Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladı

0
1085
qida təhlükəsizliyi agentliyi

Yanvarın 1-dən ölkədə daha bir agentlik – Qida Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyətə başlayıb. Agentlik “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Agentlik yeddi qurumun səlahiyyətini həyata keçirəcək 

Xatırladaq ki, indiyə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilirdi. Hansı ki, bura Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi (idxal zamanı) daxil idi. Lakin yeni yaradılan agentliyin əsasnaməsinə nəzər yetirsək, onların bu istiqamətdə səlahiyyətlərinin qüvvədən düşdüyü aydın olur.

Belə ki, agentliyin fəaliyyətinə qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmə – sanitariya norma və qaydaları, habelə gigiyena normativləri hazırlamaq və təsdiqini həyata keçirmək daxil edilib. O cümlədən qurum ölkədə istehsal edilən, idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alaraq reyestrini aparacaq.

Qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirəcək. Xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verəcək, gömrük orqanları ilə birlikdə ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirəcək. Bir sözlə, agentliyin fəaliyyət istiqamətlərindən belə aydın olur ki, qida sahəsində fəaliyyət göstərən biznes subyektləri əvvəlki kimi yeddi deyil, bir qapını döyəcəklər.

Vahid idarəetmənin tətbiqi istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına gətirib çıxaracaq.

Əhali zəhərlənməyəcək 

Bu arada, agentliyin vəzifələrinə təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarını dövriyyədən çıxarmaq, qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək daxildir.

Bunu nəzərə alaraq agentlik ixrac edilən qida məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsini təşkil edəcək. Belə ekspertizaların nəticələrinə uyğun olaraq, müəssisələrə təsdiqedici kod nömrələri, ixracatçılara qida təhlükəsizliyi sertifikatları veriləcək.

Həmin məhsulların istehsal və emal müəssisələrinin reyestri aparılacaq, qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərinin icrası həyata keçiriləcək.

Modifikasiya olunmuş məhsullar bazardan yığışdırılacaq 

meyvə

Ölkənin ərzaq bazarı genetik modifikasiya olunmuş məhsulların satış poliqonu olmayacaq. Agentlik genetik modifikasiya olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq. Habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirləri görəcək.

Qurum idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlayacaq.

Kiçik və orta sahibkarlar üçün normal şərait

vahid əhmədov

Milli Məclisin üzvü, deputat Vahid Əhmədovun sözlərinə görə, ərzaq təhlükəsizliyinə nəzarət mexanizmi yox idi:

“İstər bazarlarda, istər marketlərdə, eləcə də, ət dükanlarında qidanın keyfiyyətinə nəzarət bu agentlik tərəfindən həyata keçiriləcək”.

Azərbaycanda da sahibkarlıq subyektlərində yoxlamaları qadağan edən qanunun müddəti artırılarkən qida təhlükəsizliyi məqsədli yoxlamaların istisna edildiyini xatırladan deputat  qeyd edir ki, qida təhlükəsizliyi məsələsi ilə bağlı yoxlamaların bərpa olunmasının təşəbbüskarı ölkə prezidentidir:

“Yoxlamaların dayandırıldığı müddətdə ərzaq məhsullarının keyfiyyəti ilə bağlı şikayətlər həddindən artıq çoxaldı. Bizə də şikayətlər gəlirdi. Buna görə də cənab prezident yoxlamaların müddətini artıran qanunda bir dəyişiklik əlavə etdi: dərman preparatları və ərzaq məhsullarının keyfiyyətinə görə yoxlamalar aparılacaq”.

O ki qaldı agentliyin yaradılmasının qida sektorunda fəaliyyət göstərən sahibkarların işinə necə təsir edəcəyinə, V.Əhmədov bildirir ki, bundan sonra qida təhlükəsizliyi ilə bağlı bütün mərhələlər üzrə fəaliyyətlər bir mərkəzdə cəmləşəcək:

“Son zamanlar atılan addımlar Azərbaycanda kiçik və orta sahibkarlar üçün normal şərait yaratmaqdan ibarətdir. Sahibkar əvvəllər 6-7 quruma müraciət edirdisə, artıq qida məsələləri ilə bağlı bir quruma müraciət edəcək. Vergilər sisteminə tətbiq olunan “Bir pəncərə” sistemi qida sektorunda həyata keçiriləcək”.

Aptek şəbəkələrinin sayı azalacaq 

eyyub huseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, agentliyin fəaliyyəti ölkədə apteklərdə növbələri azaldacaq:

“Eləcə də, aptek şəbəkələrinin sayı azalacaq. Ölkədə qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. Agentliyin əsas vəzifəsi əhalinin həyat və sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən qida təhlükəsizliyinin təminatı yönündə ciddi addımlar atmaqdır. Əsasnamədə qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ciddi işlər görülməlidir. Məndə olan məlumatalara əsasən, məhsulların yoxlanması işi gigiyena ilə məşğul olan həkimlərə tapşırılıb. Halbuki gigiyenik aspekt məsələnin bir hissəsidir”.

©oxu.az