Əsas səhifə Biz+ “Birinci kursda fəhlə, satıcı, kassir işləmişəm”

“Birinci kursda fəhlə, satıcı, kassir işləmişəm”

798

Orxan Şahbaz: “Pul üçün yaşamaq lazım deyil, xoşbəxtlik pulu yaratmaqdadır”

Onun bir məqsədi olub-məşhur olmaq. Uşaqlıqdan düşünüb ki, fərqli insandır və istədiyi hər şeyə nail ola bilər. Bu yolda uğursuzluqlarla da qarşılaşsa, “mən bunu bacaracam” deyib və davam edib. 25 yaşı olmasına baxmayaraq, artıq özündən yaşca böyük və kiçik 8500 nəfərə təlim deməklə, istədiyi məqama çatıb.

Müsahibimiz Orkhanway Coaching şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbazdır. Orxan həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramının biznes təlimlərini həyata keçirir. Hazırda İsveçrənin Sürix Universitetində master təhsili alır.

“İlk dəfə ürəkdən ağladım”

Orxan müəllim ailəsində böyüyüb. Deyir ki, uşaqlıqdan tək məqsədi məşhur olmaq, insanlar arasında tanınmaq və onlara faydalı olmaq olub: “Karyera yoluna ilk dəfə idmanla başladım. Karate ilə məşğul idim və Azərbaycan çempionu oldum. 9-cu sinifdə 8 dəfə Azərbaycan çempionu olmuşdum. Lakin gözümə zərbə aldıqdan sonra peşəkar idmanı yarıda qoymaq məcburiyyətində qaldım. Bundan sonra sırf təhsilə yönəldim. Universitet dövrü də çətin mərhələ idi. Tələbəlik illərində bütün gənclər təşkilatları ilə əlaqə yaradırdım. Siyasi görünüşündən asılı olmayaraq, hamı ilə danışıb analiz edirdim. Təlimlər, treninqlər, bütün ictimai fəaliyyətlərdə olurdum. Hər dəfə hiss edirdim ki, öz yaşıdlarımdan fərqliyəm. Dayanmadan çalışmağı xoşlayırdım. Birinci kursda fəhlə, satıcı, kassir… demək olar ki, bütün günü işləyir, oxuyurdum. 4-cü kursda əvvəlcə tələbələrə təlimlər keçməyə başladım. Hərbi xidmət vaxtı gəldiyindən təlimləri yarıda qoyub xidmətə yolandım. İdmançı olduğum üçün kəşfiyyata seçdilər. Bir müddət xidmət etdikdən sonra düşündüm ki, burada qalmalıyam. İdmanda öyrəndiklərim, bütün oxuduğum kitablar orada köməyimə çatırdı. Zabit olmaq qərarına gəldim və kurslara yazıldım. Lakin gözüm zəif olduğu üçün məni yararlı hesab etmədilər. İlk dəfə orada ürəkdən ağladım. Artıq karyeramda ikinci uğursuzluğum idi. Nə məşhur ola bilirdim, nə də insanlara faydalı…”.

– Yenə də uğurlu və məşhur olacağınıza inanırdınız… 

– A və B variantlarım boşa getdi. Amma hələ C planını işə salmamışdım. Gələndən sonra boşluğa düşdüm, iş tapmaq üçün çox yerə CV verdim. Mühafizə şirkətinə işə düzəldim. Evdə də məni təbrik edir, iş tapdığım üçün sevinirdilər. Düzdür, nə varlı atam, nə “dayday”ım, nə də qayınatam var idi. Amma ümidli idim. Mühafizədə işləyərkən də, kitablar oxuyur, beynimdə biznes planları qururdum. Bir müddət sonra mühafizəçi işlədiyim şirkətdə imtahan verdim və kiçik mütəxəssis oldum. O iş mənə çox sıxıcı gəlirdi. İşlədiyim prosesdə də təlimlər keçirdim. Artıq gördüm ki, təlimlərim uğurlu alınır və kütlə məni qəbul edir. Bundan sonra 0 manat pulla bu şirkəti yaratdım. 1 il 6 ay ərzində təlim auditoriyam 8522 nəfərə çatdı və ümumi təlim sayım 413-dür.

– Orxan bəy, sosial şəbəkələrdə tez-tez yaşınızla bağlı ironik statuslar paylaşırsınız. Təlim deyərkən yaşınızın az olmağı problem yaradırmı? 

– Əslində, yaş məsələsi ilə bağlı çox problemlə qarşılaşmışam. İlk günlər təlimə başlamazdan əvvəl auditoriya məni ciddi qəbul etmirdi. Xüsusilə müəllimlər, yaşlı insanlar əllərini qoynuna qoyub qəribə nəzərlə baxırlar ki, bu gənc bizə necə təlim keçə bilər? Amma təlimdən sonra bütün fikirlər dəyişir. Etiraz edənlərə deyirəm ki, Şah İsmayıl 14 yaşında hakimiyyət qurub. Burada təəccüblənəsi heç nə yoxdur.

– Universitetlərdə təlimləri pulsuz keçirsiniz. Bu təlimlərdən qazancınızın nədir?

– İstənilən prosesin sonunda mənfəət var. Bu maddi də ola bilər, mənəvi də. Sosial fəaliyyətim mənə sonda mənfəət gətirir. Əgər 100 nəfərə pulsuz təlim keçirəmsə, onlardan 10-u hansısa şirkətin nümayəndəsidir. 100-dən 10 nəfər mənim haqqımda danışır və dəvət edirlər. Bu gün şirkətlər özləri bizi dəvət edir. O da həmin təlim dediyimiz insanların nəticəsidir. Mənim qazancım tanıtımdır. Pul üçün çalışmıram. Çalışdıqdan sonra, pul özü gəlir.

– 0 manatla şirkət qurmusunuz. Alınmamağından, xərclərin çox çıxacağından qorxmurdunuz?

– Bəziləri düşünür ki, insan sıfır manatla biznesə başlaya bilməz. Mən bununla razı deyiləm. Bəli, başlamaq olur. Azərbaycan toplumunda çatışmayan bir şey var. İnsanlar əvvəl pul istəyir, sonra biznes. Amma əksinə olmalıdır. Biznesi qurmalısan, sonra qazanmalısan. Mən çalışa-çalışa bu işi yönləndirirdim. Düşünəndə ki, bu iş mənə gəlir gətirəcək o biri işdən çıxdım. Hətta atam belə qəbul etmirdi ki, təlim nədir get, aylıq maaşını al otur yerində! Amma mən bilirdim ki alınacaq. Analiz qabiliyyətim yaxşı idi və görürdüm ki, kütlə məni qəbul edir. Əgər kütlə səni qəbul edirsə, qazana biləcəksən.

– Dediniz ki, uşaqlıqdan məşhur olmaq istəyirdim. Sizcə, insanın uşaqlıqdan nəsə istəməyi və ona çatmağı, məqsəd qoymağı nə dərəcədə önəmlidir?

– Maslovun ehtiyaclar piramidasında deyilir ki, insan doğulandan ölənə qədər 5 ehtiyac sistemi keçir. Fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, sevgi və kiməsə aid olmaq ehtiyacı, hörmət və tanınmaq ehtiyacı və özünü aktuallaşdırmaq ehtiyacı. Digər ehtiyaclarda olduğu kimi, hörmət və tanınmaq ehtiyacı hər bir insan üçün vacibdir. Hər yerdə seçilmək istəyirsən. Hamı daxilində ən yaxşı olmaq istəyir. Məsələ odur ki, bütün insanlar bunu istəyir, amma ona çatmaq üçün nəyi isə etmir. İnsan istədiyi hər şeyə nail ola bilər. A planı alınmadısa B-yə keç, o da alınmadısa C planı ilə daha yaxşı edib A-nı və B-ni kölgədə qoya bilərik. Ona görə, uşaqlıqdan istəməli, ona çatmaq üçün əlimizdən gələni etməliyik.

– Karyeranızda uğursuzluqlarla qarşılaşmısınız və onlara da pozitiv baxmısınız. Nədən stimul alırsınız?

– 1-ci kursda “Semasko”da fəhlə işləyirdim. Sement qarışdırır, boş vaxtlarımda fəlsəfə kitabı oxuyurdum. Hamı mənə deyirdi ki, fəhləsən kitabı neynirsən. Yaşlı Nuri dayı var idi. Mənə dedi ki, “oğlum, neçə vərəq oxumusan”, dedim 20. Dedi ki, “oxuduğun yerlərdən bir vərəqin cırıb verə bilərsən yeməyin altına qoyum”. Siz təsəvvür edin ki, belə fikirlər birinci kurs tələbəsini necə motivasiyadan sala bilər. Düşünürsən ki, 60 yaşı var məndən savadlı, dünyagörüşlüdür. O, məndən daha yaxşı bilər. Amma mənə heç vaxt ətrafın fikirləri önəmli olmayıb. Depressiya vəziyyətinə də düşmüşəm. Bütün çətinliklərdən çıxmağımın əsas səbəbi maddiyatı ikinci hissəyə atmağım olub. “Pullu ata”, “pullu qayınata”, “dayday” fikirlərini kənara atmasaydım, bu gün də olduğum yerdə sayardım.

– Sizcə, uğurun formulu nədir?

– Məncə, uğurun konkret formulu yoxdur. Yaponların kayzen fəlsəfəsinə görə, uğur bir yerə qədərdir. Gəlir və bitir. Məncə, uğur məqsədlərin yüz faiz həyata keçdiyi yerdir. Çox adam karyera qurub, çox pul qazanmaq istəyir. Düşünürlər ki, istədiyim maşını, evi, telefonu ala biləcəyəmsə, xoşbəxtəm. Amma anladım ki, xoşbəxtlik maddiyyatla ölçülmür. Cibimdə 5 min nağd pul olub, amma kefim olmayıb. Amma pulum olmayanda özümü xoşbəxt hiss etdiyim günlər olub. Ən böyük uğurum daha çox pul qazanmağım yox, istədiyimi özümün ala bilməyimdir. Əgər 1-ci kursdan 4-cü kursa qədər pul yığıb yenə də istədiyimi ala bilmirdimsə, bu gün bir dəfəyə alıramsa, bu, mənim ən böyük uğurumdur. Bu gün atamı anamı müalicə etdirə bilirəm. Həyatda hər şeyə özüm nail olmuşam. Özüm etmişəm və heç kim də məndən bunu ala bilməz. Asılılığı özünüzdən kənarlaşdırın. Özümü ona görə uğurlu sayıram ki, istədiklərimi edə bilirəm.

– “Varlı ata”, “varlı qayınata” və “dayday”ın olmadısa, karyera qura bilməzsən” kimi fikirləri olan gənclərə məsləhətiniz nədir?

– Mənə də varlıq qız tapmışdılar, qohumlar görüşdürmək üçün əllərindən gələni edirdilər. İnsanlar o zaman inkişaf edə bilmirlər ki, onlar düşdüyü situasiyanı düzgün analiz etmək qabiliyyətinə malik deyillər. Hər şey pulla ölçülmür. Sistem və toplum anlayışı var. Toplum sistemə uyğunlaşır. Birinci növbədə gənclər Azərbaycana düzgün adaptasiya olmağın yollarını bilmirlər. Reallığa uyğunlaşa bilmirlər. Bəli, ola bilər kiminsə “dayday”ı var. Mən beynimi inkişaf etdirirəm. Hər “dayday”ın bilikli adama ehtiyacı var. Biliklisənsə, işini bilirsənsə, səni tapacaqlar. 100 manat maaşa işləsəniz də, heç vaxt məqsədlərinizdən yayınmayın. Pul üçün yaşamaq lazım deyil. Xoşbəxtlik pulu yaratmaqdadır. Pulu yaratmaq isə sənin göstərdiyin fəaliyyətdir. Kasıb olsan da, varlı düşün. Daxilinizdəki məşhurluq hissini öldürməyin. O öldüsə, insan bitir.

– Atanız təlimçi olmağınıza razı deyildi. Bəs indi fikri necədir?

– İndi atam fəxr edir. Atam məni təlimlə bağlı ruhdan salırdı. İndi deyir ki, vaxt var idi deyərdilər ki, Orxan Nizami müəllimin oğludur, indi deyirlər Nizami Orxan müəllimin atasıdır. Bundan böyük motivasiya yoxdur. Atam hər dəfə deyirdi ki, “işləyirsən də, bundan artıq nə istəyirsən. Amma indi görür ki artığı var imiş…

©kaspi qəzeti

Paylaş