“Mən bu işə sıfır kapitalla başlamışam”

Date:

Paylaş:

Ülkər İskəndərova: “Hərdən işləri çatdıra bilmək üçün gecələr yuxusuz qalırdım”

Hələ tələbə ikən öz işini qurub. Ailə, uşaq və dərs məsuliyyəti ilə yanaşı, işinə də vaxt ayırıb. Deyir ki, əgər sevdiyin işi görür və buna məsuliyyətlə yanaşırsansa, o iş zamanla sənə istədiyini qazandıracaq. Sadəcə, səbirli və çalışqan olmaq lazımdır. Müsahibimiz  “Nazlı_Design” onlayn mağazasının qurucusu Ülkər İskəndərovadır.

Qeyd edək ki, həmsöhbətim 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakalavr təhsilini İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsində alıb. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində MBA proqramı üzrə magistr təhsili alıb. Elə təhsil aldığı müddət ərzində də öz işini qurub.

– Öz işini quranlar adətən, müəyyən bir yerdə çalışdıqdan sonra bu qərara gəlirlər. Bəs sizin öz işinizi qurmağınıza səbəb nə oldu?

– Ümumiyyətlə, rəssamlıq, dizayn və digər yaradıcı sahələr genetikdir. Yəni bu bacarıq sənin özündə olmalıdır. Əgər həvəsin və bacarığın yoxdursa, nə qədər çalışsan da, olan deyil. Ailəmizin dörd üzvü cərrah olduğuna görə, hər kəs mənim də həkim olmağımı istəyirdi. Amma həkimlik peşəsi diqqətimi çəkmirdi. Daha doğrusu, mən bir qədər fərqli sahə istəyirdim. Ailədə həkim olmağımı o qədər təkid etdilər ki, axırda anama “əgər istəsən həkim olaram, ancaq o diplomu gətirib sənə verəndən sonra yenidən İqtisad Universitetində oxuyacağam” dedim. Sonradan tale elə gətirdi ki, İqtisad Universitetində təhsil aldım. Dekorasiyanı işə çevirməyimin səbəbkarı isə həyat yoldaşım olub. Birinci kursda oxuyarkən  qardaşımın toy ərəfəsi idi. Hələ onda şüşə yox, həsir səbətlər dəbdə idi. İlk dəfə elə o zaman bu işə başladım. Bir neçə səbəti bəzəyib hazırladım. Sonra bir çoxları tərəfindən işlərim bəyənildi. Dekorasiyaya, bəzək-düzəyə o qədər həvəsim var idi ki, öz nişanımda mənə gətirilən xonçaları bəzəyib geri qaytarırdım. Daha sonra “instagramda” bir neçə səhifələrlə tanış olub qiymətlərlə maraqlandım. Onda başa düşdüm ki, bunu özüm də düzəldib sata bilərəm. Əvvəlcə, valideynlərim etiraz etdilər, uşaqla çətin olacağını dedilər. Həyat yoldaşım isə “əgər bacarığın varsa, niyə də etməyəsən” dedi. Düzü, əvvəllər çəkinirdim. Çünki həm də həmin vaxt təhsil alırdım. Sonra işlərimin bəyənilməsi bu işi qurmağıma sövq elədi.

– Bu gün fərqli biznes sahələri mövcuddur. Sizin seçdiyiniz də maraqlıdır. Bəs niyə dizayn sahəsini seçdiniz?

– Dekorasiya işləri bizdə bir qədər genetikdir. Nənəm həkim olmasına baxmayaraq, gözəl tikiş işləri bacarırdı. Elə bu həvəs də mənə ondan keçib. Hələ uşaq vaxtı muncuqdan qolbaqlar toxuyur, cürbəcür bəzəklər tikirdim. Həmin vaxt atam dedi ki, əgər sən dərslərini oxumaq əvəzinə muncuq düzsən, bunların hamısını atacağam. Elə o vaxtdan da bu işi unutdum. Lakin illər keçdi, içimdəki həvəs ölmədi. Bu elə bir həvəsdir ki, nə qədər qarşısını almaq istəsən də, yenidən üzə çıxır. Öz qərarlarımı özüm verə biləndə, yenidən bu işə qayıtdım. Əgər köməyin və istəyin varsa, heç nə çətin deyil.

– Biznesə başlayarkən artıq ailəli idiniz, övladınız vardı. Ailəli bir xanımın biznesə başlamağı çətin olmadı ki?

– Əslində, əvvəlcə dizayn işinə başlamaq istəmirdim. Çünki mən işgüzar qadın deyəndə, gözümün qarşısına saat 9-da işə gedib axşam saat 6-da evə qayıdan xanımları gətirirəm. Nənəm, anam, xalamın simasında bunu görmüşəm. Açığı, evdə oturub bəzəklər hazırlamağı işləmək hesab etmirdim. Onda mənim ən böyük dəstəkçim və mentorum həyat yoldaşım oldu. O, mənə “hələ təzə işə başlayırsan, bir müddət sonra öz işçilərin olacaq və komanda şəklində işləyəcəksən, onda hər şey öz qaydasına düşəcək” dedi. Sonra bir neçə işimi səhifəmdə paylaşdım. Gələn yazılara cavab verdim. Hərdən bu işləri çatdıra bilmək üçün gecələr yuxusuz qalırdım. Amma narazı deyiləm. İşimlə yanaşı, həm uşağıma, həm də ailəmə istədiyim zamanı ayıra bilirəm. Heç öz gəzintilərimdən, əyləncəmdən də qalmıram. Qızım bağçaya gedir. Bu müddətdə öz işlərimi görürəm. Həmin müddətdə digər səhifələri də izləməyə vaxtım olur. Əvvəllər axşamlar mənim dərsim olurdu. Dərsdən sonra dostlarımla da görüşməyə vaxt tapırdım. İndi artıq magistraturanı bitirmişəm. Saat 6-ya qədər bütün işlərim hazır olur. Həm də, qızım artıq gözünü açandan buna öyrəşib. Bəzən qızım  özü də mənə kömək edir. O yatandan sonra mən yenə öz işimə davam edirəm.

– İşə yeni başlayarkən gəlir məsələsi problem olur, bu zaman çox adam həvəsdən düşür, işi yarımçıq buraxır. İlk vaxtlar gəliriniz necə oldu?

– Açığı, ilk vaxtlar gəlirim heç olmadı. Mən bu işə sıfır kapitalla başlamışam. Hamı elə bilir ki, mən bunları kiminsə hesabına edirəm. Əslində nə atam, nə də öz ailəm maddi baxımdan mənə dəstək olmayıblar. Düzdür, qarşı da çıxmayıblar, amma heç bir maddi dəstəyim olmayıb. Hətta bəziləri xonça bəzəyəcəksənsə, niyə oxuyurdun deyirdilər. Amma mənim təhsil aldığım sahə işimlə birbaşa əlaqəlidir. İxtisasım biznesin təşkili və idarəedilməsidir. Magistraturada isə marketinq sahəsini oxumuşam. İndi öz marketinq biliklərimi işimdə tətbiq edirəm. Onu da deyim ki, magistr ixtisasımı sırf bu işə görə almışam. Əgər təhsil almasaydım, bazarda olan alverçilərdən heç bir fərqim olmazdı. Təhsil aldığını biləndə, müştəri də sənə fərqli yanaşır. Onlar mənə sadəcə, “xonça düzəldən” deyil, mağaza təsisçisi kimi yanaşırlar. Daha sonra marketinq forumlarına qatılmağa başladım. Orada məni «Nazlı» onlayn mağazasının təsisçisi kimi təqdim etdilər. Bu, mənim üçün elə ən böyük gəlir deməkdir. Əsas olan həvəs və istəkdir. Çünki biznes elə bir sahədir ki, burada həm qalxa, həm də enə bilərsən. Əgər nə vaxtsa həvəsdən düşsən, həmin gün batacaqsan. Mən də bu işi öz həvəsim olduğu üçün edirəm. Mənim üçün gəlir elə də önəmli deyil. Əlbəttə, gələcəkdə dekorasiya qrup şirkətini yaratmaq istərdim və bunun üçün isə gəlir önəmlidir. Amma hələlik əldə etdiyim gəlir gələcək planlarımı həyata keçirmək üçün kifayət deyil. Bunun üçün uzun müddət vaxt lazımdır. Bəzən həvəsdən düşürəm, pessimizmə qapılıram. “Qəpik-qəpik yığdığım pulu nə vaxtsa mağaza açanda batırsam, nə edərəm” sualını verib, düşünürəm. Onda yoldaşım deyir ki, təzədən başlayarsan. Önəmli olan yıxıldıqdan sonra ayağa qalxmağı bacarmaqdır.

– İşçiləriniz varmı? Özünüz hansı işləri görürsünüz?

– Hələ ki, işçi götürmək barəsində fikirləşmirəm. Bu yaxınlarda Fransadan qonaqlarımız olmuşdu. Onlar mənim işlərimlə tanış olanda peşəkar bir komanda ilə işlədiyimi düşündülər. Biləndə ki, bunların hamısını təkbaşına etmişəm, inanmadılar. Düzü, onları inandırmaq bir az çətin oldu. Həm müştəriyə cavab vermək, həm iş görmək böyük vaxt tələb edir. Bəzən isə dosta-tanışa hazırladığım dekorasiyaları hədiyyə edirəm. Mənim üçün əsas olan bu işi görməkdir. Uzun müddət heç bir gəlirsiz, yəni maya dəyərinə işləmişəm. Hətta elə olub ki, öz cibimdən pul qoyub əlavə bəzəklər almışam. Bəzən işə görə qurban verməli olursan. Mənə görə, müştəri məmnuniyyəti hər şeydən önəmlidir.

– Biznesinizlə bağlı gələcək planlarınız nədir?

– Gələcəkdə “Nazlı Decoration Group” şirkətimi yaratmaq istəyirəm. Amma işçilərlə rəhbər arasındakı münasibətlər məni indidən narahat edir. Ona görə də indidən araşdırmalar edirəm. Sırf buna görə marketinq forumlarına qatılıram. Biznes adamlarının çıxışlarından yeni nələrisə öyrənirəm. Təkcə müştəri ilə deyil, həm də işçi ilə davranmağı bacarmaq lazımdır. Sən işçini məmnun etsən, işçi də sənin müştərilərini məmnun edəcək. İşçi iş xətrinə işləməməlidir. İşçidə işə motivasiya yaratmağı bacarmaq lazımdır. Mən indi ən çox bunu öyrənməyə çalışıram. Əgər işçilərin gördüyü işi bilməsəm, narahat olaram. Ona görə də indi həm qrafik dizayn, memarlıq, dərzilik, bir sözlə işimlə bağlı hər şeyi öyrənmək istəyirəm. Çünki öz şirkətimi gələcəkdə böyük miqyasda təsəvvür edirəm. Professional şəkildə olmasa da, ən azından müəyyən şeyləri öyrənmək istəyirəm. Özüm işin içində olmağı sevirəm. Gələcəkdə bu işi öyrədəcəyim, öz yetişdirdiyim tələbələrin olmağını istərdim və onlarla birlikdə böyük bir komanda qurmağı arzulayıram.

– Vaxtınızın çox az olduğunu deyirsiniz. Boş vaxtınız olursa, onu necə dəyərləndirməyi sevirsiniz?

– Demək olar ki, boş vaxtım olmur. İşləyə-işləyə həm dincəlir, həm də yoruluram. Elə olub ki, bir işin üzərində 13 saat işləmişəm. Hərdən işdən yorulub bezəndə özüm-özümü motivasiya edirəm ki, məqsədə çatmaq üçün əziyyətə qatlaşmaq lazımdır. Gələcəkdə marketoloq olaraq işləmək istərdim. Bunu isə artıq zaman göstərəcək.

– Azərbaycanda biznes qurmağın çətin olduğunu deyirlər. Çox adam bu fikri əsas götürüb, ideyası olsa da, işə başlamır. Öz işini quran bir gənc olaraq həmyaşıdlarınıza nə məsləhət görərdiniz?

– Öz işini qurmaq istəyənlərə demək istərdim ki, qazanc fikirləşməsinlər, həmçinin, oturub başqalarının qazancını da hesablamasınlar. Çünki heç nə kənardan göründüyü kimi sadə deyil. Düzdür, gəlir olmadan iş görmək də mümkün deyil. Ancaq pul gətirəni yox, sevdikləri işi görsünlər. Əgər öz sevdiyin işi görsən, zamanla o iş sənə pul da, hörmət də, sevgi də gətirəcək. Ən önəmlisi isə məsuliyyətli olmaqdır. İş məsuliyyətsizliyi sevmir. Sevmədiyin işdən çoxlu pul qazana bilərsən, amma onun ləzzəti olmayacaq. Mən ilk vaxtlar ona görə pulsuz işləyirdim ki, müştərilərə fərqli-fərqli işlərimi göstərə bilim. Başqasının etdiklərini yox, sırf öz işimi. Gənclərə də bunu tövsiyə edərdim.

©kaspi

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...