Əsas səhifə Biznes ideyası Günəbaxan əkini ilə biznes qurmaq – günəbaxan necə yetişdirilir?

Günəbaxan əkini ilə biznes qurmaq – günəbaxan necə yetişdirilir?

395
PAYLAŞ

Uşaq ikən  bağımız günəbaxanlarla dolu olardı. Yaz aylarında torpaqda toxumluq tumları iki-iki torpağa basdırar, payız aylarında dənlərini toplayıb qovurardıq.  Təkcə bizim yox, qonşuların da həyətindən sarı  yarpaqlı çiçəklər günəşə tərəf boylanardı. Əkin sahəsi böyük olanlar sahənin ayrı-ayrı yerlərinə köhnə paltarların içinə saman doldurub hazırlanan və  insana  oxşayan  müqəvvalar  qoyardılar ki, quşlar  qorxudan  sahəyə gəlib məhsulu tələf etməsin. Geniş sahələrdə əkin aparan ailə təsərrüfatları əkib-becərdikləri məhsulu bazara  çıxarar, mağazalara verərdilər.

günəbaxan əkini

Söhbət 90-cı illərin əvvəllərindən gedir. Məktəb yaşlarında  “biznes” və “layihə” sözlərinin mənalarını bir o qədər anlamasam da, günəbaxan dənələrinin qablaşdırılması ideya kimi hələ o vaxtdan mənə maraqlı görünürdü. O vaxt isə, biz tumları cibimizə tökməli idik, məktəbdə, yollarda,  açıq halda stəkanlarla istifadə olunmuş, xüsusi formada bükülmüş vərəqlərdə alardıq  və bu da təmizlik baxımından  düzgün deyildi. Paketlənmiş formada isə rast gəlməmişdim. Elə o vaxt düşünmüşdüm ki, niyə görəsən bu məhsul qapalı paketdə satılmır? Niyə  qabıqdan təmizlənmiş dənələr  qovrulmuş halda qablaşdırılmır?

Bu maraq bu gün də qalır. Çünki bildiyim qədər azərbaycanlılar günəbaxan tumlarını çox xoşlayırlar. Tum çırtlamaqla stress atanlar da az deyil, bir çox ailələrin ayrılmaz qidasına çevrilib. Marketlərdə paketlənmiş  tum dənələri vitrinlərinin tez-tez boşalıb-dolması, istehsal edən şirkətlərin (əslində onların bir çoxu sadəcə qablaşdırma ilə məşğuldur—C.Z) gündən-günə artması bu sahənin gəlirliliyindən xəbər verir. Son 3 ildə 30-a qədər adda, fərqli çeşidlərdə paketlənmiş günəbaxan tumlarının satışının şahidi olmuşam.

“Tonla xaricdən alıb, burada qablaşdırırıq”

Təxminən üç-dörd ilin söhbətidir. Mağazadan alış-veriş edərkən tumların satışı ilə məşğul olan firmanın nümayəndəsindən  marketdə reklamını  etdiyi paketlənmiş  dənələrin Azərbaycanın hansı bölgəsində əkildiyini soruşdum. Cavabında güldü: “Nə əkmək?! Tonla xaricdən alıb, burada qablaşdırırıq”. Səhv etmirəmsə, Ukraynanın adını çəkdi.

Bu günlərdə Sabirabad rayonunda taxılçılıq və pambıqçılıqla məşğul olan yaxınımdan   “niyə günəbaxan bitkisini  əkib bazara çıxarmırsız?” sualıma “Bir-iki dəfə müraciət etdim günəbaxan tumlarını istehsal edən  şirkətə. Dedim əkim, məhsul qane etsə,  paketləyib satarsınız.  Maraq göstərmədirlər. Dedilər ki, biz xaricdən kilo ilə gətiririk və burada qovurub qablaşdırırıq. Bilsəm ki, məhsulum satılacaq maraq göstərərəm. Yetişdirilməsi də asandır. Məhsuldarlığı çox olur”—cavabını verdi.

Günəbaxan dənələrindən çiy formada müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur, amma satışda çiy qablaşdırılmış çeşidlərə rast gəlinmir. Alıcı isə gigiyenik səbəblərdən dolayı bazarlarda açıq halda satılan günəbaxan dənələrinə maraq göstərmir.

Son vaxtlar manatın dollar qarşısında kəskin ucuzlaşması, günəbaxan tumlarının qiymətlərini də  50 faizə qədər artırıb. Artıq vətəndaşa  əvvəllər 20-30 qəpiyə aldığı bir ovuc “semiçka” üçün indi  bir çörəyin pulunu 40- 60 qəpik ödəmək sərf etmir. Belə olan halda  müasir şəraitdə yerli istehsalın imkanlarından istifadə etmək, ucuz yerli məhsulu bazara çıxarmaq real görünür.

Günəbaxan haqqında maraqlı məlumatlar

Vitaminlərlə zəngin olan tumu yeyilir, təbabətə yararlıdır, yağı sıxılır, asan əkilir, halvası hazırlanır, şirniyyat məhsullarında geniş istifadə olunur… Bir az da araşdırsaq, siyahını daha da uzatmaq olar.  Günəbaxan dünyada ən önəmli yağ bitkilərindən biri kimi tanınır. Azərbaycanda əsasən dənələrindən istifadə üçün yetişdirilir. Ölkədə iki dəfə ardıcıl devalvasiyadan sonra  yağ məhsulları arasında günəbaxan yağlarında 30-40 faiz, dənələrdə 50 faizə qədər qiymət artımının müşahidə olunması, hələ də ölkəmizdə bu bitkiyə  yeyinti sənayesində yetərincə önəm verilmədiyini, idxalın ön planda olduğunu göstərdi.

Günəbaxanın faydaları

Əslində günəbaxan çox qiymətli bitkidir. Sadəcə qiymətini yetərincə bilmirik. Əsil vətəni Amerika olsa da, dünyanın bir çox ölkələrində becərilir. Ukrayna, Türkiyə, Rusiya kimi ölkələr bu bitkinin məhsullarını dünya ölkələrinə uğurla ixrac edirlər.  Günəbaxan kimi əla keyfiyyətli piyli yağa malik bitki çox azdır. Buna görə də o, dünyanın kənd təsərrüfatında xüsusi yer tutur və böyük şöhrət qazanıb.

Günəbaxanın toxumlarında 40-50 %-ə qədər əla keyfiyyətli piyli yağ var. Bu yağı onun toxumlarını xüsusi press altında saxlamaqla alırlar. Həmin məqsəd üçün bitkinin meyvələri tamam yetişəndə toplanır, qabıq hissələrdən toxumları çıxarılıb təmizlənir, sonra press altında sıxılaraq yağı çıxarılır. Bu qayda üzrə alınmış günəbaxan yağı açıq – sarı rəngdə, maye halda, xoşagələn ətirli iyə və dada malik olur. Bundan başqa, o təbabətdə bir çox dərmanların tərkibinə qatılır, xüsusilə revmatizm əleyhinə işlənən məlhəmlərin hazırlanmasında istifadə olunur.

Günəbaxan necə yetişdirilir- Günəbaxan bitkisinin becərilməsi

Günəbaxan yetişmə periodu boyunca (100-150 gün)  2600-2850 °C civarında  istilik tələb edir. Dərin kök sisteminə sahib olması səbəbi ilə quraqlığa davamlılığı yüksəkdir. Hər cür torpaqda asanlıqla yetişə bilir. Onun  toxumluq dənələrinin torpağa basdırılması üçün torpağın istiliyi ən az 8-10°C olmalıdır. Buna görə də əsasən aprelin əvvəllərindən başlayaraq may ayının ortalarınadək əkin aparıla bilər.  Erkən əkin məhsuldarlığı önəmli ölçüdə artırır.

günəbaxan

Soyuğa dayanıqlı olması aprel-may aylarında Azərbaycanda müşahidə edilən nisbətən soyuq havalarda dözüm göstərir. Ancaq şaxtalı hava -4 °C-dən aşağı olmalıdır ki, bu bitkiyə ziyan dəysin. Bu aylarda ölkəmizdə nadir hallarda şaxtalı hava müşahidə edilir. Bitki iyul-avqust aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Əkilməsi də, yığılması da, toplanması da asandır.

Azərbaycanın əksər bölgələrində yetişdirilir

Günəbaxan dənlərinin istehsalı və qablaşdırılması kiçik sahibkarlar və ailə təsərrüfatları üçün real biznes imkanı kimi görünə bilər. Ölkənin iqlimi demək olar ki, bütün bölgələrdə bu bitkinin əkilməsinə yararlıdır. Dövlət Statistika Komitəsinin saytında dən üçün günəbaxan tumlarının istehsalı həm kənd təsərrüfatı müəssisələri, həm də fərdi, ailə- kəndli və ev təsərrüfatları  üzrə əkin sahələri, məhsuldarlıq, istehsal olunan məhsul barədə illər üzrə müvafiq statistik məlumatlar var.

Görünən “mənzərə” və yaranan təəssürat odur ki, bölgələr günəbaxanın əkininə çox da maraq göstərmirlər. Nə ciddi artım müşahidə olunur, nə də ciddi azalma. Amma vurğulayaq ki, regionun əksər bölgələrində əkin və müəyyən məhsuldarlıq olub. Komitənin saytına 2016-cı ilə olan məlumatlar hələlik yerləşdirilməsə də, 2015-ci ildə Gəncə, Balakən, Oğuz, Astara, Lerik, Qusar, Şabran, Ağcabədi, Neftçala, Salyan, Ağdaş, İmişli rayonlarını çıxmaqla, digər bölgələrdə  əkin aparılıb. Respublika üzrə həmin il 18 min tondan artıq məhsul yığılıb. 2014-cü ildə bu rəqəm 19 min 840 ton,  2013-cü ildə 19 min 714 ton olub. Təxmin etmək olar ki, əkinçi sadəcə az həcmdə yerli bazara çıxarmağa və ailəsinin istifadəsi üçün məhdud şəkildə şəxsi təsərrüfatlarında əkir.

Ailə təsərrüfatlarına yaşıl işıq: ABAD

Bütün bu qeyd olunan amilləri nəzərə alaraq, ən yaxın gələcəkdə günəbaxanın Azərbaycanın yeyinti sənayesinin əhəmiyyətli növü kimi diqqətləri cəlb edəcəyindən xəbər verir. Mövcud iqtisadi şərait artıq günəbəxan tumlarının xarici bazarlardan  gətirib qablaşdırmasını deyil, yerli imkanlar hesabına istehsala üstünlik verməsini labüd edir.

Mən belə olan halda biznesimi qurmaq üçün ABAD-a (Ailə Biznesinə ASAN Dəstək) müraciət edərdim. Çünki sadəcə işin maliyyə tərəfini düşünmək, alıcı tapmaq, toprağı əkib becərməklə iş bitmir. İşinin “tutuzdurduğu” vaxtda yerli səviyyədə nəfsani bürokratik əngəllərlə  kim üzləşmək istəyər ki?!

Ötən il yaradılan və  hazırda bölgələrdə pilot layihələr icra edən ABAD ən yaxın vaxtlarda kiçik ailə təsərrüfatlarının fəaliyyətlərində inqilabi dönüş edəcək. Kiçik ailə təsərrüfatlarına kompleks dəstəyi öz üzərinə götürən dövlət ABAD vasitəsilə sahibkarı tək qoymayacaq.

Reallıq ondan ibarətdir ki, ideyalar nə qədər cəlbedici olsa da biznes planların hazırlığı, dizaynı, brendləşdirilməsi, maliyyə-mühasibat xidmətləri çox vaxt aparır. İstehsalla məşğul olan insanlar nə qədər zəhmətkeş və bacarıqlı olsalar da, eyni zamanda bürokratik əngəllərlə mübarizə apara, məhsulunu tanıda bilmirlər. ABAD-ın ümumxalq etimadı qazanmış “ASAN XİDMƏT”in təminatı altında ailə təsərrüfatlarına dəstəyinin müxtəlif forma və miqyaslarda həyata keçirməsi kiçik sahibkarlara real istehsal imkanları yaradır.

Yeri gəlmişkən ABAD yaxın vaxtlarda yeni şüarla ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların diqqətini cəlb edəcək. Yəni, yeni biznes ideyalarımızla hazır olaq.

Müəllif: Ceyhun Qurbanoğlu