Əsas səhifə Biz+ F.Əlişov: “Məqsədimiz yalnız daxili bazarda fəaliyyət göstərmək deyil”

F.Əlişov: “Məqsədimiz yalnız daxili bazarda fəaliyyət göstərmək deyil”

119
PAYLAŞ

Azərbaycanın boya sənayesində xarici məhsullardan asılılığın aradan qalxdığını əminliklə söyləmək mümkündür. Bu sahədə çalışan şirkətlərin tətbiq etdikləri yüksək texnologiya, idarəetmə keyfiyyəti artıq boya sektorunda regionun liderinə çevrilən ölkəmizin ixrac potensialının artmasına hədəflənib. Boya istehsalında Azərbaycanda N1 olan FAB bu yaxınlarda daha bir müəsisə açmağa hazırlaşır. Müsahibimiz FAB Boya və Kimya Sənayesi MMC-nin Satış və Bazarlama Departamentinin Müdiri Fuad Əlişov şirkətin qarşıda planlaşdırdığı layihələr barədə CB jurnalının oxucularına məlumat verdi.

– Artıq hökumət də bəyan etdi ki, 2017-ci ilin I rübündə böhran bitib və iqtisadi inkişaf templəri özünü göstərir. Bu dövr FAB-ın istehsal imkanlarında, dövriyyəsində, satışında özünü necə göstərdi?

– FAB böhran illərində də öz inkişafından qalmadı. Əksinə, yeni fabriklər, istehsal sahələri, yeni iş yerləri açmışıq. Təbii ki, bu böhran da çox uzunmüddətli davam edə bilməzdi. Böhrandan sonrakı vəziyyətə hazır olmaq üçün o dövrdə fəaliyyətimizi gücləndirdik və strategiyamızı çevik şəkildə qurduq. Bu, qlobal bir problem idi və artıq bütün dünyada böhran öz təsirini itirməkdədir. Yenidən inkişaf tendenasiyaları hiss olunur və hər bir sahədə özünü göstərir. Satışlar da ona uyğun şəkildə getdikcə artır. Bilirsiniz ki, yay dövrü inşaat mövsümüdür. Ona görə də satışların həcmi artıb. Eyni zamanda Azərbaycanın inşaat sektorunda yenidən müşahidə edilən canlanma fərdi və korporativ müştərilərimizin aktivləşməsi ilə özünü göstərir. Paralel olaraq FAB da daxili bazarın yüksək keyfiyyətli tikinti materiallarına olan tələbatını təmin etmək məqsədilə yeni layihələri həyata keçirmək istiqamətində işlərini sürətləndirib. Tezliklə inşaat sektoruna aid yeni bir istehsal sahəmiz – “Beyaz alçı” Fabriki açılacaq. Bu fabrik ən yüksək texnoloqiyalarla təmin edilib və ümidvaram ki, digər məhsullarımız kimi tez bir zamanda müştəri məmnuniyyəti qazanacaq.

– Bilirik ki, yay mövsümündə tikinti sektoru canlanır. Artıq payızdır, məhsulların satışında müsbət tendensiya hiss olundumu?

– Bəli, artım var. İnşaat sektorunda canlanma I rübün sonundan başlayır, noyabr ayına qədər davam edir. Təbii ki, iqlim şəraitindən asılı olan amillər satışa təsir göstərir. Yaz-yay aylarında inşaat materiallarına təlabat yüksəlir. Bu, bizim də satışların artmasına birbaşa və ya dolayısı ilə təsir edir. FAB ümumiyyətlə topdansatışla məşğuldur. Müştəri portfeli həm sənaye, həm də pərakəndə alıcılara bölünür. Təhlil aparsaq, əlbəttə ki, sənaye müştərilərimiz böyük əksəriyyəti təşkil edir. Satışlar bir neçə istiqamətdə həyata keçirilir. Şirkətin korporativ satış bölməsi artıq 2 ildir fəaliyyət göstərir. Bu bölmə işə başlayandan inşaat sektorunda baş verən bütün proseslərdə iştirakımızın səviyyəsi yüksəlib. FAB məhsullarına tələbat hiss olunur. Mən hazırda Azərbaycanın inşaat sektorunda bir canlanma görürəm. Sektor böhrandan çıxaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, analoji olaraq, tikinti materialları bazarına yeni müştərilər gətirir.

– “FAB meqa” brendi bazarda özünü doğrulda bildimi?

– “FAB meqa” qrup boyaları 2016-cı ildən istehsal edilir. Bu brend Azərbaycanın boya sektorunda bir ilkdir. Yəni, bu boyaların tərkibi, ona qatılan kimyəvi maddələr tamamilə Avropanın ən məşhur firmalarının xammallarıdır. Həmin boyaların xüsusiyyətləri, keyfiyyət parametrləri fərqlidir. Avropada ən yüksək marka nədirsə, “FAB meqa” onun üzərində hazırlanıb. “FAB Akademiya”dakı laboratoriyalarda bu məhsulların tərkibi yoxlanılıb. Bütün göstəricilər onu deməyə əsas verir ki, biz yerli bazara Avropa məhsullarından da üstün bir məhsul çıxarmağa nail olmuşuq. Bunu tam əminliklə vurğulaya bilərəm ki, “FAB meqa” ölkəmizin boya sektorunda bir keyfiyyət nişanıdır. Bu boya məhsulu ilə bağlı aldığımız müştəri rəyləri çox yüksəkdir. “FAB meqa”dan istifadə edən ustalarla, sənaye müştərilərimiz ilə keçirdiyimiz sorğulardan aydın olur ki, artıq qrup boyaları yavaş-yavaş öz reytinqini daha da artırır.

– Prezidentin tapşırığına görə, rəqabətə davamlı və keyfiyyətli Azərbaycan məhsullarının regional və digər yaxın bazarlara çıxarılması üçün tədbirlər görülsün. Bəs, “FAB”ın bu imkanları hansı səviyyədədir? Regioanal bazarlara çıxışla bağlı nə düşünürsüz?

– Biz yatırımlar edərkən məqsədimiz sadəcə daxili bazarda fəaliyyət göstərmək deyil. Hər hansı müəssisə həm daxili, həm də xarici bazara çıxmaqla özünü ayaqda saxlaya, bir dünya markasına çevrilə bilər. Bu, həm ölkəmizin inkişafı, tanınması, həm də şirkətlərin rəqabət qabiliyyətinin artırması üçün vacib amildir. Şirkətlər xarici bazarlarda tərəfdaşlar axtarmalı, satışların bir hissəsini orada reallaşdırmalıdırlar. Cənab Prezidentimizin dəstəyi ilə “FAB boya” şirkəti də sərmayə qoyuluşlarını həyata keçirərkən rəqabətə davamlı bir istehsalat şəbəkəsi qurmağı qarşısına məqsəd qoyub. Eyni zamanda da ixracın önünü açmaq prosesləri sürətlə getdiyinə görə bizim də hazırda postsovet məkanına, Orta Asiya ölkələrinin bazarlarına yönəlik layihələrimiz işlənməkdədir. Yaxın gələcəkdə bunun effektini hiss edəcəyimizə inanıram.

– FAB-ın hazırda neçə çeşiddə məhsulu var? Hansı layihələri həyata keçirməyi hədəfləmisiniz?

– İnşaat sektorunda araşdırmalarımız hər zaman davam edib. “FAB meqa” boyalarının ortaya çıxması da uzunmüddətli proseslərin təhlili nəticəsində mümkün oldu. Boya sektorunda, ümumiyyətlə inşaat sahəsində yeni məhsulların istehsalı geniş bazar araşdırmasına əsaslanır. Böhran bizi bir daha dərindən düşünməyə varad edir ki, belə sıxıntılı dönəmlərdə onun təsirlərini daha az hiss etmək üçün hansı addımları atmalıyıq, hansı istiqamətləri inkişaf etdirməliyik. Təbii ki, daha çevik yanaşma, yeniliklərə açıq olmaq belə vaxtlarda şirkətin dayanıqlı olmasını təmin edir. Hazırda FAB boya həm sintetik, həm su, həm də selülozik əsaslı boyalar istehsal etməklə bazarın tələbatının böyük bir hisəsini qarşılayır. Eyni zamanda tutqal istehsalımız inkişaf edir. Zaqafqaziyada ilk dəfə olaraq tutqal istehsalı fabrikinin açılışı məhz Azərbaycanda, FAB tərəfindən reallaşdırılıb. Yəni, çeşidlərimiz ildən-ilə artır. Hər il yeni çeşidlər ortaya çıxır. Laklar, su əsaslı parket lakları, dolğular yeni məhsullarımızdandır. Bu yaxınlarda inşaat sektoruna yeni bir məhsul töhfəsini də verəcəyik.

– Hökumət idxal edilən məhsulların yerli istehsalla əvəzlənmsində maraqlıdır. Artıq belə bir siyahının hazırlanması üçün tapşırıq da verilib. Sizcə, tikinti sektorunda hansı məhsulları yerli istehsalla əvəzləmək olar?

– İdxaldan asılılığı aradan qaldırmaq uzunmüddətli bir prosesdir. Hazırda əldə olan imkanlar çərçivəsində qısa zaman ərzində, məsələn boya sektorunda FAB öz sözünü deyib. 10-15 il əvvələ dönsək, yerli bazar yalnız idxal məhsulları hesabına formalaşırdı. İndi artıq FAB Boya olaraq bazarda öz sözümüzü deyərək, brendimizi formalaşdıraraq yerli istehsalı yüksək səviyyəyə qaldırmışıq. Hesab edirəm ki, Azərbaycanın xaricdən hər hansı boya məhsulu almasına ehtiyac da qalmayıb. Biz boya istehsalçısı olaraq bütün tələbatı ödəyə bilərik. FAB-da istehsal edilən digər məhsul növlərinin də – plastik boruların, kafel-metlax yapışdırıcılarının, beyaz alçının xaricdən gətirilməsinə ehtiyac yoxdur.

– FAB xaricdən xammal alırmı? Xammalın hansı hissəsi yerli məhsullar hesabına qarşılanır?

– Bu, çoxşaxəli məsələdir. İstehsal prosesi üçün lazım olan xammalı tam şəkildə Azərbaycandan tədarük etmək çətindir. Çünki xammal bazarında artıq dünya markaları özünə möhkəm yer tutub. Həmçinin bu xammal növlərinin daxili bazardan alınması üçün imkanlar çox zəifdir və ya heç yoxdur. Ona görə də idxal etmək məcburiyyətindəyik. Yerli bazardan da aldığımız xammallar var, ancaq bu sahədə idxaldan asılılığı azaltmaq uzun sürən bir prosesdir. Yeni açılacaq fabrikimizdə istifadə edəcəyimiz xammalın isə 90%-i yerli məhsullar olacaq.

– Xammalı əsasən hansı ölkələrdən alırsınız?

– Biz xammalların əsas hissəsini Almaniya, ABŞ və Cənubi Koreyadan alırıq. Laboratoriyalarımızda Almaniya və İngiltərədən alınan avadanlıqlar quraşdırılıb. Plastik boru üçün dünyada ən keyfiyyətli xammal Cənubi Koreyada istehsal edilir və biz də istehsalda məhz bu ölkənin məhsuluna üstünlük veririk. Ancaq Azərbaycanda istehsal olunan materiallar, xammal növlərindən istifadəyə daha böyük önəm veririk. Çünki yerli xammal daha ucuz başa gəlir. Lakin burada keyfiyyət amilini də unutmaq olmaz, çünki nəticə etibarilə hazırlanan məhsulda öz əksini tapır.

– “Beyaz alçı” nə vaxt fəaliyyətə başlayır və yeni zavodda nə qədər işçi qüvvəsi çalışacaq?

– 2017-ci ilin sonuna doğru açılacaqdır. Bütün yatırımlarımız modern texnologiyaya əsaslandığından orada sırf avtomatlaşdırılmış istehsal prosesi qurulur. İlkin mərhələdə yeni müəssisədə 50 nəfərə yaxın işlə təmin olunacaq. Təbii ki, tədricən istehsal artıqca işçilərin sayı da artacaq.

– Kadr hazırlığı üçün hansı tədbirləri görürsünüz?

– Yeni qurulan texniki vasitələri çalışdırması üçün birbaşa yerli mütəxəssis tapmaq çox çətindir. Bizdə bu sahədə bir boşluq var. Buna görə son illərdə mütəxəssislərin inkişaf etdirilməsi, yeni texnologiyaların öyrənilməsi prosesi başlayıb. Əvvəllər daha çətin idi, artıq ali məktəblərdə kimya, texniki mühəndisləri yetişdirilir. Təbii ki, hər hansı yeni sahədə işə başlayanda bu işin mütəxəssisi olan xarici vətəndaşlara müraciət etmək olar. Ancaq bizim üçün yerli kadrlarımızı yetişdirmək daha üstündür. İşçilərimizi təhsillə bağlı davamlı olaraq xaricdəki kurslara göndəririk. Onları əsasən də Türkiyədə treninqlərə cəlb edirik.

– FAB Akademiyasında ustaların maarifləndirilməsi istiqamətində işlər aparılır. Həm də orta məktəblərdən zavoda ekskursiyalar təşkil edilirdi. Bəs, hazır kadrların işə götürülməsi üçün bu sahədə çalışan ali təhsil müəssisələri ilə hansısa əməkdaşlıqlar qurulubmu?

– İnşaat sektorunda çalışmağa, boya istehsalı ilə məşğul olmağa başlayarkən şablon addımlar atmadıq və qarşımıza uzunmüddətli məqsədlər qoyduq. Düşündük ki, ölkəmizin iqtisadi inkişafına töhfəmiz olsun, çalışdığımız sahədə yeniliklər edək. FAB yalnız boya istehsalçısı deyil, həm də insanları maarifləndirən, sosial məsuliyyət daşıyan, ölkə vətəndaşlarını stabil iş yeri ilə təmin edən şirkətdir. İndi FAB Akademiyasının iki korpusu fəaliyyət göstərir. İndiyə qədər minlərlə şagird öz müəllimləri ilə bizim istehsal müəssisələrimizdə olub. Universitetlərdən hər il tələbələr təcrübəyə gəlirlər. FABı təhsil müəssisələrində yaxşı tanıyırlar. Kadr ehtiyaclarımızı bu sahədə çalışan ali təhsil müəssisələri ilə müzakirə edirik. Bugün mütəxəssislərin yetişdirilməsi asan məsələ deyil. Onlar istehsal sahələri ilə universitetlərin birbaşa koordinasiya sistemində hazırlanmalıdır. Biz də FAB boya olaraq çalışırıq ki, nəzəri biliklərlə istehsaldakı tələblərin sintezini tələbələrə çatdıraq.

– Hazırda hökumət peşə təhsili ilə bağlı qanunun üzərində işləyir. Və çalışırlar ki, hansı ixtisaslara daha çox tələbat olması barədə sahibkarların rəylərini alsınlar. Düşünürlər ki, zavodların nəzdində peşə məktəbləri yaradılsın. Siz necə düşünürsüz, bu, istehsal sektorunu irəli apara bilər?

– Təbii ki, inkişafda olan hər bir şirkətə yeni mütəxəssislər lazım olur. Məsələn, bizə əvvəllər kimyaçı və texnoloq, bacarıqlı mühəndis lazım idi. İndi istehsal sahələri böyüdüyü üçün elektrik mühəndislərinə, texniki mühəndislərə, kimya mühəndislərinə ehtiyac daha çox duyulur. Yeniliklər öz işini bilən savadlı kadrlara əsaslanır. Biz də hər zaman yeniliklərə açığıq. Bu cür mütəxəssislərin olması işimizə təkan verir. Yaxşı savadlı kadrlar nə qədər çox olarsa, sahibkarların üzərinə düşən ağırlıq azalar və məhsullarımızın keyfiyyəti yüksək olar. FAB peşə təhsili ilə bağlı hökümətin qərarlarına dəstək verməyə hazırdır. Düşünürəm ki, FAB Akademiyası vasitəsilə bu qəbildən olan layihələrə yardımçı ola bilərik.

– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

©biznesinfo

PAYLAŞ