer Rotschildin valyuta ticarəti etməsiylə başladı. Yəhudi gettosunda doğulan Mayer bir maliyyə təşkilatı yaratdı və 5 oğlunu da işlərin böyüməsi üçün Avropanın digər ölkələrinə göndərdi.Bu sayədə tarixin ən zəngin ailələrindən biri olmaqlarının təməlini qoydu.

Rotşild nəslinin ən önəmli şüarı belə idi: “Məlumata sahib olan dünyaya sahibdir”. Bu şüarı gerçəkləşdirmək üçün Rotşildlər bütün Avropada ən sürətli kuryer şəbəkəsini yaratmışdı. Onların kuryerləri məlumatı, hətta dövlət kuryerlərindən belə tez çatdırırdılar.

1815-ci ildə Napoleon Vaterloda öz sonuncu döyüşünü keçirir. O, döyüşdə məğlub olaraq İngiltərəni Avropanın birinci ölkəsinə Rotşildləri isə Avropanın bir nömrəli bankirlərinə çevirir.

Napoleonun məğlubiyyəti İngiltərə istiqrazlarının qiymətini görülməyən məbləğə çatdıracaqdı. Onun döyüşdə qalibiyyəti isə əksinə – dövlət istiqrazlarının qiymətlərini aşağı salacaqdı.

Rotşildlər Napoleondan necə istifadə etdi?

Biznesmenlər üçün burda əsas məsələ məlumatı birinci əldə etmək idi. Napoleonun məğlubiyyətini Rotşildlər, qurduğu ən sürətli kuryer şəbəkəsinə görə birinci öyrənirlər. Bunu biləndən sonra Natan Rotşild London birjasında öz əlində olan qiymətli kağızları satmağa başlayır. Birjadakı oyunçular Rotşildin bu hərəkətini görüb Napoleonun qələbə qazandığını yəqin edib, əllərində olan qiymətli kağızları satmağa başladılar. Bunun nəticəsində bütün istiqrazların qiyməti iki dəfə düşdü, Rotşild başladı istiqrazları ən aşağı qiymətə topdan almağa. Birjaya Napoleonun uduzmaq xəbəri çatanda artıq gec idi, çünki Rotşild əlində demək olar ki bütün birjanın qiymətli kağızlarını toplamışdı. Napoleonun məğlubiyyəti həmin istiqrazların qiymətini 10 dəfə bahalaşdırdı və Natan Rotşild bu oyunun hesabına 40 milyon funt qazandı. Həmin dönəm üçün 40 milyon funt çox böyük məbləğ idi.

Napoleonun Avropa müharibələri zamanında Rotşild ailəsi üçün Avropada işləmək çətinləşdi. Ona görə onlar öz kapitallarının investisiyaları üçün alternativ yer axtarmalı idilər. Çox götür-qoydan sonra tapdılar – İngiltərə. Həmin dövrdə Napoleona görə İngiltərə kontinental blokadaya düşmüşdü, düşmən orduları İngiltərəyə keçəcək malları buraxmırdılar. İngiltərə dövlətinin problemini görən Rotşild qardaşlarından biri – Natan hakimiyyətə təklif verir. Təklif ondan ibarət idi ki, Napoleonun qoyduğu qadağaya baxmayaraq Rotşildlər ailəsi İngiltərəyə şərqdən lazım olan malları gətizdirəcək. Amma bu dövlət üçün iki dəfə bahaya başa gələcək. Qiymətlərin yüksək olmasına baxmayaraq İngiltərə hakimiyyəti Natan Rotşildin verdiyi təkliflə razılaşır.

Natan başqa Avropa ölkələrində olan qardaşların köməyi ilə qaçaqmalçılarla əlaqə qurur və şəbəkə yaradır. Həmin qaçaqmalçıların əli ilə Napoleonun ruhu duymadan İngiltərəyə şərq mallarını gətizdirib aldığı qiymətlərdən iki dəfə baha satır.

Qaçaq mallardan qazandığı pullarla Rotşildlərin İngiltərədəki bankı ölkənin və Avropanın ən böyük banklarından birinə çevrildi. Pulunun çoxaldığını görən Natan yaxşı həyat yaşamaq əvəzinə daha çox pul qazanmaq üçün başqa bir yola əl atmaq fikrinə gəlir. İngiltərənin Napaleonla döyüşlərdə iştirakına görə dövlətin qızıla böyük ehtiyacı olur. Bunu görən Natan Ost-İnd şirkətindən 800 min funtluq qızıl alır və bunu İngiltərəyə iki dəfə baha satır. Satılan qızıldan gələn başqa gəlir isə qızılı daşımaqdan gəlir. Həmin qızılı Avropanın qərbində Napoleonla döyüşən hersoq Velinqtona verməli idi. Bunu etmək üçün dövlətin imkanı olmadığından köməyə Rotşildlər gəlir.

Həmin vaxt artıq ailənin başçısı olan Natan 20 yaşlı Yakob-Ceymsi Fransaya göndərir. Fransanın paytaxtında özünə ev tutan Yakob, qardaşları ilə məktublaşmağa başlayır. Məktubların birində İngiltərədəki böyük qardaşı Natan ona öz problemlərindən yazır. Natan yazır ki, İngiltərə dövləti ona qızıllarını ölkədən çıxardıb İspaniyaya göndərməyə imkan vermir. Böyük qardaşın yazdığına görə İngiltərə dövləti qorxur ki, qızıllar ölkədən çıxsa İngiltərənin iqtisadiyyatı zəifləyə bilər. Əlbəttə ki, bu məktubdakılar hamısı Fransa hökuməti üçün bir oyun idi. Ailə üzvləri bilirdilər ki, Yakoba çatan və onun göndərdiyi bütün məktublar Fransa gizli polisi tərəfindən oxunur.

Onların apardığı məktub oyunu baş tutdu. Fransanın Maliyyə Nazirliyi bu oyuna inanaraq Yakoba həmin qızılları Fransadan keçirmək üçün dəstək verəcəyinə söz verir. Beləliklə ingilis qızılları Rotşildlərin adı, Fransa dövlətinin köməyi ilə İspaniyaya, ordan isə hersoq Vellinqtona çatdırılır. Fransa dövlətini aldadan Rotşildlər İngiltərə ordusunun bankirlərinə çevrilirlər.

Bu gün Rotşild nəslinin üzvləri bütün Avropada var. Onlar böyük banklara, istehsal şirkətlərinə, transmilli holdinqlərə sahib olsalar da Rotşild Mayer Amşelin vəsiyyətinə görə, ailə büdcəsi heç kimə açıqlanmır. 2010-cu ildə Baron Benjamin Rotşild bildirib ki, onlar hələ də ənənəvi kiçik ailə biznesi ilə məşğuldurlar. Baronun bu açıqlaması dünyada təəccüblə qarşılanıb. Çünki, iqtisadi ekspertlərin hesablamalarına görə, Rotşildlər dünyadakı briliantın 75 faizinə sahibdirlər. Əgər baronun dediyi kiçik ailə biznesi budursa, onun böyük biznes anlayışı nədir?

PAYLAŞ