Əsas səhifə Biznes “Biz səhv etmiriksə, deməli, yaxşı çalışmırıq” — Uğursuzluqdan qorxmayın

“Biz səhv etmiriksə, deməli, yaxşı çalışmırıq” — Uğursuzluqdan qorxmayın

255
Paylaş

Uğurun zirvəsində olan rəhbər qəfildən həmkarlarını və bütün şirkəti risk etməyə, çoxlu səhvə yol verməyə və yeni uğursuzluqlara məruz qalmağa inandırır. Bunu necə izah etmək olar?

May ayında Coca-Cola şirkətinin yeni CEO-su Ceyms Kuinsi menecerləri şirkəti “Yeni cola” dövründən bəri izləyən uğursuzluq qorxusundan azad olmağa çağıraraq — “Biz səhv etmiriksə, deməli, yaxşı çalışmırıq”, — deyir.

Amazon şirkətinin CEO-su, bəlkə də, dünyanın ən uğurlu sahibkarı Ceff Bezos bildirir ki, uğurlu inkişaf və innovasiyaları şirkətinin qarşılaşdığı uğursuzluqlara əsaslanır.  Amazon Whole Foods şirkətini aldıqdan dərhal sonra bildirmişdir ki, “Oyunda ortaya qoyulan məbləğ yüksək olduqda, risk etmək və təcrübə aparmağa qərar vermək lazımdır. Və əgər risk etməyə qərar vermisinizsə, əvvəlcədən alınıb-alınmayacağını bilə bilməzsiniz. Hər təcrübə uğursuzluqla nəticələnə bilər. Lakin qalib hər şeyi əldə edir, bir neçə böyük qələbə isə onlarla uğursuzluğu artıqlaması ilə kompensasiya edir”.

Biznes və ya təşkilat rəhbərlərinin əksəriyyəti innovasiya və yaradıcı yanaşmanın əhəmiyyətini təsdiqləyirlər. Bununla belə, onların əksəriyyəti səhv etmək və ya məyus olmaqdan qorxurlar. Qorxu nə qədər çox olarsa, innovasiya və kreativlik bir o qədər az olar. Uğursuzluqdan qorxan, öyrənməyə qadir deyil. İnsanlar və təşkilatlar dünyanın dəyişdiyi qədər sürətlə öyrənmə qabiliyyətini inkişaf etdirmədikləri müddətdə, ümumiyyətlə inkişaf edə bilməyəcəklər.

Bəs necə düzgün səhvlər etmək olar? Təşkilat və ayrı-ayrı insanlara xırda uğursuzluq ilə böyük uğur arasındakı bu qədər əhəmiyyətli əlaqəni aşkar etməyə imkan verən üsullar varmı? Massaçusets ştatının Smit Qadın Humanitar Kollecində tələbələr üçün təşkil olunan “Səhvlərdən qorxmayın” (Failing Well) adlı tədris kursu hər birimiz üçün faydalı olardı. Kursun kuratoru Reyçel Simmons New York Times-dakı məqaləsində bildirir ki, — “Biz öyrədirik ki, uğursuzluq sistemin xətası deyil, tədris elementidir”. Həqiqətən, bu kursun tələbələri “bu sənəd ilə münasibət, layihə, sınaqlar və son dərəcə əhəmiyyətli görünən istənilən digər fəaliyyət növlərində uğursuzluğa məruz qala biləcəklərini” və “eyni zamanda layiqli və mükəmməl şəxsiyyətlər olaraq qalacaqlarını” təsdiq edən “Uğursuzluq sertifikatı” alırlar. Uğursuzluğun öhdəsindən gələ bilən tələbələr, həyatdan daim mükəmməllik və qüsursuz nəticələr gözləyənlərdən daha güclü və cəsarətlidirlər.

İş həyatından bir nümunəyə nəzər yetirək. 2010-cu ildən Domino’s Pizza şirkətinə rəhbərlik edən Patrik Doyl 7 il dalbadal istənilən fəaliyyət sahəsində ən müvəffəqiyyətli liderə layiq mükəmməl nəticələr nümayiş etdirir. O əmin edir ki, şirkətinin bütün uğurları mümkün uğursuzluq və səhvlərlə qarşılaşmağa hazırlıqlı  olmasına əsaslanır. Doyl digər CEO-lar üçün hazırladığı təqdimatında, şirkətlərin və fərdi sahibkarların qarşılaşdıqları və onların mümkün uğursuzluqlara qarşı münasibətlərini xarakterizə edən iki ən böyük çətinliyi təsvir edir. Birinci çətinliyi o “uğursuzluq hissi” adlandırır: yeni ideyalara malik bir çox sahibkar onları reallaşdırmaq üçün heç nə etməmək qərarına gəlir, çünki karyeralarına son qoya biləcək uğursuzluqlardan qorxurlar. İkinci çətinliyi o “itkinin xoşagəlməzliyi” adlandırır: insanlar qərar verərkən “qalib gəlmək üçün oynamaq” deyil,  “məğlub olmamaq üçün oynamaq” strategiyasını seçirlər, çünki əksəriyyətimiz üçün “itkinin ağrısı qələbənin həzzindən daha güclüdür”.

Doyl qeyd edir ki, uğursuzluq ölümə bərabər deyil, o enerji verir və gələcək uğurlar üçün zəmin yaradır. Buna görə də o öz təqdimatını “Uğursuzluq variantdır” adlandırıb. Səhv etmədən öyrənmək olmaz, uğursuzluq olmadan uğur əldə etmək olmaz.

Paylaş