Beş manatla biznes quran xanım

0
6229

Bəyaz Məcidova: “Bu işə heç bir gəlir olmadan başladığım üçün kiçik addımlarla irəliləyirəm”

Gənc yaşda olmasına baxmayaraq, öz biznesini qura bilib. Deyir ki, önəmli olan insanın özünə inanması və məqsədlərinin ardınca gedə bilməsidir. Çünki insan  yalnız bu halda uğur qazana bilər. Təsadüfən bu sahəyə gəlsə də, indi böyük hədəfləri var. Müsahibim “Beyaz Decoration” şirkətinin qurucusu Bəyaz Məcidovadır.
Qeyd edək ki, B.Məcidova 1993-cü ildə Şəkidə anadan olub. İlk təhsilini Maliyyə İqtisad Kollecində Maliyyə işi fakültəsində alan Bəyaz, daha sonra bir neçə illik fasilədən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq fakültəsinə daxil olur. Hazırda 4-cü kurs tələbəsi olan həmsöhbətim deyir ki, təhsil aldığı sahə işi ilə əlaqədardır: “Bu işə marağım uşaqlıqdan var idi. Əslində ona görə də, ixtisası dizaynerlik üzrə seçdim. Yəni, uzaqdan baxanda işimlə təhsilim uyğun görünməsə də, əslində bir-biri ilə sıx əlaqəli sahələrdir. Marketinq isə  bu işin özəyini təşkil edir. Hazırda dizayner kimi, tanınmış şirkətlərin birində çalışıram”.

“Ac, yuxusuz qaldığım gecələr də az olmayıb”

Əvvəlcə şirkətlərdə dizayn işləri və sosial media üzrə çalışdığını deyən həmsöhbətim, bu işə maraqlı bir təsadüf sayəsində gəlib: “Bir gün rəfiqəmin istəyi ilə üstü dizayn edilmiş şokolad hazırladım. Sonradan bir neçə belə hədiyyələr hazırlamağa başladım. Əvvəllər bunu yaxınlarımıza hədiyyə vermək üçün edirdim. Daha sonra gördüm ki, mənim hobbi olaraq gördüyüm işlər insanlar tərəfindən  müsbət qarşılanır və sifariş vermək istəyirlər. Əslində, mən bu dekorasiyaları gündəlik işimin yorğunluğunu atmaq üçün hobbi olaraq edirdim. Sifarişlərin sayının artdığını gördükdə isə biznesə çevirməyə qərar verdim”.
Öz işini quran gənc xanım deyir ki, bu işə heç bir maddi dəstək olmadan, cəmi 5 manatla başlayıb: “İşə maddi olaraq heç kimdən dəstək almadan başlamışam. Amma ailəmin mənə mənəvi dəstəyi çox böyük olub. Onlar hələ də mənə dəstək olmağa davam edirlər. Hətta bəzən elə olur ki, sifarişləri çox vaxt evdə birlikdə hazırlayırıq. Eyni zamanda ad günlərinin təşkilatçılığı zamanı şirniyyatları anam hazırlayır. Bir növ ailə biznesinə çevirmişik bu işi. Düzdür, işin çətinlikləri var. Çünki başqa şirkətdə çalışıram və bu ikinci işim olduğu üçün daha çox axşamlar məşğul ola bilirəm. Axşam gec saatlarda isə axtardığını tapmaq elə də asan deyil. Bəzən soyuq havada belə axtarış etmək üçün xeyli yerləri gəzmək lazım olur. İşi çatdırmaq üçün ac, yuxusuz qaldığım gecələr də az olmayıb. Ancaq işin yorğunluğu müştərilərimin xoş sözləri və məmnunluqları sayəsində silinib gedir. Böyümək üçün bu yorğunluqları motivasiya kimi görürəm. Onlardan mənə yüksək motivasiya və sevərək gördüyüm işin nəticəsi qalır”.

“Bütün ailə üzvlərimi köməyə çağırmalı oldum”

Bəyaz deyir ki, universiteti bitirdikdən sonra xarici ölkələrdən birində bu işin ali təhsilini almaq niyyətindədir: “Dekorasiya ilə bağlı ali təhsil  almaq və daha böyük yeniliklər gətirmək istəyirəm. Çünki düşünürəm ki, bacarıq elmlə birləşdikdə daha gözəl nəticələr əldə edə bilərəm. Ali təhsil bir növ insana yeni qapılar açır, işin sirlərini, dərinliklərini tam şəkildə qavramağa şərait yaradır. İndi hazırladıqlarımı sosial şəbəkələrdə paylaşıram. İşimin bütün avadanlıqları, aksesuarlarım, dekorlarım evdədir. Evdə otağın biri sırf mənim işim üçün ayrılıb. Mən bu sahəni dincəlmək üçün seçmişəm. Əslində bu, mənim üçün işdən daha çox, hobbi, terapiya rolunu oynayır desək, doğru olar”.
Müsahibim zamanla bütün problemlərin öhdəsindən gələcəyini düşünür: “Sifarişlərin hazırlanma müddəti fərqlidir. Bu, işə görə dəyişir. Elə olub ki, işi bir saata da qurtara bilmişəm. Bəzən isə aylarla vaxt aparır. Məsuliyyətli olmağa, sifarişləri vaxtında çatdırmağa çalışıram. Düzdür, nadir hallarda gecikdirmələr olub. O zaman müştərilərimizin səmimiliyimizə inanması sayəsində ciddi problem yaşamamışıq. Hətta bir dəfə çox böyük bir tədbir təşkil edirdik, son anda bizdən asılı olmayan səbəblərdən dolayı işlərdə problemlər yaşandı. Çatdırmayacağam deyə, təlaşa düşdüm. İşlər gecikməsin deyə, bütün ailə üzvlərimi köməyə çağırmalı oldum və işi tam zamanında təqdim edə bildik. Bu işə heç bir gəlir olmadan başladığım üçün kiçik addımlarla irəliləyirəm. Ona görə də, indi az qazansam da, həvəsdən düşmürəm. Təkcə bu işin gəlirinin mənə bəs etməsi üçün bir az da zaman lazımdır”.

“Öz  şirkətimi qurmaq istəyirəm”

Həmsöhbətim deyir ki, marağı olan bütün sahələrdə işləməyə çalışır: “Boş vaxtlarımda rəsm çəkirəm, marketinq üzrə işlər görürəm, dizayn edirəm. Beləcə, demək olar ki, boş vaxtım qalmır. Hələlik istirahətə çox vaxt ayıra bilmirəm. Əgər, uğur qazanmaq istəyirsənsə, çox çalışmalısan. Ona görə, vaxt tapan kimi yeni araşdırmalar edirəm. İstirahət üçün dostlarımla vaxt keçirməyi seçirəm əsasən. Yaxın zamanda üzə çıxaracağımız bir neçə layihələr var. İndidən cəhdlər edirik. Kiçik addımlarla getsəm də, hədəfim sonda böyük uğurlar  qazanmaqdır”.
Sonda gələcək planları haqqında danışan Bəyaz deyir ki, öz biznesini böyük şirkətə çevirmək niyyətindədir: “İndi öz kiçik biznesim deyə bəhs etdiyim “Beyaz Decoration”u gələcəkdə daha da böyüdərək, şirkətimi qurmaq istəyirəm. Hədəfim təkcə dekorasiya və fərqli hədiyyələr hazırlamaq deyil. Eyni zamanda böyük tədbirlərin təşkilatçılıq işlərini də tam şəkildə üzərimizə götürmək və layiqincə öhdəsindən gəlmək istəyirik. Bunu edə biləcəyimə əminəm. Çünki insan nəyisə ürəkdən istəyirsə, edə bilməyəcəyi heç nə yoxdur. Bu işə yeni başlayanlara da  tövsiyə edərdim ki, onları kiminsə yönləndirməsinə əsla icazə verməsinlər, öz həvəsləri və istəkləri üzrə davam etsinlər. Həvəsli olduğunuz işdə mütləq uğur tapacaqsınız”.
©kaspi