“Caspian Asian Club” yaradılıb

0
617

“Caspian European Club” və “Caspian Energy International Media Group”un dəstəyi ilə yaradılmış “Caspian Asian Club” adlı yeni sahibkarlar ittifaqı fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Caspian Asian Club”un yaradılması Asiya qitəsi ölkələrinin şirkətlərinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqunun növbəti inkişaf və fəallaşma mərhələsi olacaq.

“Caspian Asian Club” iki il ərzində “Caspian European Club” ilə paralel fəaliyyət göstərəcək. “Caspian Asian Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyev, “Caspian Asian Club” sədrinin birinci müavini isə T.Əliyevdir. İdarə Heyəti və İcraiyyə Komitəsinin üzvləri hər iki təşkilat üçün eyni olacaq. “Caspian Asian Club”un baş icraçı direktoru yaxın vaxtlarda elan ediləcək”, – T.Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik şəkildə “Caspian Asian Club”un tərkibinə daxil ediləcək.

“Caspian Asian Club”un yaranmasına təkan verən amil “Caspian European Club”un üzv şirkətləri ilə əlaqələr qurmaq istəyən Asiya qitəsi, həmçinin iqtisadiyyatın müxtəlif sahələrinə aid ixracyönümlü məhsullar istehsal edən və öz məhsul və xidmətləri ilə Asiya ölkələrinin bazarlarına çıxmaq niyyətində olan Xəzər-Qara dəniz regionu ölkələrinin şirkətlərinin müraciətləri olub. Bunun həmçinin Asiya qitəsi ölkələri ilə Xəzər-Qara dəniz regionu dövlətləri arasında qarşılıqlı turizm axınının artmasına müsbət təsir göstərəcəyinə əminik”, – T.Əliyev vurğulayıb.

O əlavə edib ki, “Caspian European Club” kimi “Caspian Asian Club”un da mənzil-qərargahı Bakıda yerləşəcək.

Qeyd edək ki, “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Sıralarında 5 000-dən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 70 ölkədə fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.