KFC-ni qurmazdan əvvəl satıcı və yanğınsöndürən işləyirdi

0
2307

Harland Sanders kimdir?

KFC şirkətinin loqosundakı adamın həyatı bir çoxlarına maraqlıdır. Dünyanın ən maraqlı uğur hekayələrindən birinə imza atan bu adamı bir az yaxından tanıyaq.

9 Fevral 1890-cı ildə 4 otaqlı bir evdə İndianada (Henrivil qəsəbəsində) dünyaya gəlib. Özündən kiçik 3 qardaşı da olan Harland Sandersin atası 1895-ci ildə yəni Harlandın hələ 5 yaşı olanda vəfat edir. Onsuz da kasıb olan Sanders ailəsi bu vəfatdan sonra daha da pis dolanmağa başlayır. Anası qab yuyan kimi işə düzəlir. Atasız qalan Harland isə evdə kiçik qardaşlarına baxır. Elə o zamandan qardaşlarına yemək hazırlamaq məcburiyyətində qalan Harlandın aşbazlıq qabiliyyəti getdikcə inkişaf edir.

harland sanders

Qəssab atasının ölümündən sonra Harland ibtidai təhsilinə davam edir və eyni zamanda müxtəlif işlərdə işləyərək evə çörək gətirməyə çalışır. İlk olaraq yaxınlıqdakı qonşularının fermalarında işləməyə başlayır (hələ o vaxt 10 yaşı var idi). Bir müddət rəngsazlıq edir. 1905-ci ildə anası başqa biriylə yenidən evlənir. Harland ögey atası ilə yaxşı dolana bilmir və evi tərk edərək əmisinin yanına gedir (New Albany İndiana).

İş həyatı

1906-cı ildə əsgərlik həyatı başlayır və burada (Kubada) yük maşını sürücüsü kimi bir müddət işləyir. Təsadüfən qardaşıyla qarşılaşır. Ancaq qardaşının ögey atası ilə yola getmədiyi üçün evdən qaçdığını və dəmiryollarında iş tapdığını öyrənir. Bir müddət qardaşıyla birlikdə dəmiryollarında və tramvay konduktorluğunda işləyən Harland KFC-ni qurmazdan qabaq yanğınsöndürən, sığorta satıcısı kimi işləyir və tramvaylarda bilet kəsirdi. Hətta bir müddət rezin hazırlayan zavodda da çalışan Harland artıq öz işini qurmaq fikrinə düşür.

colonel sanders

İlk olaraq bir nəqliyyat şirkəti yaradan Harland Sanders bir neçə gəmi ilə Ohio çayında nəqliyyat həyata keçirir. Bu işdən 1 il ərzində 22 min dollar qazanır. Bunun sayəsində bir az özünə gələn Sanders işləri böyütmək üçün bir şirkət daha yaradır. Bu dəfə lampa emalatxanası yaradır. Ancaq lampalar köhnə texnologiyadan yəni “asetilen lampalarından” olduğu üçün Harland bu dəfə müflis olur və bütün pullarını itirir.

Batsa da sahibkarlıqda bunun təbii olduğunu anlayan Harland yolundan dönmür. Standart Oil adlı nəhəng neft şirkəti Harlanda benzin doldurma məntəqəsi açması üçün lisenziya verir (1930). İlk dəfə benzin doldurma məntəqəsində qızardılmış toyuq satan Harland benzindən çox yemək satır. Bundan istifadə edərək Harland daha sonra kiçik bir kafe və motel açır. Hətta Kentucky bölgəsinin yemək mətbəxinə verdiyi töhfələrə görə Kentucy qubernatoru tərəfindən “Polkovnik” ləqəbini qazanır.

Ancaq həmin zamanlarda ciddi iqtisadi böhran olduğu üçün Harland bu dəfə də biznesində müflis olur.

colonel sanders

Bu əzmkar insan yenə yolundan dönmür və 1955-ci ildə ilk KFC kafesini yaradır. Ancaq kafeni qurduqdan sonra onlarla növ ədviyyatla icad etdiyi xüsusi reseptini yaymaq üçün minlərlə restoran gəzir. Hətta xatirələrini danışdığı bioqrafiyasında 1009 restoran gəzdikdən sonra 1009-cu restoranın resept təklifini qəbul etdiyini söyləyib. Daha sonra ölkə səviyyəsində 600 restoranla müqavilə bağlayan Harland getdikcə daha da böyüyür və nəhayət 1964-cü ildə Amerikalı bir vəkil olan John Y. Browna 2 milyon dollar qarşılığında bütün KFC markasını satır (yaşlı olduğu üçün).

Hazırda dünya səviyyəsində 110 ölkədə fəaliyyət göstərən KFC hər il 23 milyard dollardan çox gəlir əldə edə bilən və 20.000 işçisi olan bir restoran şəbəkəsi vəziyyətinə gəlib.