“Kənd təsərrüfatında uzunmüddətli mənfəət verən yeni biznes strukturu yaradırıq”

Date:

Paylaş:

Agriculture Management and İnvestment Company şirkətinin direktoru Emin Əliyev 1998-2007-ci illər ərzində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, maqistr və dokturantura təhsilini almışdır. Bir sıra dövlət və qeyri-dövlət strukturlarında çalışmışdır. Təhsilini artırmaq üçün 2013-cü ildə Almaniyanın Münhen şəhərində General Menecer, 2017-ci ildə isə İsrailin Kibutz Shfaim vilayətində “Kənd təsərrüfatının idarə edilməsi” üzrə təlimlərdə olmuşdur. 2016-cı ildə isə direktoru olduğu AMIC şirkətini yaratmışdır.

– Şirkətiniz haqqında məlumat verərdiniz?

Şirkətimiz rəsmi olaraq 2016-cı ilin dekabr ayından fəaliyyətə başlamışdır. İlk olaraq Quba və Qusar rayonlarında ümumilikdə 150 hektarlıq təsərrüfat sahələrinin idarə edilməsi işini həyata keçirirdik. Bu sahələrdə qarışıq meyvə bağçılığı və taxılçılıq fəaliyyəti ilə məşğul olurduq. Lakin kənd təsərrüfatı sahəsində yeni biliklər qazandıqca bu sahənin imkanlarının olduqca geniş olduğunu, burada öyrəniləcək və tətbiq ediləcək elmi yeniliklərin olduqca sürətlə artdığını görərək bu yenilikləri ölkəmizə gətirməyi və bu xidmətlərin verilməsi ilə kənd təsərrüfatı sahələrinin ən müasir texnologiyalar və menecment qaydaları ilə idarə edilməsi qərarını verdik. 2017-ci ilin may-iyun aylarında İsrail Dövlətində bağçılıq və üzümçülük sahələrində müasir idarəetmə üsulları barədə kurslarda iştirak edən zaman bu dövlətin qabaqcıl kənd təsərrüfatı şirkətləri ilə görüşlər keçirdim və bu şirkətlərlə əməkdaşlıq etməyə başladıq. Hal-hazırda administrativ işlərlə məşğul olan 4 peşəkar əməkdaşımız, bir baş aqronomumuz və zəngin praktiki təcrübəsi olan onadək kənd təsərrüfatı mütəxəssisimiz vardır. Əsasən Quba-Xaçmaz iqtisadi zonasında fəaliyyət göstəririk və ölkəmizin digər bölgələrində də fəaliyyət göstərməyi planlaşdırırıq.

– Hansı xidmətləri göstərirsiniz?

Ən əsas xidmətimiz xırda və orta həcmli təsərrüfat sahələrinin menecmenti fəaliyyətidir. Biz torpaq sahələrinə malik və bu sahədə bağçılıq, tərəvəzçilik və ya istixana qurmaq istəyən sərmayədarlar üçün öncədən razılaşdırılmış əsaslarla kənd təsərrüfatı obyekti yaradır və idarə edirik. Başqa sözlə desək, ayrı-ayrı şəxslər üçün onların şəxsi investisiyası hesabına uzunmüddətli mənfəət verən yeni biznes strukturu yaradırıq. Bununla yanaşı, xüsusilə, yerli sortlardan ibarət tingçilik fəaliyyəti ilə məşğul oluruq. Biz Quba və Qusarda idarə etdiyimiz sahələrdə məhz bizim mütəxəssislər tərəfindən yetişdirilən tinglərdən istifadə etmişik.

Bundan başqa ən müasir texnologiyalar əsasında suvarma sistemlərinin, istixanaların qurulması fəaliyyəti ilə də məşğul oluruq. Bu sistemlər və detallar tamamilə İsrail istehsalıdır və uzunmüddətli zəmanət verir və operativ xidmət göstəririk.

Daha sonra ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni və perspektivli bazarlara çıxmaq imkanlarını təmin etmək üçün beynəlxalq sertifikatların verilməsini təmin edirik. Eyni zamanda kiçik və orta səviyyəli fermerlərin məhsullarının dünya bazarlarına çıxarılmasının təmin edilməsi, məhsulların paketlənməsi, brendləşdirilməsi və “Made in Azerbaijan” markası ilə satışının təşkil edilməsi nəzərdə tutduğumuz fəaliyyət sahələrimizdəndir.

Şirkətimizin uzunmüddətli strateji xəttinin ana fəaliyyəti isə milli kadrların yetişdirilməsi, kənd təsərrüfatı mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasının təmin edilməsi üçün qısamüddətli və uzunmüddətli təlimlərin təşkil edilməsidir. Hal-hazırda bu sahədə ciddi çətinliklərimiz vardır və biz çalışırıq ki, bu çatışmazlıqların aradan qaldırılması üçün dövlətin müvafiq qurumları, QHT-lər ilə birlikdə bu problemləri yaxın 2-3 il ərzində aradan qaldıraq və yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, konsultantlar yetişdirərək ölkə iqtisadiyyatına töhfə verək.

– Hansı ölkələrlə və şirkətlərlə əməkdaşlıq edirsiniz?

Yeni şirkət olmağımıza baxmayaraq kifayət qədər ölkəylə sıx əməkdaşlıqlar qura bilmişik və bu əlaqələr genişlənməkdə davam edir. Qeyd edim ki, müxtəlif sahələr üzrə fərqli dövlətlərlə əməkdaşlıq edirik. Belə ki, müasir suvarma və istixana sistemlərinin qurulması üzrə İsrail Dövləti dünyanın qabaqcılq dövlətlərindəndir və biz İsrailin NaanDanJain suvarma şirkəti, Profiline kimi istixana sistemləri quran şirkətlərinin ölkəmizdə rəsmi tərəfdaşıyıq. Eyni zamanda k/t sahəsində milli kadrların yetişdirilməsi layihəmizdə də əsasən İsraildən dəvət etdiyimiz mütəxəssislərin təcrübələrindən istifadə edirik. İntensiv tingçilik sahəsi üzrə Türkiyə, İtaliya və Niderland şirkətləri ilə əlaqələrimiz yaranmışdır. Bunlardan başqa Tacikistan, Qazaxstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Belorus kimi dövlətlərin kənd təsərrüfatı şirkətləri və ayrı-ayrı mütəxəssislərlə əməkdaşlıqlar qurmuşuq. Bu əlaqələr hal-hazırda istədiyimiz sürətlə inkişaf etməsə də ümidlərimiz böyükdür.

Onu da qeyd etmək istəyirəm ki, 2017-ci ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliyində və Bəhreyn Krallığında səfərdə olduq və bir çox görüşlər keçirtdik. İlkin danışıqlarımızı uğurlu shesab etmək olar. Hesab edirik ki, biz bu ölkələrlə də dərin və uzunmüddətli əməkdaşlıq edəcəyik.

– Həyata keçirmək istədiyiniz layihələr barədə danışardınız?

Bildiyiniz kimi hal-hazırda dünyada orqanik və bio məhsulların populyarlığı artmaqdadır. Məhz bu səbəbdən də ölkəmizdə yetişdirilən təbii-orqanik məhsulların istehsalının artırılması, ilk əvvəl yerli istehlakçılarımıza təqdim edilməsi, daha sonra isə digər dövlətlərə ixrac həcminin artırılması istiqamətində fəaliyyət göstəririk. Onu da qeyd edim ki, hal-hazırda təbii ərzaq, qida və kənd təsərrüfatı məhsullarının satışını təşkil edən “Saf Qida” orqanik məhsullar dükanı ilə sıx əməkdaşlıq edirik və bu əməkdaşlıq bizim gələcək layihələrimizin genişləndirilməsində bizi daha da ruhlandırır.

Hal-hazırda ciddi səylə üzərində çalışdığımız digər bir layihə yuxarıda qeyd etdiyim kimi kənd təsərrüfatı sahəsində milli kadrların hazırlanması üçün qısa və uzunmüddətli, ən əsası davamlı və sistemli təlim kurslarının keçirilməsidir. Onu da qeyd edim ki, İsraildən dəvət etdiyimiz yüksəkixtisaslı və peşəkar mütəxəssislərin iştirakı ilə oktyabr ayının 25-də Quba şəhərində “Bağçılıq təsərrüfatlarına müasir üsullarla qulluq qaydaları” mövzusunda, oktyabrın 26-da isə Bakı şəhərində “İstixana təsərrüfatlarına müasir üsullarla qulluq qaydaları” mövzusunda ikigünlük ödənişsiz təlimlər verdik. Təlimlərin xərcini tam olaraq öz üzərimizə götürmüşdük. Lakin İqtisadiyyat Nazirliyinin və şəxsən nazir Şahin Mustafayevin tapşırığı ilə bizə nazirlik tərəfindən hərtərəfli dəstək oldu. Fürsət olmuşkən, bu vasitədən istifadə edərək Şahin Mustafayevə və onun rəhbərlik etdiyi nazirliyin əməkdaşlarına təşəkkür edirəm. Təlimlərə marağın böyük olması bizi bu sahədə səylərimizi daha da artırmağa sövq elədi. Hal-hazırda daha bir seminarın keçirilməsi üçün danışıqlar gedir və ümidvaram ki, bu seminar da öncəki təlim kimi uğurlu olacaqdır. Onu da qeyd edim ki, 2018-ci ilin fevral-mart aylarında Almaniya Federativ Respublikasında kurslarda iştirak etmək məsqədi ilə səfərim olacaqdır. Burada kənd təsərrüfatı sahəsində təlimlər verən şirkətlərlə əməkdaşlıqlar qurulması və bu mütəxəssislərin ölkəmizə dəvət olunaraq təlimlərin verilməsi üçün görüşlər planlaşdırıram. Yeri gəlmişkən qeyd edim ki, Avropa ölkələrində fəaliyyət göstərən qabaqcıl sertifikasiya şirkətləri ilə də ilkin danışıqlarımız olmuşdur və ola bilsin ki, Azərbaycan məhsullarının Avropa bazarlarına giriş imkanlarını genişləndirəcək sertifikatların ölkəmizdə verilməsini təmin etmək imkanlarına sahib olacağıq.

Daha sonra ən müasir və təbii gübrə sayılan bioqumus istehsalına başlamaq ərəfəsindəyik. Artıq müəyyən tikinti işləri başa çatmaq üzrədir və yəqin ki, yaxın günlərdə bu fəaliyyətə başlayacağıq.

– Hansı maneə və problemlərlə üzləşirsiniz?

Kənd təsərrüfatı və ümumiyyətlə menecment kifayət qədər çətin sahələrdir və bu günədək olduqca çox çətinliklərlə üzləşmişik. Lakin mən maneə və çətinliklər barədə nəinki çox danışmaq, ümumiyyətlə danışmaq istəməzdim. Çünki maneələr və problemlər bizi daha da güclü edir. Əgər bir şey səni öldürmürsə, demək o səni gücləndirir. Əgər bu maneələr bizi öldürməyibsə və biz hələ də sağıqsa demək o bizi gücləndirib.

– K/T sahəsində fəaliyyət göstərən və gələcəkdə fəaliyyət göstərmək istiyənlərə tövsiyyələriniz nələrdir?

Ən vacib tövsiyyəm bütün yeniliklərə liberal davranmaqdır. Bu sahədə konservativlik qəbuledilməzdir. Mütəmadi olaraq elmi yeniliklərdən xəbərdar olmaq və onu bacardıqca tətbiq etməkdir.

Digər tövsiyyəm cəsarətli və qətiyyətli olmaqdır. Hesab edirəm ki, bu tövsiyyələr bizim gələcək uğurlarımızın əsasını təşkil edəcəkdir. Öz əməkdaşlarımızla keçirtdiyim görüşlər və iclaslarda da onlara ən çox tövsiyyəm yuxarıda qeyd edilənlər olmuşdur.

– Ümumiyyətlə ölkəmizin biznes mühitini necə dəyərləndirirsiniz?

Hal-hazırda kənd təsərrüfatı sahələrinin idarə edilməsi fəaliyyətindən başqa bir neçə başqa biznes fəaliyyəti ilə də məşğul oluruq. Belə ki, AMİC də daxil olmaqla 16 şirkəti birləşdirən “Harmony” şirkətlər qrupunu yaratmışıq və mən də bu Şirkətlər Qrupunun idarə heyətinin üzvüyəm. Şirkətlər Qrupumuz qida sektorundan qeyri-qidaya, xidmət sahəsindən istehsalata, beynəlxalq ticarətdən idman və turizmə qədər geniş bir fəaliyyət arealına malikdir. 2015-ci ilin ikinci yarısında etibarən start götürən islahatlar mərhələsinin uğurla davam etdiyini qeyd edə bilərəm. Hal-hazırda həm yerli investorlar və eyni zamanda da xarici investorlar üçün əlverişli biznes mühiti yaradılmışdır. Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, qabaqcıl sənaye ölkələrinin biznes mühiti nə qədər liberal olsa da rəqabətlilik səviyyəsi o qədər də aqressiv və güzəştsizdir. Lakin ölkəmizdəki biznes mühiti hələ yeni-yeni ayağa qalxmağa başlayır və yeni rəqabətədavamlı bizneslərin qurulması üçün olduqca əlverişlidir. Məhz bu amilə görə bu ölkəyə sərmayə yatırmağa dəyər.

– Şirkət olaraq əsas hədəfləriniz nələrdir?

Əsas hədəfimiz xidmətlərimiz və məhsullarımızla ölkə hüdudlarından kənarda da tanınmaqdır. Anlayıram ki, bu hədəflərə nail olmaq olduqca çətin və keşməkeşli yollardan keçir. Lakin mümkünsüz deyil! Mən İsraildə kurslarda iştirak edərkən bütün İsraili görmək, gəzmək imkanım oldu. İsrail ərazisinə görə Azərbaycanımızdan dörd dəfə balacadır, ərazisinin təxminən 60%-ə qədəri səhradır. Lakin İsrailin ÜDM-si 300 milyard dollardan çoxdur. İqtisadiyyatının əsas sahələrindən də biri məhz kənd təsərrüfatıdır. Səhrada kənd təsərrüfatı!
Məhz İsraildə olarkən tam əmin oldum ki, Azərbaycan bu zəngin təbii resursları, əlverişli coğrafi və eyni zamanda siyasi mövqeyi ilə dünya iqtisadiyyatında əhəmiyyətli ölkələrdən birinə çevrilə bilər və gec-tez belə olacaqdır. Biz də gələcəkdə olmasına şübhə etmədiyim uğurların bir parçası olmaq istəyirik!

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...