Əsas səhifə Maraqlı Dubayda bu əmirliyin tarixində ən bahalı penthaus satılıb

Dubayda bu əmirliyin tarixində ən bahalı penthaus satılıb

147
PAYLAŞ

Dubayda yerli daşınmaz əmlak bazarının tarixində ən bahalı penthaus satılıb. Əmirlikdə çıxan “Khaleej Times” nəşrinin verdiyi məlumata görə, bu əqdin məbləği 102 milyon dirhəm (28 milyon dollar) olub.

Azərtac həmin nəşrin məlumatlarına istinadla xəbər verir ki, söhbət “The Palm Jumeirah” adlı süni adada tikilməkdə olan “One Palm by Omniyat” obyektində ümumi sahəsi 30 min kvadrat futa yaxın olan dəbdəbəli üçmərtəbəli apartament barədədir.

Layihənin sifarişçisi Dubaydakı iri “Omniyat” şirkətidir. Layihədə 3 hovuz nəzərdə tutulub, lakin adı bildirilməyən alıcı penthausun damında şəxsi istifadə üçün uzunluğu 20 metr olan daha bir xüsusi hovuz tikilməsini xahiş edib. Onun bu istəyi də tikinti layihəsində əks olunacaq. Tikinti şirkətindən bildiriblər ki, bu, Dubay tarixində “ən uca və ən özəl” hovuz olacaq.

Haqqında danışılan penthaus öz sahəsinə görə binada tikilən penthausların ən böyüyüdür. Burada altı vanna otağı, bir neçə qonaq otağı var. Bütün otaqlardan Körfəzə və Dubayın Marina sahil xəttinə mənzərə açılır. Penthausun sahiblərinin sərəncamında onun daxili tərtibatından əlavə terraslar, balkonlar və dam olacaq. Layihənin dizaynı Londondakı “Elicyon” bürosu tərəfindən hazırlanıb.

“Khaleej Times” nəşrində bu da vurğulanır ki, daşınmaz əmlak alqı-satqısı ilə bağlı bundan əvvəlki ən iri əməliyyat “BulgariResorts & Residences” layihəsində həyata keçirilib. Həmin layihədəki penthaus 60 milyon dirhəmə (16,5 milyon dollara) satılıb. Beləliklə, əvvəlki rekord böyük fərqlə təzələnib.

PAYLAŞ