Əsas səhifə Müsahibə Kanadada öz biznesini quran Azərbaycanlı gənc – Müsahibə

Kanadada öz biznesini quran Azərbaycanlı gənc – Müsahibə

4439

Kanadada öz biznesini quran həmyerlimiz Ədalət Əliyev deyir ki, bir işə başlamazdan əvvəl onu yaxşı-yaxşı araşdırmaq lazımdır

Kanadaya yeni gedəndə sürücü kimi çalışıb. Sonra bir çox qurumlarda təşkilati işlərə baxıb. İstedadı onu çox da gözlətməyib. 24 yaşında özünün foto və video çəkilişləri ilə məşğul olan studiyasını qurub. Daha sonra tər güllərdən oyuncaqlar düzəldən studiya yaradıb. Müsahibimiz Kanadada yaşayan həmyerlimiz, “Mirror” studiyasının və “Toy Florist” mağazasının rəhbəri 27 yaşlı Ədalət Əliyevdir.

Qeyd edək ki, Ədalət orta təhsilini Bakıda alıb, sonra ailəsi ilə birlikdə Kanadaya köçüb. Kanadanın Toronto şəhərində yaşayır. Sözügedən ölkədə Trebas İnstitutu və York Universitetində rejissor ixtisasını bitirib. Hazırda Humber Kollecində Qrafik dizayn kurslarında təhsil alır. Evlidir, bir övladı var.

– 24 yaşınızda Kanadada öz işinizi qurmusunuz, studiyanızda tər güllərdən oyuncaqlar hazırlayırsınız. Bu yaşınızda iş qurmaq sizə çətin olmadı ki?

– Xeyr, çünki ailəmdən böyük dəstək var idi. Digər tərəfdən, Kanadada biznes qurmaq çətin deyil. Dövlət bunun üçün hər cür şərait yaradıb. Çətin olan, işi qurandan sonra davam etdirməkdir. Çünki bazarda tanınmaq, müştəri yığmaq üçün çalışmalısan, ortaya iş qoymalısan.

– Bəs öz işinizi qurana kimi harada çalışmısınız?

– Kanadaya təzə gələndə sürücü və bir çox qurumlarda təşkilatçı kimi çalışmışam. Amma həmişə öz işimi qurmaq arzusu ilə yaşamışam. Sonra video və foto xidmətləri göstərən “Mirror” studiyasını yaratdım. Müxtəlif tədbirlər, toy mərasimləri, yığıncaqlar, konsertlərdə foto və video işləri görürük. Yaxud hansısa biznes adamına foto lazım olanda bizə müraciət edir.
Daha sonra güllərdən düzəldilmiş oyuncaq mağazası açdım.

– Niyə məhz güldən düzəldilmiş oyuncaq? Yaşadığınız şəhərdə belə bir mağaza var idimi?



– Xeyr. Ümumiyyətlə, nəinki yaşadığım şəhərdə, Kanadada bizdən başqa bu işlə məşğul olan yoxdur. Bu ideyanı Kanadaya mən gətirmişəm. Hazırda “Toy Florist” Torontoda məşhur gül dükanlarından biridir. Bizim studiya təkcə güldən oyuncaqlar düzəltmir, həmçinin müxtəlif gül kompozisiyaları hazırlayırıq.

– Güldən oyuncaq düzəltmək ideyası necə yarandı?

– 2012-ci ildə Bakıya gələndə dostumun bu işlə məşğul olduğunu gördüm və Kanadada belə bir iş qurmaq qərarına gəldim. Bazarı araşdırdım, məlum oldu ki, belə bir studiya yaratsam, bazarda öz yerini tuta biləcək. Sonra əvvəlcə özüm güllərdən oyuncaq hazırlamağı öyrəndim. Bu proses asan olmadığından və özüm müstəqil şəkildə öyrəndiyimdən uzun vaxt apardı. Daha sonra studiyanı yaratdım və işçiləri də özüm öyrətdim. Düzdür, bu iş Kanadada yeni olduğundan insanların bu barədə təsəvvürləri yox idi və əvvəlcə çətinliyimiz oldu. Ancaq qısa müddətdən sonra insanlar bizim hədiyyələri tanımağa, sevməyə başladı. Bir var, kiməsə gül verirsən, bir də var, gül tamamilə təzə formatda, müxtəlif quruluşda təqdim edilir. Fəaliyyət göstərdiyimiz 3 il ərzində xidməti və düzəltdiyimiz oyuncaqların keyfiyyətini ən yüksək səviyyəyə çatdırmağa nail olmuşuq.

Maraqlı ola bilər: Xaricdə uğur qazanmış Azərbaycanlı gənclər

Onu da qeyd edim ki, bəlkə də bu dükanı başqa şəhərdə açsaydım, uğur qazanmazdım. Bizim dükanımız Nors York şəhərində yerləşir. Bu şəhərdə yaşayanların əksəriyyəti keçmiş MDB ölkələrindən gələn sovet adamlarıdır. Sovet adamları bu işə qiymət verən insanlardır. Bu baxımdan, işimiz yaxşı gedir.

– Alıcılarınız əsasən kimlərdir?

– Müştərilərimiz arasında yaşlı nəsil də, gənc nəsil də var. Biz müştərinin istəyini nəzərə alaraq müxtəlif oyuncaqlar düzəldirik. Özü də çalışırıq, hər bir oyuncaq orijinal olsun, yəni bir müştəri üçün hazırladığımız oyuncaq digərlərinə bənzəməsin. Bizdə çatdırma da olduğundan müştərinin toy.florist saytına daxil olaraq İnternetlə sifariş verməsi kifayətdir.

– Maraqlıdır, güldən düzəldilən oyuncaqların ömrü nə qədərdir?



– Digər güllərə nisbətən oyuncaq güllərin ömrü daha uzun olur. Bu da bizim işimizə yarayır. Təxminən 10 gün, iki həftə, hətta otaq temperaturu uyğun olsa, hər gün sulansa, 3 həftə də qala bilir.

– Həm “Mirror” studiyasını, həm də “Toy Florist”i idarə etmək çətin deyil ki?

– Xeyr, çətin deyil. Bəzən sifarişlər çox olanda, çətinliyimiz olur, ancaq hər iki studiyadakı peşəkar komandamızla birlikdə öhdəsindən gəlirik.

– Kanadada sizi özünə çəkən nədir?

– Burada insanların rahat yaşaması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Məsələn, tibbi xidmət pulsuzdur, biznes qurmaq asandır, hər şeyin sadə və əlçatan olmasını bəyənirəm. Təbiəti çox gözəl, əhalisi gülərüz, mehribandır.

– Kanadada iş qurmağın asan olduğunu deyirsiniz. İş qurmaq üçün hansı proseduralardan keçmək lazımdır?

– Buradakı bizneslərin 50 faizindən çoxu miqrantlar tərəfindən qurulub. Üç saatın içərisində biznes açmaq mümkündür. Belə ki, İnternet vasitəsi ilə 3 saat ərzində öz şirkətinizin adını qeydiyyatdan keçirir, lisenziya və digər sənədləri çox asanlıqla əldə edə bilirsiniz. Əsas odur ki, ideya, istək olsun. Qalanı asandır. Əgər yaxşı xidmət göstərəcəksinizsə, öz biznesinizi qurmağa hazırsınızsa, tənbəl deyilsinizsə, Kanadada biznes qurmaq və bunu inkişaf etdirmək mümkündür. İşin sferasından asılı olaraq hətta dövlət də maddi yardım edir.

– Azərbaycanla əlaqələriniz necədir, tez-tez gedib-gələ bilirsiniz?

– Demək olar, ildə 5-6 dəfə gedirəm.

– Ədalət, 24 yaşınızda öz işinizi qurmusunuz. Hazırda iki şirkətə rəhbərlik edirsiniz. Uğur sirriniz nədədir?



– Hər bir uğurun arxasında Allah dayanır. Əgər mən nəyəsə nail olmuşamsa, bu, Allahın köməyi ilə olub.

– Amma Allahın köməyilə yalnız bərəkət hissəsi həll ola bilər. Bəs hərəkət hissəsində nə etmisiniz ki, işiniz uğurlu olub?

– Bir işi başlayanda onu yaxşı-yaxşı araşdırmaq və başladığım işi sona qədər davam etdirmək mənə kömək edir. Qarşıma məqsəd qoyuramsa, istədiyimə nail olmamış geri addım atmıram. Məncə, insanlarla yaxşı ünsiyyət qurmağım, tanışlıqlarım da mənə kömək olur. Bəlkə də azərbaycanlı olduğuma görə istedadım da var. Çünki foto, video, güldən oyuncaqlar düzəltmək istedad, yaradıcılıq tələb edir.
Ailənin, valideynlərinin, həyat yoldaşının dəstəyi də bizneslə məşğul olan adamın uğur qazanması üçün vacibdir.

– Kanadada Azərbaycan ordusuna dəstək kampaniyası keçirildi. Deyəsən, təşkilatçı siz idiniz…

– Hər bir azərbaycanlı kimi Qarabağın işğal altında olması məni də çox narahat edir. Azərbaycanda baş verən son hadisədən sonra ailəmlə məsləhətləşib nümayiş təşkil etmək qərarına gəldim. Burada yaşayan azərbaycanlılarla əlaqə saxladıq. Azərbaycan ordusuna dəstəyimizi göstərmək üçün nümayiş təşkil etdik. 6 günün içərisində 100-dən artıq soydaşımızı bir araya topladıq.

Kanadanın Ontario əyalətinin paytaxtı Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirdik.

– Həmvətənlərimizi aksiyaya cəlb etməkdə problem yaşamadınız ki?

– Xeyr. Yığılmağımızın səbəbi Qarabağda baş verən hadisələr olduğuna görə hər kəs bir nəfər kimi gəldi. Torpaqlarımızın işğal altında olması hər bir azərbaycanlını çox narahat edir və buna görə hər kəs təşkil etdiyimiz aksiyaya könüllü surətdə, sevə-sevə qatıldı. Aksiyada nəinki Azərbaycan türkləri, Türkiyə, Özbəkistan, Cənubi Azərbaycandan olan türklər də öz dəstəklərini göstərdilər. Aksiyaya qatılan hər kəs bildirmək istəyirdi ki, biz başqa ölkədə yaşamağımıza baxmayaraq, ürəyimiz vətənlə döyünür və hər an hər cür dəstək və kömək göstərməyə hazırıq. Vətən bizi səsləsə, gəlib torpaqlarımız uğrunda son damla qanımıza kimi vuruşarıq da!

Maraqlı ola bilər: Kanada xarici tələbələrə vətəndaşlıq verir

©Kaspi qəzeti
Paylaş