Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Ölkəyə valyuta gətirəcək ən böyük layihələrdən birinin açılışı bu gündür

Ölkəyə valyuta gətirəcək ən böyük layihələrdən birinin açılışı bu gündür

479
Paylaş

Bu gün Bakıda Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçiriləcək.

Layihəyə daxil olan boru kəmərlərindən birincisi – genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri istismara veriləcək.

Beləliklə, Cənub Qaz Dəhlizinin ilk hissəsi açılmış olacaq, genişləndirilən Cənubi Qafqaz Boru Kəməri ilə ilk qaz ötürülməyə başlanılacaq.

Dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

Cənub Qaz Dəhlizinə daxil olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi ilə bağlı yekun investisiya qərarı “Şahdəniz Mərhələ 2” ilə eyni vaxtda – 2013-cü il dekabrın 17-də verilib. Layihənin investisiya dəyəri 4,7 mlrd. ABŞ dolları təşkil edir. 2014-cu il sentyabrın 20-də təməlqoyma mərasimi keçirilib.

TANAP-ın Əskişəhərə qədər hissəsinin açılış mərasiminin isə iyunun 12-də keçirilməsi gözlənilir. Beləliklə, TANAP-la ilk qaz gələn ay Türkiyə bazarına daxil olacaq.

Ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycan artıq öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara biləcək. Dəhlizin reallaşmasından qazanan tərəflər həmçinin qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da “ev sahibliyi” edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin “Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq. Qeyd edək ki, bu gün “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

“Dəhliz Avropanın enerji təhlükəsizliyinə həm müsbət təsir göstərəcək, həm də onun Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.” – deyə ekspert qeyd edib.

Cənub Qaz Dəhlizinin sonuncu qolunun – TAP-ın isə 2020-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

© Banker.az

Paylaş