“Felting” adlandırılan sənət növü üzrə öz biznesini qurub

0
1482
elvira ramazanova

“ABAD”çı Elvira Ramazanova müasir zamanda “felting” adlandırılan sənət növü üzrə fəaliyyət göstərir.

Lakin bir çoxu xəbərdarsızdır ki, “felting” hələ 8 min il bundan qabaq, əsasən türk xalqları arasında geniş yayılmış keçə (döyülüb basmaqla, sıxmaqla hazırlanan sıx yun materialdan hazırlanan müxtəlif əşyalar) sənəti ilə eynidir.

Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar “həllac” və ya “atıcı” adlanırdı. İndi də bu sənət növü dünyada və Azərbaycanda öz rəğbətini qoruyub saxlayır.

Elvira Ramazanova bu texnika əsasında bədii oyuncaqlar hazırlayır:

“Sənətlə 4 ildən çoxdur ki, məşqulam. Lakin Azərbaycanda, doğma diyarımda, öncədən oyuncaqlarıma alıcı tapmaq çox çətin olub. Nədənsə eyni texnika ilə hazırladığım broşlara tələb yüksək olurdusa, böyük sevgi və əziyyətlə hazırladığım oyuncaqlarım isə sahibsiz unudulurdu”.

E.Ramazanovanın dediyinə görə, bu səbəbdən o oyuncaqlarını Rusiya bazarına çıxardırdı:

“Amma könlüm razı deyildi. Xaricdə tanınmaq da mənim ambisiyalarıma uyğundur, lakin ilk növbədə Azərbaycanımızda bu sənət növünün yaşadıb inkişaf etdirilməsini istərdim. Bir zaman sonra “ABAD”ın keçə ilə işləyən sənətkarların axtarışında olduğunu eşitdim. Çox sevindim, sənətimə dəyər veriləcəyinə sevindim. Artıq oyuncaqlarım “ABAD”ın mərkəzlərində sərgilənir, satışa çıxarılıb, göz oxşayır və alıcıların rəğbətini qazanıb”.

Elvira Ramazanovanın füsünkar əl işləri ilə tanış olmaq istəyənləri, “ABAD” sərgi-satış mərkəzlərinə dəvət edirik.