Əsas səhifə Milyarder Fərhad Əhmədov: “Bunların məqsədi hakim elitanı parçalamaqdır”

Fərhad Əhmədov: “Bunların məqsədi hakim elitanı parçalamaqdır”

113
fərhad əhmədov farhad ahmedov

“Məni “kremlyönümlü oliqarxların” siyahısına daxil ediblər, ona görə ki, “Fobes”in qiymətləndirmələrinə görə (yeri gəlmişkən, tamamilə şərti qiymətləndirmə) mənim sərvətim 1 milyard dolları aşır. Kimin 999.999 milyon dolları varsa onu daxil etməyiblər, kimin 1 milyard üstəgəl 1 dolları varsa siyahıya salıblar. Yəni kimsə müflis olsa o, dərhal kremlyönümlü olmayacaq”.

Virtualaz.org xəbər verir ki, bu sözləri azərbaycanlı milyarder, keçmiş Rusiya senatoru Fərhad Əhmədov adının ABŞ-da “Kreml məruzəsi”inə daxil edilməsini RBC-ya şərh edərkən deyib.

Biznesmen qeyd edib ki, bütün bu sanksiya siyahısı tamamilə siyasi xarakter daşıyır.

“Budur, prezident Administrasiyasının bütün rəhbərliyi, hökumətin bütün tərkibi və s. ora daxil edilib. Həmin məntiqlə əgər V.Mutkonu işdən azad etsələr o həmin siyahıda olmayacaqdı. Mixail  Fedotov isə daxil edilib. Əgər o sabah istefaya getsə yenə də siyahıda qalacaq”-biznesmen bildirib.

Fərhad Əhmədov əlavə edib ki, bu sanksiya siyahısı tələm-tələsik, hər hansı ciddi araşdırmalar aparılmadan tərtib edilib.

“Siyahı Konqresin tələbi əsasında hazırlanıb və antirusiya tədbirlərindən biridir. Məmurlar tərəfindən hazırlanıb. Onlar isə əllərinə birinci keçən “obyektiv” kriteriyaları götürüblər, internetdə qurdalanıblar və 20 dəqiqəyə siyahı hazırlayıblar. Tapşırıq yerinə yetirilib. Kapitoli təpəsindəki “daydaylar” qəzəblənməsinlər deyə ora hansısa “Məxfi hissə” də əlavə ediblər. Lakin hələlik sanksiyalardan söhbət getmir. Bu səthidir. Ancaq daha ciddi məqam da var. Rusiyaya, onun rəhbərliyinə və elitasına qarşı yönəlmiş məqam”-F.Əhmədov bildirib.

Biznesmen deyib ki, Vaşinqtonda Rusiyaya qarşı bütün mümkün sanksiyaların hamısını tətbiq etməkdən çəkinirlər.

“Qoy lap kimsə ölkədə kütləvi etirazlar, hətta bunt qaldırmaq barədə düşünsün, amma bütün bunlar qorxuludur axı. Heç kim bilmir ki, Rusiya ordusu özünü necə aparacaq. Çünki 1991-ci ildən fərqli olaraq indi ordu kifayət qədər döyüş qabiliyyətlidir, ən başlıcası isə yekunda bizim nüvə arsenalının kimin əlində olacağı məsələsi var”-o əlavə edib.

Keçmiş Rusiya senatoru hesab edir ki, Vaşinqtonun məqsədi Rusiya elitasının sıralarında parçalanma yaratmaqdır. Deməli əsas istiqamət bunt qaldırmaq yox, elitanı parçalamaqdır.

“Bununla qorxu hissi yaratmaq, qeyri-müəyyənlik formalaşdırmaq və yekunda ölkə rəhbərliyindən narazılıq yaratmaq istəyirlər. Ancaq doğrudanmı kimsə düşünə bilər ki, Vaşinqton qarşısında yaxşı görünmək naminə prezidentin Administrasiyaya və Hökumətə təyin etdiyi adamlar ona qarşı qəsdə əl ata bilərlər? İndi isə mənim də daxil edildiyim “oliqarxlar” siyahısı barədə. Nəyə görə Rusiyanın bütün iri biznesini ABŞ-ın düşməni elan ediblər? Bunu kim məsləhət görüb? Bu nədir, yaxın keçmişdə totalitarizmin hökm sürdüyü ölkədə iqtisadi azadlıqların dəstəklənməsi? Tam absurddur!!!”-Fərhad Əhmədov deyib.

Biznesmen əlavə edib ki, onun özü biznesini amerikalılarla tərəfdaşlıq edib qurmuşdu. Hansı ki, ilk çətinliklər yaranan kimi onlar qaçdılar.

“Mən tamamilə sıfırdan, heç nədən Sibirdə “Nortgaz”ı qurdum. Amerikalılarla tərəfdaşıq edib başladım. Lakin onlar ABŞ hökumətinin ayırdığı qrantı yeyib qurtaran kimi birinci çətinlikdə qaçdılar. Mən biznesi təkbaşına qurdum və “Qazprom”un təzyiqlərinə qarşı təkbaşına dayandım. Sən demə bütün bunları ABŞ-ın düşmənləri siyahısına düşmək üçün etmişəm…”-Fərhad Əhmədov vurğulayıb.

Bəs bu baş verənlər qarşısında necə hərəkət etmək gərəkdir? Biznesmen hesab edir ki, iki yol var. Və bu yollardan hər biri ilə kimlərsə gedəcək. Biriləri rəhbərlik ətrafında daha sıx birləşəcək, deyəcək ki, bu siyahıya düşmək onlar üçün “qürurdur”. İkincilər daha çox qorxacaqlar və tində itməyə, daha dərinə gizlənməyə çalışacaqlar.

“Lakin üçüncü yol həmişə var. Rusiya biznesi toplaşmalı və Vaşinqtondakı kovboyların onları dilsiz-ağızsız sürü hesab etməsinə, damğalamasına və təkləyib başlarının kəsilməsi cəhdlərinə cavab verməlidir. Və bu yeganə düzgün yoldur. Rusiya biznesinin öz səsi olmalıdır”-o deyib.

F.Əhmədov əlavə edib ki, ABŞ administrasiyasını onun biznes maraqlarına və siyasi imicinə zərbə vurmağa, təmiz yollarla qazandığı pullarını qanunsuz olaraq əlindən almağa yönəlmiş addımlarına görə məhkəməyə verəcək.

“Ötən il Böyük Britaniyada mənim sərvətimi müsadirə edib ingilis xəzinəsinə vermək məqsədi ilə heç olmasa məhkəmə görüntüsü yaratmışdılar. İndi isə amerikalılar özlərini əsl kovboy kimi aparır və bizləri sürüdəki qoyunlar kimi “qırxmaq” istəyir. Sanksiyalar özü hələ yoxdur, ümumiyyətlə, olacağı da hələ məlum deyil. Lakin onlar məni bu siyahıya daxil etməsinin özü artıq diskreditasiyadır”-Fərhad Əhmədov yekunda vurğulayıb.

Virtualaz.org

Paylaş