Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin ÜDM-ə təsiri 2020-ci ildə 200 milyon manat olacaq

Date:

Paylaş:

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin ÜDM-ə təsiri 2020-ci ildə 200 milyon manat olacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Namiq Şalbuzov bu barədə Prezident İlham Əliyevin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması barədə imzaladığı Fərmanı şərh edərkən AZƏRTAC-a bildirib.

Ekspert deyib ki, Kiçik və Orta Sahibkarlığın (KOS) İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək, KOS subyektlərinə bir sıra xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. Yeni yaradılan agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək.

N.Şalbuzov bildirib ki, bəzi KOS subyektləri qanunvericiliyin tələblərindən, biznes risklərindən, mövcud sektordakı vəziyyətdən xəbərsiz şəkildə fəaliyyətə başlayırlar ki, bu da bəzən onların uğursuzluqla üzləşmələrinə səbəb olurdu. KOS subyektlərinin məsləhət xidmətlərinə marağının az olmasının səbəblərindən biri onların bu barədə məlumatsızlığı, digəri isə biznes məsləhət xidmətlərinə çıxışın mürəkkəbliyidir. Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOS subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, KOS subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına daha yaxşı imkan yaradır. Buna görə də KOS-un İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

“Yaradılan yeni agentlik vasitəsilə KOS-lara, eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması, KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir. Burada xüsusilə vurğulanmalıdır ki, agentliyin fəaliyyətinin funksional baxımdan da effektiv olacağı gözlənilir. Belə ki, qabaqcıl dünya təcrübəsinə əsaslanması və ölkənin bütün regionlarını əhatə etməsi effektiv fəaliyyətin təmin ediləcəyini söyləməyə əsas verir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək”, – deyə ekspert qeyd edib.

KOS-un İnkişafı Agentliyi biznes assosiasiyaları ilə birlikdə müvafiq sektorlardakı müəssisələrin problemlərinin mütəmadi təhlilini həyata keçirəcək, onları müvafiq qurumlarda səsləndirəcək və həlli yollarını axtaracaqlar. KOS-un İnkişafı Agentliyi müvafiq dövlət qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq quracaq və tətbiqi elmlərin inkişafına xüsusi diqqət yetirəcək.

N.Şalbuzov deyib: “KOS-un İnkişaf Agentliyinin ÜDM-ə təsiri 2020-ci ildə 200 milyon manat olacaq. Strateji Yol xəritələrinə görə 2020-ci ildə KOS-un ÜDM-də payı 15 faizə, məşğulluqda payı 20 faizə və qeyri-neft ixracındakı payı isə 10 faizə çatdırılmalıdır. KOS-un İnkişafı Agentliyi bu sahədə əsas rol oynayacaq. KOS agentlikləri Koreya Respublikası, Polşa, Türkiyə, Almaniya, Estoniya və bir sıra ölkələrdə uğurla fəaliyyət göstərir.

“Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”nin yaradılması “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kompleks dönməz iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan KOS-ların inkişafı, fəaliyyətlərinin tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi üçün münbit şərait yaradır.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...