“Biznes sahibləri peşəkarlardan möcüzələr gözləyirlər”

0
1003
Fəxri ağayev

     – 2017.ci ilin Azərbaycan biznesi üçün necə dəyərləndirərdiniz?

2017.ci il biznesimiz üçün çox ciddi və dərin dəyişikliklər ili oldu. Faktiki olaraq bizlər, idarəçiliyin fəlsəfəsinin qaçınılmaz transformasiyasınn şahidi olduq.

Öncədki dövrdə Azərbaycan biznesini bir neçə sözlə belə ifadə etmək olar : “sürətli, nəzarətsiz və təhlükəli böyümə”. Şirkətlər coğrafi, finansal, fiziki baxımdan böyüyürdülər, amma bu ona görə təhlükəli idi ki, biznesin ən vacib sərmayəsi olan insan resursları eyni sürətlə böyümürdü. Təhlükə isə ondadır ki, şirkətlər öz böyümələrini “həzm” edə bilmirdilər. Nəticəsə isə firmaların qısa müddətli uğurları onların uzun müddətli uğursuzluqlarının nəticəsi olurdu.

2017.ci ildə biznes anlamağa başladı ki, satış və muhasibatlıqdan başqa insan resurslarının idarə edilməsi, motivasiya, müştərilərlə əlaqələr və onlara qarşı fərdi yanaşma kimi stratejik istiqamərlər var və buna görə də sahibkarlar daha çox işə peşəkarları cəlb etməyə başladılar. Sevindirici hal odur ki, insan resurslarının idarə edilməsi kimi şirkətlərin vacib istiqamətinin rolu artmaqdadır.

Əgər öncəki dövrlərdə HR ancaq kadrlar bölməsini, işə götürmənin ən primitiv formalarını və satış departamentinin ehtiyaclarının qarşılanmasını nəzərdə tuturdusa,bu gün artıq bir çox şirkətlərdə HR, ona layiq yeri tutmağa başlamışdır.

İdarəçilərin xüsusiyyətləri dəyişməyə başlamışdır : bu gün biznes üçün lazım olan idarəçi – effektivlik, məhsuldadlır kimi məqamlara əhəmiyyət verən və əlində olan imkanlarla maksimum mənfəət əldə edə bilən, komandanı birləşdirmə bacarıqlarına malik bir mütəxəssisdir.

Bütün bu dəyişikliklərə isə istiqaməti verən Cənab Müştəridir.

Məşhur “Ölkələrin rəqabət üstünlükləri” kitabında Maykl Porter bunu yazır : “İstehlakçıların tələbkarlığı şirkətləri məcbur edir ki, yenilikləri daha tez və sürətli tətbiq etsinlər və rəqabər üstünlüyü əldə etsinlər.

Yerli istehlakçıların dünyada ən çox seçici və tələbkar müştərisi olduğu zaman şirkətlər güclü rəqabət üstünlüyünü əldə edirlər”.

Bu günün Azərbaycanlı istehlakçısını belə ifadə etmək olar : daha rasional olub, etdiyi ödəniş qarşılığında ən yaxşı keyfiyyət və xidmət tələb edir, öz haqqlarını və bunları necə tələb edəcəyini yaxşı bilir.

Rəqabətin artığı dörvrə şirkətlər, müştəriləri ilə sıx əməkdaşlıq mövzularına daha ciddi yanaşmağa başlayıblar və satış fəaliyyətlərində daha da aktivləşiblər. Paradoksal bir məqamı qeyd edim : ölkəmizdə satışların artdığı dövrlərdə satış sözünün klassik anlamında satış yox idi, çünki satıcılarımız satmırdı – müştərilər alırdı. Bu gün vəziyyət dəyişməyə başlayıb və şirkətlər artıq nəinki aktiv satış komandalarını formalaşdırırlar – hmə də bu mütəxəssislərin effektivliyini də ölçürlər.

Biznesin mənfəət mövzusuna qarşı yanaşması da dəyişmişdr. Belə ki, onun artırılması üçün artıq ancaq gəlirlər üzərində iş getmir, həm də xərclərə də nəzarət edirlər. Və bu sonsuz prosesdir, çünki xərclərin optimizasiyası üçün hər zaman imkanlar var və bu da üst idarəçilərin ən mühim funksiyalarından biridir.

Biznes anlamağa başladı ki, şirkətin strategiyasının bünövrəsinə ancaq qısa müddətli məqsədləri qoymaq olmaz – uzun müddətli məqsədlər və eyni dəyərlər ətrafında toplaşan güclü komanda lazımdır. Tək strategiya lazım deyil- gələcək üçün komandanı ətrafında birləşdirəcək böyük gələcək məqsədlər də lazımdır.

     Təbii ki, bütün bu dəyişikliklərdə müəyyən məqamlar da var.

– misal üçün, biznesdə işə müxtəlif sahələrin peşəkarları cəlb edilməyə başlandı. Amma burada kiçik bir məsələ var – şirkət sahibləri hələ də fikirlərini sərbəst ifadə etməyə alışmış bu mütəxəssislərlə necə işləyəcəyini və bunlar üçün lazımi şərtlərin təmin edilməsinin lazım olduğunu tam hiss etmirlər;

– biznes sahibləri peşəkarlardan möcüzələr gözləyirlər – qısa müddət ərzində əməkdaşların inkişafına, reklam, marketinq, brend və digər vacib məqamlara heç bir yatırım etmədən böyük gəlirlər gözləyirlər və bu da şirkətdə anlaşmazlıqlara gətirib çıxarır;

– effektivlik məsələsi qısa müddətli fəaliyyət olaraq düşünülür və bir çox hallarda sadəcə xərclərin kəsilməsi  ilə kifayətlənir;

– bəzi hallarda “xərclər” və “investisiya” qavramları qarışdırılır. Misal üçün, əməkdaşlarını inkişafına yatırım edən şirkət buna xərc kimi baxır, amma əslində bu, biznesin inkişafı və gələcəyin üçün ən böyük yatırımdır.

Bütün bunlara baxmayaraq biz anlayırıq ki, baş verənlər sadəcə vərdişlərdir və şirkət sahibləri və investorlara baxışlarını və yanaşmalarını dəyişmək üçün sadəcə zaman lazımdır.

Demək olar ki, ölkəmizdə biznes yetkinlik dövrünə keçir və artıq əldə edilən nəticələrin möhkəmləndirilməsi, şirkətin “immunitetinin” gücləndirilməsi kimi bacarıqlara əhəmiyyət verilir, müasir idarəçilik sistemləri tətbiq edilir, və ən əsası – investisiiyalar ancaq binalara, torpaqlara, avadanlıq və mebelə deyil, həm də insanların inkişafına edilməyə başlayıb.

     – Biznesmenlərimizə və şirkət sahiblərimizə 2018.ci il üçün hansı məsləhətləri  verərdiniz?

– İlk növbədə ən vacib sərmayə olan əməkdaşlarının qayğısına qalsınlar. Biznesdə hər şey insanla başlayır və onunla bitir. Nə qədər gözəl binalar inşa edilsə də, nə qədər müasir istehsala xəttləri, mebel və avadanlıqlar alınsa da, nəticədə bütün bunları idarə edən insanlar olacaq. Biznes “doğru” insanları seçməyi və daha sonra da onları yetişdirməyi, həvəsləndirməyi, onlara sərbəstlik verməyi və davamlı inkişaf etdirməyi öyrənməlidir;

– Şirkətin əsl sahibinin və patronunu müştərilərinin olduğunu unutmamaq lazımdır. Bütün proses və qaydalar müştərinin məmnunluğunun təmin edimləsi üçün istiqamətləndirilmədlir və anlaşmazlıqlar, müştərinin lehinə həll edilməlidir;

– Avadanlıq, insanlar və firmanın sərmayəsinin effektivliyi və məhsuldarlığına diqqət etmək;

– Şirkətin böyüməsi deyil, mövcud vəziyyətinin gücləndirilməsinə sevinmək lazımdır. Böyümə mövzularında şirkətin tədricən və davamlı böyüməsinə diqqət etmək və burada personal və idarəçilərin inkişafı kimi vacib məqama diqqət etmək lazımdır, çünki loyal və savadlı əməkdaşları satın almaq mümkün deyil – onların axtarışı, yetişdirilməsi və tutulması üçün uzun zaman lazımdır;

– Peşəkarlarla işləmək. İllərlə qeyri peşəkarlarla işləyərək onlara az ödənişlər edən və böyük gəlirlər qazanan şirkətlər çox sadə, amma təhlükəli bir alqoritmə alışıblar : az maaşlar ödəyərək uğurlu olmaq mümkündür. Peşəkarlarla işləmək bahalıdır, amma qeyri peşəkarların verdiyi zərər qədər bahalı deyil;

– Əmrlər, inzibati metodlar, texnikalar və alətlərlə idarəçilik etməmək – şirkət daxilində bir mədəniyyət qurmaq. Şirkəti əsl idarə edən məhz mədəniyyətdir, və müştəri onu ilk baxışda hiss edir, amma başa sala bilmir. Firmaların strategiyaları və mədəniyyətləri arasında çox böyük fərq var. Strategiyanı yazmaqvə tətbiq etmək olar, amma mədəniyyət illərlə yaradılan və hər əməkdaşən hüceyrəsinə qədər daxil olan məsələdir.  Dahi Peter Drucker belə deyirdi bu mövzuda : “Mədəniyyət strategiyanı səhər yeməyi kimi yeyir”;

– Və bir vacib məqam daha – bütün mövzularda uzun müddətli düşünmək lazımdır : mütəxəssislər, partnyorlarla, müştərilərlə əlaqələr və əməkaşlıq, reklam, marketinq, inkişaf.

İşadamlarımıza  dözümlülük, səbir, disiplin və əzmkarlıq arzu edirəm və belə halda biznesin müvəffəqiyyəti və stabil, möhkəm böyüməsi təbii nəticə olacaq!

Day.az