“Öz işimi qurmağa qərar verdikdə, mənim nə böyük brend yaratmaq, nə də mağaza açmaq üçün vəsaitim yox idi.”

Date:

Paylaş:

Emilia Wickstead Yeni Zelandiyada anadan olub, bir müddət Milan, London və Nyu-Yorkda yaşayıb. Bir sözlə Londona yerləşməzdən və öz brendini yaratmazdan əvvəl kifayət qədər səyahət edib. Lakin istedadlı geyim dizayneri dünyanı gəzməyi dayandırmır. Öz pərəstişkarlarına daim təklifləri var.

Niyə məhz London?

Mən həmişə Central Saint Martins kollecində təhsil almaq arzusunda olmuşam. Mənə beş illik təhsil müddətinin bir ilini Milanda “GiorgioArmani”, “Proenza Schouler”, “Narciso Rodriguez” brendlərində və “Vogue” Amerikan jurnalında praktika keçmək nəsib olub. Beləliklə, bir dizayner kimi, məni qismən Amerika və qismən də İtaliya formalaşdırıb. Amma öz biznesimi açıb və inkişaf etdirmək üçün qərar vermək vaxtı gəldikdə isə Londona rəqib yox idi.

Deyirlər ki, karyeranızın başında Siz kifayət qədər cəsarətlə hərəkət edirdiniz – Vogue jurnalının səhifələrinə düşmək üçün özünüz ora zəng etmisiniz. Bütün bunların necə baş verdiyi haqqda bizə danışın.

Öz işimi qurmağa qərar verdikdə, mənim nə böyük brend yaratmaq, nə də mağaza açmaq üçün vəsaitim yox idi. Mən də öz kolleksiyamın nümayişini yaşadığım otaqda təşkil edirdim. Belə ki, mən bütün potensial müştərilərimi, – xüsusilə nümayişdən sonra modelləri əyninə ölçmək istəyənləri görə bilirdim. Bu kolleksiyanı saxlamaq niyyətində deyildim və bir gündə hamısını satdım. Təbii olaraq, yeni başlamış dizayner kimi istədim ki, insanlar bu barədə bilsinlər. Vogue jurnalına zəng etdim və özümü Leyla adlı köməkçim kimi tanıdaraq məni məsul redaktorla bağlamalarını xahiş etdim. Xatırlayıram ki, çox həyacanlı idim… Nəhayət, bir xanım mənimlə danışdı, yeri gəlmişkən indi biz onunla yaxın rəfiqə olmuşuq. Mən onu veb-saytıma baxmağa dəvət etdim, bundan sonra o, gənc dizaynerlərə həsr olunmuş bölümdə mənə Vogue-da yarım səhifə yer ayırdı. Bu da, bizim üçün böyük bir an idi.

Düşüncənizə görə, arzuya gedən yolda bütün vasitələr yaxşıdır?

Hesab edirəm ki, məqsədə çatmaq üçün ilk növbədə fədakarcasına çalışmaq lazımdır. Mən artıq bundan sonra hərəkətə keçdim – telefonun dəstəyini qaldırdım. Hərçənd mən sadəcə elektron məktub da yaza bilərdim və bəlkə də, heç vaxt ona cavab ala bilməyəcəkdim. Zəng etmək fikrini mənə qismən anam təklif etdi – o, həmişə mənə deyirdi: «Əgər bir şeyə nail olmaq istəyirsənsə, hərəkət etməlisən və o zaman uğur mütləq gələcək!». Onun sözlərini heç vaxt yaddan çıxarmamışam və bu günə qədər də hər şeydə bu məsləhətə əməl edirəm – arzuya və ya nəyəsə nail olmaqdan, yaxud kiminləsə görüşməkdən asılı olmayaraq. Yenə də ilk növbədə, əlbəttə ki, səy göstərmək, çox çalışmaq lazımdır.

Bir müsahibədə Siz demişdiniz ki, paltarlar yalnız peşəkar modellərdə deyil, adi qadınlarda da zərif görünməlidir. Bu Sizin cəmiyyətdə bu gün baş verənlərə reaksiyanızdır?

Şübhəsiz, bəli. Düşünürəm ki, Bakıdakı ötən gecə buna nümunədir… Bizim geyimlərimizdə əlbəttə ki, gözəl görünən modellər var idi, Lakin eyni geyimləri dəbdəbəli bakılı xanımları geyindikdə, bu başqa şəkildə özünü göstərdi. Axı bu kolleksiya məhz bu məqsədlə yaradılıb – bütün qadınlar üçün. Bu mənim hər zaman məşğul olduğum işdir. Mən biznesə pərakəndə satışla başlamışam, bunun ən gözəl tərəfi o idi ki, tam 5 il ərzində mən hər günümü mağazada keçirirdim. Bununla da adi qadınların həqiqətən nə istədiyini anladım və bu təcrübə mənə çox faydalı oldu… Hesab edirəm ki, bizim işimizdə əsl uğur – sənin geyimini gündəlik həyatda geyinən bir qadını gördüyün zamandır: işdə, ofisdə, gecələrdə, ev tədbirlərində… Bunun dizayner üçün ən böyük nailiyyət olduğunu düşünürəm.

Ötən il məşhur dizaynerlər tərəfindən amansızcasına istismar olunan feminizmin mövzusu haqqında nə düşünürsünüz? Necə hesab edirsiniz: feminist olmaq üçün, üzərində şüar yazısı ilə köynək geyinmək kifayətdir – yoxsa bu sadəcə marketinq üsuludur?

Mənim fikrimcə, mövcud modanın özünü feminizmlə əlaqələndirməsi çox gözəldir. Mən qadınların hüquqlarına, bizim tamamilə inanılmaz olduğumuza inanıram, bəs niyə bunu təbliğ etməyək, dəstəkləməyək? Moda bəzən insanların gözlərini bəzi sosial aspektlərə açır – o həm də buna qadirdir. Məgər moda evinin aktual bir faktı sadə köynəkdə əks etdirməsi dahiyanə fikir deyil? Lakin söhbət feministlərdən getdikdə bu kifayət edir ya yox? Xeyr, əlbəttə. Feminizm – müəyyən həyat və düşüncə tərzidir. Eyni zamanda düşünürəm ki, moda, əvvəllər bəlkə də bu barədə bu qədər sıx düşünməyən qadınlar üçün bu mövzunu işıqlandırmağa kömək etdi. Podium, ümumi diqqəti feminizmə cəlb etdi. Mən də bu nailiyyətin son dərəcə əhəmiyyətli, dahiyanə və fövqəladə olduğunu hesab edirəm.

Deməli, Siz modanın danışa bildiyi ilə razısınız?

Mütləq! Amma həmişə deyirəm: hekayəni danışan geyim deyil, onu geyinən qadındır – əsas odur ki, bu geyimi o necə daşıyır. Sadəcə “Biz feministik” yazısı ilə köynəyi geyinmək kifayət deyil, feminist olmaq lazımdır. Düzdür, mən düşünmürəm ki, mütləq sizi göstərəcək bir şey geyinməlisiniz: əksinə, qadının özü (necə geyinməyindən asılı olaraq) individuallığını vurğulaya bilər. Kimsə bunu anlıq şöhrət üçün deyil, səmimiyyətlə və təbii olaraq edirsə – bax o zaman ideal uyğunluq yaranır.

Ən məşhur müştərilərinizdən biri – Cambridge hersoginyası Kate Middleton’dur. Bu uğurdan sonra Sizin işlərinizi daim diqqətlə təqib edəcəklərini çox güman ki, bilirsiniz. Həmişə yaradıcı tonusda olmaq mümkün olurmu?

Dizayner olmaq və bu sahədə işləmək qərarına gəldiyiniz zaman, hesab edirəm ki, həmişə bu mövsüm əvvəlkindən daha yaxşı kolleksiya hazırlamağa köklənirsən. Beləliklə, yeni kolleksiyaların hazırlanması təbii olaraq gündəlik həyatının bir hissəsinə çevrilir. Mən həqiqətən əminəm ki, dizaynerin sonuncu kolleksiyası nə qədər yaxşıdırsa, deməli tam o qədər də o özü yaxşıdır. Düşünürəm ki, il ərzində bir dizaynerin hazırlayacağını nəzərdə tutduğu ən çox kolleksiya 6-ya qədər təşkil edə bilər: 4 əsas, 2 kapsullu. Mən özüm üçün kəşf etmişəm ki, nə qədər çox kolleksiya hazırlayıramsa, o qədər də çox yeni ideya gəlir ağlıma. Hələ ki bu məni yormur!.. Mən hələ də yeni kolleksiya hazırladığımda həyəcan keçirirəm. Hesab edirəm ki, məhz bu həyəcan və işə qarşı böyük həvəsimin sayəsində yeni kolleksiya hər zaman öncəkindən daha uğurlu alınır. Bir də: mən bir şeyi dərk etmişəm ki, kolleksiyanın hazırlanma prosesində dizayner daim yeni bir şey öyrənir, çünki o daim yeni mövzular və ideyalar axtarır. Belə də olur: səni təsirləndirən bir şəkil görmüsən və onun üçün yeni kolleksiyanda yer axtarırsan. Bu səbəblə müştərilərinə yeniliklər təklif edərək öz kolleksiyalarını icad etməyə davam edirsən və bununla da öz işinə sadiq qalırsan. Beləliklə, müştəri hər yeni mövsümdə əvvəlki kimi Emilia Wickstead’dən bir zərrə tapacaq, ona aid hissi itirmədən…

Britaniyalı dizaynerləri adətən mühafizəkarlara və üsyançılara bölürlər. Onların hansılarına özünüzü aid edirsiniz?

Özümə mühafizəkar deyə bilmərəm, amma… Nə yaxşı ki, biz işlərimizi məhz Londonda nümayiş edirik: bizim həmişə öz özəlliyimiz var. Düşünmürəm ki, bu başqa bir şəhərdə mümkün olsun. Xoşuma gələn şey odur ki, London moda həftəsində “sərhədsiz” dizaynerlər iştirak edə bilərlər. London hər zaman bununla məşhur olub. Mənim hazırladığım kolleksiyalar həmişə ənənələrlə əlaqəlidirlər, çünki mən həmişə klassikadan ilham alıram. Bununla heç bir şey edə bilmirəm, bu sadəcə təbii istəkdir. Mənim kolleksiyamda həmişə yeni, müasir bir şey ilə orqanik birləşmədə ənənəvi elementlər mövcuddur. Buna görə də, mənim bəzi kolleksiyalarımı müasir məktəbə aid edirlər. Eyni şeyi Raf Simons Christian Dior üçün etdi: bir zamanlar onun kolleksiyaları olduqca dəlisov idi, lakin bu dizayner kolleksiyaların qadınsı olduğu bir dövrdə Moda evini öz köklərinə qaytardı. Bununla yanaşı o, ənənədən istifadə etdi, amma müasir qalmağı, xarakterik üslubunu qorumağı bacardı. Düşünürəm, bu tam Emilia Wickstead’də ən başından etdiyimiz bir şeydir. Bizim kolleksiyaları konservativ adlandırmaq olmaz, baxmayaraq ki, ənənəvi elementlər bizdə müəyyən qədər mövcuddur: əgər sizə gözəl kəsik və ya arxitektur qollar lazımdırsa, o zaman onları həmişə bizim kolleksiyalarımızda tapa bilərsiniz. Eyni zamanda burada daha dəbli və müasir bir şey tapmaq mümükündür. Hesab edirəm ki, biz bu tarazlığı çox gözəl şəkildə qoruya bilirik. Bizim koleksiyalarımızda daima qadın vücudunun xüsusiyyətləri nəzərə alınır. Mən özüm də qadınam və kolleksiya hazırlayarkən bir dizayner kimi qadınların bütün prioritetlərini və istəklərini nəzərə almağa çalışıram. Mən özüm həmişə dəbli, proqressiv olmaq istəyirəm, lakin həmçinin özümü rahat hiss etmək və əlavə olaraq cazibədar da olmaq istəyirəm ki, geyindiyim şeylər canlı maraq oyatsın.

Siz indicə ənənələrə bağlı olduğunuzu qeyd etdiniz. Bəs sosial şəbəkələrə münasibətiniz necədir? Çünki bu gün bir çox dizaynerlər bu şəbəkələr vasitəsilə tanınmağa başlayırlar və məşhur olurlar.

Bu çox maraqlı sualdır, mən heç vaxt bu haqda düşünməmişəm. Bu gün sosial şəbəkələr – sizin mükəmməl məhsulunuz olduğu halda böyük bir qüvvədir. Mən şəxsi biznesimə başladığımda heç bir sosial şəbəkə yox idi, mən öz kolleksiyamı onların köməyi ilə nə sata bilirdim, nə də ki, reklam edə bilirdim, bu yalnız bilavasitə danışıqla, “ağızdan ağıza” baş verirdi, bu da öz-özlüyündə çox şey ifadə edir: satış zamanı məhsul haqqında bilavasitə danışıqda sən emosiyalarını, hisslərini ötürə bilirsən – beləliklə də satış həyata keçir. Mən bunun sosial şəbəkələrdə necə baş verdiyini bilmirəm, satış zamanı eyni hisslər ötürülür ya yox. Hər halda, fikrimcə, marketinqin hər iki vasitəsi – həm sosial şəbəkələr, həm də “ağızdan ağıza” – çox güclüdür. Xoşbəxtlikdən, biz sosial şəbəkələrdən istifadə edirik. Burada bəzən kolleksiyamızdan nə isə yerləşdiririk, yeri gəlmişkən keçən həftə olduğu kimi bir gündə satılması mümkündür. Şübhəsiz ki, sosial şəbəkələr – biznesin inkişafı üçün çox faydalı vasitədir.

Müvəffəqiyyətli bir dizayner qalaraq, daimi yeni kolleksiyaları təqdim etmək üçün həmişə yeni bir şey öyrənməlisiniz. Öyrəndiyiniz son şey nə olub?

Bəlkə sevgi otelləri haqqında eşitmisiniz? Bu məni heyran edən sonuncu, həqiqətən maraqlı bir şeydir ki, hazırda mağazalarda olduqca çox uğurla satılan bahar-yay kolleksiyamda da bundan istifadə etmişəm. İlk sevgi otelləri təxminən 1960-70-ci illərdə yaranıblar və xüsusilə də Yaponiyada birlikdə olmaq istəyən, lakin ola bilməyən gənc cütlüklər üçün nəzərdə tutulublar. Bu otellərin çox nostaljik görünüşü var: parlaq alovlarla və bu gün cazibədar və klassik hesab etdiyimiz bütün atributlarla… O zamanlar interyerdə istifadə olunmuş pərdələr, kətandan yataq dəsti, fluoressentli işıqlı lampalar, xalçalar, balaca çiçəkli çaplar, o qədər təsirli və eyni zamanda təravətlidir ki – bütün bunlar məni yeni kolleksiya yaratmağa ilhamlandırdı. Əlbəttə ki, onda gənc qızlara xas olan romantik elemenlər də mövcuddur. Birgə və ayrı taxa biləcəyiniz bir çox başqa hissələr və onlar bir az sevgiliniz üçün gecə geyinə biləcəyiniz geyimləri xatırladırlar. Bu otellər bu günədək mövcuddurlar və nə yaxşı ki, dəyişilməyiblər – onlar olduğu kimi qalıblar. Bundan əlavə, resort kolleksiyamı hazırlayarkən mən Frida Kahlo’nun həyat və yaradıcılığının tədqiqatına çox vaxt ayırmışdım. Onun kim olduğunu bilirdim, amma onun həyatı, yaradıcılığı və xəstəliyi barədə heç bir şey bilmirdim. Həmçinin, mən onun bir müddət əvvəl aşkar olunmuş qarderobu ilə tanış oldum: onun həyat yoldaşı onları uzun illər qutularda saxlayırmış. Rəssamın geyimlərinin sərgisi təşkil edildi və mən onun haqqında hər şeyi öyrənmək istədiyimə qərar verdim. Biz də resort kolleksiyamızda onun qarderobundan bir qədər müasirləşdirərək kiçik elementlərdən və detallardan istifadə etdik…

Əvvəllər moda sosial dəyişiklikləri əks edirdi, bəs bu gün onun statusu necədir? Və sizin fikrinizcə, moda tarixində müasir dövr yadda qalacaq?

Bu çox çətin sualdır! Bu gün modada bir çox dəyişikliklər baş verir. Müharibədən sonra, Christian Dior yeganə super dəbli dizayner hesab olunurdu, həm də o vaxt dizynerlər də az idi. Əgər əvvəllər bir qadının yeganə sevdiyi dizayner var idisə, bu gün onun onlarca dizaynerin kolleksiyaları xoşuna gələ bilər. Düşünürəm ki, elə buna görə modada belə qarışıq tərzlər yaranıb. Axı siz bilirsiniz, bu gün televiziya ulduzları, onların geyimləri modaya böyük təsir göstərir. Bundan başqa, onların bir çoxu özləri dizayner olmağa başlayırlar, bu da ümumiyyətlə yaxşı hal deyil. Bu gün moda dünyasında o qədər zövqlərin qarışıqlığı , o qədər dolğunluq var ki – bütün bunlardan nəyin öz izini qoyacağını biz yalnız zamanla biləcəyik… Bütün bunlar müasir qadının nəyə üstünlük verdiyindən, onun üçün nəyin böyük maraq kəsb etdiyindən asılıdır – “haute couture” yüksək modaya meyillidirmi və son kolleksiyalardan olan eksklüziv geyimləri geyinirmi, yoxsa “sürətli moda” (fast fashion) tərəfdarıdır və daha demokratik brendlərə üstünlük verir: H&M, Topshop, Zara kimi… Bizlərdən, yəni müasir dizaynerlərdən kimi uzun müddət, bəlkə də Dior Moda evi kimi əbədi olaraq yadda saxlayacaqlarını, kimi isə televiziyada və ya Instagramda ara-bir göründüyündə bir neçə saniyəlik xatırlayacaqlarını sadəcə zaman göstərəcək… İndi biz həqiqətən maraqlı bir dövrdə yaşayırıq: heç bir şeyi dəqiq iddia etmək mümkün deyil. Məni hətta bir növ təəccübləndirir ki, moda sənayesində hələ də bizə məlum olan, amma istehlakçının bilmədiyi şeylər var. Bəlkə də bütün bunlar bizə göründüyü qədər əhəmiyyətli deyil. Həyat özü tarixdə hansı modanın qalacağını diktə edir…

Bakıya səfərinizi necə xatırlayacaqsınız?

Bu möhtəşəm idi! Bakı, onun inanılmaz binaları, alovları, konstruksiyaları ilə – bir Şərq şəhəridir, eyni zamanda da çox müasirdir. Burada ənənələr müasirliklə qonşuluq edir, bununla yanaşı da onların ideal tarazlığı qorunub saxlanılır. Mən bu şəhərdən olduqca ilhamlanmışam. Ola bilsin ki, bəzi ideyalar gələcək koleksiyalarımın əsasını təşkil edəcək.

Suvenir dəzgahlarında çox bəyəndiyim 50-70-ci illərin maraqlı əşyalarını tapdım. Əlbəttə ki, Sizin möhtəşəm geyimlərdəki qadınlarınız məni xüsusilə heyran etdilər!

Öz brendinizi 5 ildən sonra necə görürsünüz?

Ümid edirəm ki, o inkişaf etməyə davam edəcək, daha da böyük müvəffəqiyyətə nail olacaq. Mən müxtəlif ölkələrdəki geyim koleksiyalarımla birlikdə bir neçə butik görmək istərdim. Mən brendin yalnız hazır geyim sahəsində deyil, həmçinin individual tikiş və toy paltarları sahəsində də uğur əldə etməsini istərdim – prinsip etibarilə bu istiqamət bizdə artıq mövcuddur. Bilirsinizmi, adətən biz Emilia Wickstead brendindən bir elementi hər təşkil etdiyimiz nahar yeməklərində də istifadə edirik və bizim süfrə və salfet istehsal edən xəttimiz var. İstərdim ki, zamanla bu kolleksiya da insanların gündəlik həyatının bir hissəsi olsun və həmçinin uğur qazansın.

 BLİTS SORĞU 

Nə vaxtsa aldığınız ən yaxşı məsləhət?

“Heç vaxt təslim olma”. Bir də: “Doğru olanadək riyakarlıq et” – bu məsləhəti çox əyləncəli hesab edirəm, eyni zamanda da düzgün deyildiyini düşünürəm. Dizaynerin işi barədə bir müdrik fikir daha: “Sonuncu kolleksiyanız nə qədər yaxşıdırsa, deməli Sizdə tam o qədər yaxşısınız”.

Sizə ən çox qürur verən nədir?

İlk növbədə uşaqlarım. Həyat yoldaşım – o mükəmməl biridir. Əlbəttə ki, öz işim.

Burberry yoxsa Vivienne Westwood?

Haradasa ortasında. 

Hansı kitab və ya filmlərin qəhrəmanları üçün geyim yaratmaq istərdiniz?

Müəyyən qədər – Jane Eyre üçün və Katherine Hepburn’ın bütün obrazları üçün. O, fövqəladə bir qadın idi!

Ən sevdiyiniz emoji?

Bu məsələdə mən kifayət qədər dəyişilməzəm – həmişə smiley istifadə edirəm!

Dünən və ya sabah?

Sabah!


©Nərgiz Jurnalı

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...