Əsas səhifə Müsahibə İsveçrənin 125-illik tarixə malik bankında çalışan azərbaycanlı

İsveçrənin 125-illik tarixə malik bankında çalışan azərbaycanlı

551
Paylaş
fagan nagiyev

Müsahibimiz, İsveçrənin 125-illik tarixə malik “Julius Baer” bank qrupuna daxil olan “Julius Baer Investment Advisory”nin İcraçı Direktoru Fəqan Nağıyevlə söhbətmizdə Swiss Private Banking xüsusiyyətləri, dünya trendləri və çağırışları, o cümlədən dünya bank sektorunun gələcəyi məsələlərini müzakirə etdik.

İsveçrənin 125-illik tarixə malik Julius Baer bank qrupuna daxil olan “Julius Baer Investment Advisory”nin İcraçı Direktoru Fəqan Nağıyevin APA-ya müsahibəsi:

– Sizin fikirinizcə, MDB-də Private Banking və Wealth Management  sahələrinin inkişafını ləngidən amillər nədən ibarətdir?

– Bu mövzuda kifayət qədər geniş söhbət etmək olar: belə amillər və səbəblər çoxdur. MDB ölkələrində Prayvit Bankinqin inkişafını ləngidən əsas səbəblərdən biri kimi son illərdə bu ölkələrin maliyyə bazarlarında depozitlərin faiz dərəcələrinin yüksək olması, həmçinin müvafiq infrastrukturun olmaması və bu sahəyə lazımınca diqqət yetirilməməsidir. Məsələn, MDB ölkələri sırasından, Rusiyanı nümunə kimi göstərsək, 2013-cü ildən etibarən RF-nin Mərkəzi Bankı, depozitlərin faiz dərəcələrinin məhdudlaşdırılması istiqamətində  bir sıra yeniliklər tətbiq etməyə başlamış və bu tədbirlər, Investment Banking və Private Banking  sahələrinin inkişafına böyük təkan vermişdi. Mən buna oxşar vəziyyəti Azərbaycanda müşahidə edirəm. 2015-ci ildən başlayaraq Azərbaycanda da depozit faizlərinin kəskin şəkildə azalması, düşünürəm ki, Private Banking və İnvestment Banking sahələrinin inkişafına müsbət təsirini göstərəcək. Buna görə bu sahələrin inkişafı üçün zəruri infrastruktur yaratmaq, yüksək ixtisaslı kadrlar hazırlamaq, bank müştərilərini istiqamətləndirmək, onlara dünya trendlərini göstərmək lazımdır. Bundan əlavə, bu sahələrin inkişafının digər müsbət tərəfi, banklara gəlirlər strukturunda faiz gəlirlərini deyil, kommission  gəlirləri artırmağa imkan yaradacaq.

– Sizin fikrinizcə, MDB ölkələrində uğurlu Private Banking modeli necə olmalıdır?

– Sözsüz, bu, “açıq arxitektura”dır. Nümunə olaraq götürsək, Rusiya bankları 2000-ci illərin ortalarında lazımi infrastrukturu bank daxilində yaratmağa çalışırdılar. Lakin zaman göstərdi ki,  məsələyə bu şəkildə yanaşma daha çox kapital qoyuluşu və vaxt tələb etməklə yanaşı, mənafelərin toqquşmasına səbəb olur. “Açıq arxitektura” inkişaf modeli isə yüksək ixtisaslı və müstəqil vergi məsləhətçilərini, hüquqşünasları və digər mütəxəssisləri cəlb etməklə bazarda olan ən yaxşı məhsulları seçib, müştəriyə təklif etməyə imkan verir.

– Nəzərə alsaq ki, Private Banking Azərbaycanın bank sferasında  nisbətən yeni istiqamətdir, Siz bu gün Azərbaycanda özəl bankçılıq sahəsinin inkişaf perspektivlərini necə görürsünüz?

–  İlk öncə, qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın müasir bank sistemi ciddi dəyişikliklər mərhələsindədir. Ümid edirəm ki, maliyyə-bank sektorunda həyata keçirilən islahatlar, maliyyə nəzarətinin təkmilləşdirilməsi yaxın gələcəkdə müsbət töhfələrini verəcək.

İkincisi, fikrimcə, bu gün Azərbaycanda özəl bankçılıq sahəsində vəziyyəti qiymətləndirmək hələ tezdir. Amma birmənalı şəkildə deyə bilərəm ki, Private Banking üzrə müştəri seqmenti mövcuddur və bu istiqamətdə perspektivlər var. Mən hesab edirəm ki,  ölkəmizdə Prayvit Bankinqin  gələcək inkişafı üçün bu sahədə dünya təcrübəsi, habelə ölkənin iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla, milli kadrların hazırlanması və lazımi infrastrukturun yaradılması istiqamətində çalışmaq lazımdır. Prayvit Bankinq üzrə uğuru təmin edən əsas amil kadrlardır, “private banker” həm güclü peşəkar, həm hərtərəfli inkişaf etmiş şəxsiyyət, yaxşı psixoloq və xoş həmsöhbət olmalıdır.

O cümlədən, PAŞA Bankın Azərbaycanda Prayvit Bankinq sahəsinin inkişafına  böyük töhfələr verdiyini və bu məsələyə peşəkar, sistemli yanaşma nümunəsi göstərdiyini xüsusi qeyd etmək istərdim.

– Sizin fikirinizcə, MDB-də Private Banking qarşısında duran əsas vəzifələr hansılardı?

– Əsas vəzifələrdən biri kimi, kapitalın növbəti nəslə ötürülməsini qeyd etmək istərdim. SSRİ-nin süqutundan sonra, MDB tarixində ilk dəfə, kapitalın yeni nəslə ötürülməsi prosesi başlayıb və burada məsələnin hüquqi tərəfləri ilə yanaşı, mənəvi tərəfinə də xüsusi önəm vermək lazımdı. O cümlədən prosesin düzgün istiqamətləndirilməsi ölkə iqtisadiyyatının gələcək inkişafı üçün də çox önəmlidir. Kapitalın ötürülməsi zamanı ilk öncə bir sıra məqamlara aydınlıq gətirilməlidir: gənc nəsil belə “yük”ü qəbul etməyə hazırdırmı, onlar öz valideynlərinin biznesini sonradan uğurla davam etdirə biləcəklərmi və ya ümumiyyətlə, bununla məşğul olmaq istəyirlərmi? Bundan əlavə, biznes sahibləri miraslarını vərəsələri olmadığı halda və yaxud digər səbəblərdən xeyriyyəçiliyə yönəltmək fikrindədirlərsə, onda nə etməlidirlər? Bunun üçün lazımi infrastruktur varmı?

Bu çox önəmli məsələdir və cavabını gözləyən suallar çoxdur. Prayvit Bankinq müştərilərə ilk növbədə bu suallara cavab tapmaqda yardımçı olmalıdır.

 Siz MDB-də xeyriyyəçiliyin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?

– Burada iki amildən söhbət gedir: məsələnin emosional tərəfi və sistemli yanaşma. MDB ölkələrində xeyriyyəçilik sahəsində sistemli yanaşma çatışmır. Dünya təcrübəsini öyrənmək, bu məsələyə sistemli yanaşmaq və müstəqil peşə sahəsi kimi inkişaf etdirmək lazımdır. Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də xaricdə uğurlu fəaliyyətini MDB ölkələrində bu sahəyə sistemli yanaşmanın nadir nümunələrindən biri kimi qeyd etmək istərdim. Amma, təəssüf ki, MDB ölkələrində belə nümunələrin sayı çox azdır və regionda bu institutun inkişafı qane edən səviyyədə deyil.

– Sizin fikrinizcə, informasiya-telekommunikasiya texnologiyaların (IT-texnologiyaların) inkişafı klassik bankinqin gələcəyinə necə təsir edəcək?

– Düşünürəm ki, yaxın gələcəkdə klassik banklar indiki formada mövcud olmayacaqlar; gələcək banklar – maliyyə xidmətləri göstərən yüksək texnologiyalı şirkətlərə çevriləcəklər.

Bu gün süni intellektin inkişafı və onun müxtəlif sahələrdə tətbiqi gündəlik həyatımızın formatında ciddi dəyişikliklərə səbəb olur. Məsələn, hazırda hər bir meqapolis sakini mobil telefondan və yaxud proqram əlavələrindən istifadə etməklə orta hesabla gündəlik 400-500 MB-dan çox məlumat “istehsal edir”. Müasir texnologiyalar bizə çox böyük həcmdə məlumatları emal edərək informasiyaya çevirməyə imkan verir. Ona görə də bu gün IT mütəxəssislərindən başqa az adama məlum olan “big date”, “machine learning”, “business intelligence” kimi anlayışlar yaxın gələcəkdə gündəlik həyatımızın reallığına və fəaliyyət sektorundan asılı olmayaraq biznesin müvəffəqiyyətini müəyyən edən əsas amillərə çevriləcəklər. Süni intellektin tətbiqi, qabaqcıl texnologiyaların inkişafı və avtomatlaşdırma, bank daxili biznes prosesləri dəyişdirməklə yanaşı, bəzi peşələrin tamamilə və ya qismən yeni peşələrlə əvəz edilməsinə gətirib çıxaracaq.

Bank biznesinin gələcəyinə təsir göstərəcək başqa tendensiyalar da mövcuddur. Məsələn, kraudfandinq (crowdfunding) bazarının və yaxud ”xalq maliyyələşdirməsi”nin artım sürətini araşdırsaq, görərik ki, bu bazarın ümumi həcmi çoxdan 45 milyard ABŞ dollarına çatıb, bu platforma vasitəsilə verilmiş kreditlər üzrə gecikdirilmələr isə 4-5%-i keçmir. Ümumilikdə götürsək, risklərin qiymətləndirilməsi və idarə edilməsi sahəsində çatışmazlıqlara baxmayaraq, zənnimcə “crowdfunding” perspektivdə dünya bank sisteminin prinsiplərini dəyişdirə bilər.

– Siz neft-qaz sənayesinin perspektivi haqqında nə düşünürsünüz? Neft erasının artıq sona yaxınlaşdığını demək olarmı?

– Sözsüz, bəşəriyyət yaxın gələcəkdə neftdən tamamilə imtina edə bilməyəcək. Buna görə, ola bilsin ki, biz hələ neftin qiymətinin artımının şahidi olacağıq. Amma alternativ və bərpa edilən enerji mənbələrinin sürətli inkişafı yaxın gələcəkdə, bəşəriyyətə neft və qaz kimi təbii resurslardan istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. “Tesla” şirkətinin maşınqayırma sənayesindəki inqilabı buna bariz nümunədir. 2010-cu ildən bəri bu şirkətin səhmlərinin dəyəri 1400%-dən çox artıb və  2017-ci il aprelin əvvəlində isə Tesla şirkəti kapitallaşma göstəricisi üzrə General Motors şirkətlər qrupunu qabaqlayaraq ABŞ-ın ən bahalı avtomobil şirkətinə çevrilib.

– Son vaxtlar planetin ərzaq təhlükəsizliyi tez-tez müzakirə edilən mövzulardandır.  Bu barədə Sizin fikrinizi bilmək istərdik.

– Siz çox aktual mövzuya toxundunuz. Ondan başlayaq ki, BMT-nin proqnozlarına görə, 2050-ci ildə dünya əhalisinin sayı 9 milyardı keçəcək. Bu, cari göstəricidən 35 faiz çox olmaqla yanaşı,  qida məhsullarına tələbatın 60 faiz artmasına səbəb olacaq. İnkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın artımı, həyat səviyyəsinin  yüksəlməsi, o cümlədən urbanizasiya prosesinin sürətlənməsi ərzaq mallarının istehlakının dünya əhalisinin sayından daha sürətli artımına gətirib çıxaracaq. Bu isə son nəticədə, suvarma üçün su istehlakının fasiləsiz artımına səbəb olacaq. Əgər bu gün biz 4.000 milyard kub metrdən çox su sərf ediriksə, 2030-cu ildə bizə artıq 7.000 milyard kub metr su lazım olmaq. Problem ondadır ki, biz su resurslarından istifadədə apogeyə çatmışıq – su anbarlarında suyun səviyyəsi və qrunt sularının səviyyəsi azalır. Su çatışmazlığını hiss edən regionların sayı get-gedə çoxalır və onun keyfiyyəti pisləşir. Dünya su ehtiyatlarının çox hissəsini (dünya üzrə su istehlakının 70 faizini) kənd təsərrüfatı “yeyir”. Digər 20 faizi sənayenin və energetikanın, 10 faizi isə ev təsərrüfatlarının payına düşür. Bu baxımdan enerjidən səmərəli istifadə məsələsi dünya ölkələri üçün ön plana çıxır. Biz kənd təsərrüfatında sudan istifadənin səmərəliliyini artırmaqla yanaşı,  sərf olunan suyun miqdarını və çirklənmə səviyyəsini azaltmalıyıq.

– Qeyd etdiyiniz kimi, dünyada urbanizasiya meylinin sürətli artımı müşahidə edilir. Bu amil bəşəriyyətin gələcəyinə necə təsir edə bilər?

– Siz haqlısınız, urbanizasiya – günümüzün reallığıdır. Statistik məlumatlara görə, keçən əsrin ortalarından başlayaraq dünyada şəhər əhalisinin sayı davamlı olaraq artır və 2016-cı ilin məlumatına əsaslansaq, görərik ki, dünya əhalisinin 55%-dən çoxu şəhərlərdə yaşayır.

Müasir dünyamızda meqapolislər və korporasiyalar ölkələrdən daha çox əhəmiyyət kəsb etməyə başlayıblar. Bu gün şəhərlər planetdə demoqrafik və iqtisadi baxımdan üstünlük təşkil edən klasterlərə çevrilir. Məsələn, Türkiyədə aparıcı ticarət və ya maliyyə mərkəzi olan İstanbulun ümumi daxili məhsulu (ÜDM) bu ölkənin ÜDM-nin üçdə bir hissəsindən çoxdur. Dünyanın iri şəhərləri – London, Tokio, Sinqapur və başqaları insan resurslarının və kapitalın səmərəli mübadilə sistemidir desək yanılmarıq. Bu meqapolislərdə böyük korporasiyaların, dünya maliyyə resurslarının və yüksək ixtisaslı mütəxəssislərin əsas hissəsi yerləşir.

– Bir halda ki, şəhərlər mövzusuna toxunduq, Bakı haqqında nə deyə bilərsiniz və Siz şəhərimizin gələcək inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

– Nəzərə alsaq ki, Bakı bizim doğma şəhərimizdir, qorxuram ki, mənim bu barədə fikrim emosional xarakterli olsun. Son 10 ildə Bakının bu qədər dəyişməsi çox sevindirici haldır. Bu məhz o dövr idi ki, mən xaricdə yaşadığıma baxmayaraq, şəhərimizdə baş verən dəyişiklikləri həmişə böyük maraq və qürur hissi ilə izləyirdim. Əlbəttə, dəyişikliklərin müəyyən konkret elementləri hamının xoşuna gəlməyə bilər, amma şəxsən mən hesab edirəm ki, Bakı MDB-də ən gözəl şəhərdir. Mən həmkarlarımla bərabər tez-tez Bakıda oluram və bu insanların üzündə heyranlıq əlamətləri görəndə, əlbəttə, öz ölkəm adına qürur duyuram. Əminəm ki, şəhərimizin potensialı böyükdür.

Şəhərimizin gələcək inkişaf istiqamətlərindən biri kimi, Bakının regionun maliyyə mərkəzinə çevrilməsi ölkənin qeyri-neft sektorunun, habelə maliyyə-bank sektorunun inkişafına böyük təkanı verərdi. Bu sahədə uğurlu dünya təcrübəsi var. Nümunə kimi Dubay Beynəlxalq Maliyyə Mərkəzini (Dubai International Financial Centre) göstərmək olar.

– Sizin fikrinizcə, ən perspektivli investisiya istiqamətləri hansılardır?

– Yuxarıda deyilənləri nəzərə alaraq, kənd təsərrüfatı, su, qida məhsulları və sağlam həyat tərzi ilə bağlı məhsulların istehsalı ilə bağlı sahələrin, o cümlədən IT sahəsini perspektivlərinə inanıram. Son 16-17 ilin statistik göstəricilərinə nəzər salsaq, Domino’s Pizza şirkətinin səhmlərinin son 16 ildə 2000%, Apple şirkətinin səhmlərinin isə təxminən 400% artımının şahidi olarıq. Yəni 2010-cu ildə Domino’s Pizza şirkətinin səhmlərinə sərmayə qoyulmuş 1 min dollar 2016-cı ildə təxminən 21 min dollardan çox, Apple şirkətinin səhmlərinə sərmayə qoyulmuş 1 min dollar isə təxminən 4,6 min dollar deməkdir.

– Hobbilərinizə vaxt ayıra bilirsinizmi?

– Sizin bu sualınıza Nassim Nikolas Talebin “Qara qu quşu” kitabından sətirlə cavab vermək istərdim: “İllər keçdikcə sizin bilikləriniz artacaq, kitabxananız böyüyəcək. Və oxunulmamış kitabların sıxlaşan sıralarına baxanda onlar sizi sanki təhdid edəcəklər. Sizin dünyagörüşünüz nə qədər genişdirsə, oxunulmamış qalan kitablarla dolu rəflərin sayı da bir o qədər çoxdur”. Mən mümkün qədər kitab oxumağa çalışıram, amma rəflərdə oxunulmamış kitabların sayı get-gedə artır. Son vaxtlar oxuduğum kitablardan Kelli Makqoniqalın “İradənin gücü. Onu necə inkişaf etdirməli və artırmalı” və Cim Rocersin “Gələcəyə dünyada ən nüfuzlu investorlardan birinin gözləri ilə baxanda” kitablarını tövsiyə edə bilərəm. Hər iki kitab çox maraqlıdır və onlar mənim üçün əhəmiyyətli olan bəzi məsələlərə başqa yöndən yanaşmağa kömək etdilər.

İdmana gəlincə, Avstriyaya köçəndən sonra qolfla maraqlanmağa başlamışam. Və deyə bilərəm ki, özüm üçün yeni bir dünya kəşf etmişəm: qolf – oyun deyil, fəlsəfədir. Axı burada dəqiq hesablamalar, əməksevərlik, inadkarlıq son dərəcə əhəmiyyətlidir! Bu oyunun fəlsəfəsi insana öz uğursuzluqlarını daha sakit qəbul etməyi və düzgün qiymətləndirməyi öyrədir. Bu isə uğursuzluqları və onların fəsadlarını daha asanlıqla aradan qaldırmağa yardım edir. İnsan bunu anlayanda və öz davranışının əsası kimi qəbul edəndə nəticə alınır – oyunda da, həyatda da. Hər şey reallığa proyeksiyalanır, xarakter dəyişir və insan daha intizamlı, daha diqqətli olmağa başlayır.

Paylaş