Əsas səhifə İş dünyası İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Mehdiyev kimdir…

İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Mehdiyev kimdir…

350
ilham rəhimov

Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu, oliqarx-milyarder İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Araz Mehdiyev onun kürəkənidir. Bu barədə İlham Rəhimov özü “Yeni Müsavat” qəzetinə danışıb.

Bundan əvvəl virtualaz.org Rusiyanın RBC agentliyinə istinadla xəbər vermişdi ki, İlham Rəhimov bu il yanvarın 31-də Moskvanın kommersiya daşınmaz əmlak biznesinə çoxsaylı aktivlərə nəzarət edən “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan 6 şirkətdəki səhmlərini Azərbaycandakı tərəfdaşına təhvil verib. Səhmlərin yeni sahibi İlham Rəhimovun Azərbaycandakı hüquq firması “Fina LLC”-dəki tərəfdaşı Araz Mehdiyev olub.

Oliqarx açıqlamasında bildirib ki, səhmləri adına keçirdiyi Araz Mehdiyev onun böyük kürəkənidir. “Daha mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir. Əksinə, bütün işlərin ağsaqqallığını yenə özüm edəcəm”-İ.Rəhimov deyib.

Biznesmen bildirib ki, bu dəyişikliyə baxmayaraq nə o özü, nə ortaqları Qod Nisanov və Zarah İliyev Rusiyanı tərk etmək niyyətində deyillər.

İlham Rəhimov Moskvadakı aktivlərini kürəkəninin adına keçirməsini “biznes aləmini tərk edib getməsi” və “özünü elmə həsr etməsi” ilə əsaslandırmağa çalışsa da bu sövdələşmə ABŞ Maliyyə Nazirliyinin məlum “Kreml siyahısı”nı açıqlamasından cəmi bir gün sonra baş verib. Həmin siyahıda Kremlə yaxın oliqarxların, o cümlədən İ.Rəhimovun biznes ortaqları Qod Nisanovla Zarah İliyevin də adları yer alır. Gözlənilir ki, tezliklə ABŞ adları “Kreml siyahısı”ında yer alanlara qarşı sərt sanksiyalar tətbiq edəcək.

Habelə Rusiya hakimiyyətinin xaricdəki dostlarının da yeni sanksiyaların təsiri altına düşəcəyi gözlənilir. Yəni İ.Rəhimov “Azərbaycan vətəndaşı olduğuna görə” bu siyahıdan kənarda qalsa da yeni sanksiyaların onu da əhatə edəcəyi gözlənilən idi. Və oliqarx özünün Moskvadakı aktivlərini kürəkəninin adına keçirməklə bu risklərdən sığortalanmağa çalışır. Əslində digər rusiyalı oliqarxlar da tələm-tələsik buna bənzər sövdələşmələr həyata keçirirlər, yaxud Putindən mümkün qədər uzaq qaçmağa çalışırlar ki, aktivlərini qoruya bilsinlər.

İndiki halda İ.Rəhimovun Moskvadakı kifayət qədər gəlirli aktivlərinin yeni sahibi (formal da olsa) Araz Mehdiyev həmin gəlirlərdən Azərbaycan büdcəsinə vergi ödəməli olacaq. Əgər Moskvadakı kommersiya daşınmaz əmlak biznesindən əldə edilən gəlirlər offşorlara ötürülməsə…

Araz Mehdiyevin adına isə bu günlərdə rospres.org saytında yer alan araşdırmada rast gəlinir. Həmin araşdırmada Avropa İttifaqına daxil olan ölkədə-Litvada “Jukovsk” aeroportunun yaradılması ilə məşğul olan “Avia Solution Group” şirkətinin benefsiarlarından bəhs olunur. Bu holdinqin səhmlərinin 10 faizi Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezova və sənaye naziri Denis Manturova yaxın şəxslərə məxsusdur. Qalan benefisiarlar isə məlum deyil və Hollandiyada qeydiyyatdan keçmiş fondlarda gizlənir. Hansı ki, Litva Dövlət Təhlükəsizliyi Xidmətinin xəbərdarlıqlarına baxmayaraq şirkət bu ölkənin aeroportlarında işləyir, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə müqavilələr bağlayır.

Şirkətin aktivləri arasında olan “Jukovsk” aeroportunda 2016-cı ildə “Sky Gates Rus” MMC şirkəti və “Sky Gates Airlines” MMC yükdaşıma şirkəti yaradılıb. 2017-ci ilin aprelində və mayında “Sky Gates Rus” şirkətinin yeni investorları meydana çıxır: şirkətin səhmlərinin 20 faizinin sahibi “Mountain” FZCO(Birləşmiş Ərəb Əmirliklərində azad iqtisadi zonada qeydiyyatdan keçmiş şirkət) və 45 faizinin sahibi isə Rəhimova-Mehdiyeva Səbinə İlham qızı olub. Səbinə Mehdiyeva-Rəhimova İlham Rəhimovun qızıdır.

2016-cı ilin sentyabrında isə “Jukovsk” aeroportunun yük terminalına xidmət etmək üçün “Ramport Aero” səhmdar cəmiyyəti və yenə də Birləşmiş Ərəb Əmirliklərində azad iqtisadi zonada qeydiyyatdan keçmiş “Greenway International” FZCO müvafiq olaraq 51 və 49 faiz payla “Jia Cargo” Səhmdar Cəmiyyətini təsis ediblər.

Hansı ki, “Greenway International” şirkətinin sahibi İlham Rəhimovun kürəkəni Araz Mehdiyevdir. Bildirilir ki, Araz Mehdiyev Putinin dostu, milyarder Arkadi Rotenberqin partnyoru – “İmperial Duty Free” (Moskvanın Şeremetyovo aeroportunda 17 mağazaya sahibdir) şirkətinin həmsahibidir.

Ötən ilin dekabrında isə həmin “Jia Cargo” şirkəti “Rostex” dövlət korporasiyasının törəmə şirkəti olan “RT-Logistic” şirkəti ilə əməkdaşlıq memorandumu bağlayıb. Hansı ki, həmin “RT-Logistic” ötən ilin sentyabrında Avropa İttifaqının sanksiyalarını pozaraq “Siemens” şirkətinin istehsalı olan qaz turbininin Krıma daşınmasını həyata keçirmişdi.

Virtualaz.org

Paylaş