“Kiçik sahibkarların yaratdıqları” sərgisində 100-dən çox kiçik sahibkarın əl işləri nümayiş olunur

0
936

“Kiçik sahibkarların yaratdıqları” sərgisində 100-dən çox kiçik sahibkarın əl işləri nümayiş edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dekabrın 7-də “Kiçik sahibkarların yaratdıqları” mövzusunda keçirilən sərgidə jurnalistlərə müsahibəsində söyləyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə ölkədə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi qəbul olunub. Bu xəritədə ölkədə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, alternativ maliyyə alətlərinin tətbiqi, istehsal olunan məhsulların təşviqi, ixracı bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

S.Məmmədov qeyd edib ki, bu tədbirlər sırasında xüsusilə qadın sahibkarlığın inkişafı, qadın sahibkarlar üçün biznes-inbukatorların yaradılması, onların biznes ideyalarının dəstəklənməsi məsələləri nəzərdə tutulub.

“Bu gün İqtisadiyyat Nazirliyi tərəfindən Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqların icrası olaraq “Kiçik sahibkarların yaratdıqları” mövzusunda sərgi təşkil olunub. Bu sərgidə 100-dən çox kiçik sahibkarın əl işləri nümayiş edilir. Hesab edirəm ki, bu cür sərgilərin keçirilməsi kiçik sahibkarlığın inkişafında, xüsusilə qadın sahibkarlığın inkişafında əhəmiyyətli tədbirlərdən biridir və bu sahənin inkişafına öz töhfəsini verəcək”, – deyə S.Məmmədov bildirib.