Əsas səhifə Biz+ Azərbaycanlı gənc iş adamı: “İş adamı olacağımı deyəndə, dostlarım mənə gülürdülər”

Azərbaycanlı gənc iş adamı: “İş adamı olacağımı deyəndə, dostlarım mənə gülürdülər”

3727
PAYLAŞ

“İş adamı olacağımı deyəndə, dostlarım mənə gülürdülər”

Pənah İbrahimov Amerikada şirkət açaraq bizneslə məşğul olan gənc iş adamıdır.

-1985-ci ildə Şuşa şəhərində anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam. Daha sonra təhsilimi Amerika Birləşmiş Ştatlarında davam etdirmişəm. ABŞ-da biznesin idarə olunması ilə bağlı magistr pilləsini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışam.

Magistraturada təhsil aldığım illərdə şəxsi biznes qurmaq haqda qərar qəbul etmişdim. İlk vaxtlar mənə biznes qurmaq çətin görünürdü. Çətinliklərə baxmayaraq Amerikada şirkət açmağa nail oldum. Hazırda VKB şirkətlər qrupunun rəhbəriyəm. İşlərimiz əsasən tikinti və dizayn layihələrini həyata keçirməkdən ibarətdir.

-Ölkədən kənarda, xüsusən də Amerikada biznes sahibi olmaq hər adama nəsib olmur. Gənc yaşınızda bunu necə bacardınız?

– Magistr təhsili aldığım illərdə Amerika bazarını araşdırırdım. ABŞ-da tikinti sahəsi ən gəlirli sahə hesab olunur. Bu sahəyə böyük marağım var idi. Oxuduğum kitablar, apardığım araşdırmalar məni daha da həvəsləndirirdi. Özlüyümdə qərar verdim ki, nə qədər çətin olsa da şirkət qurub, bir azərbaycanlı kimi uğur qazanmalıyam. Amerikda böyük şirkətlərin əksəriyyəti sadə insanlar tərəfindən yaradılıb.

Təhsilimi başa vurduqdan təxminən dörd ay sonra dostum yeni şirkət açaraq məni şərik kimi işə dəvət etdi. Bu çox yaxşı təklif idi. Dəyərləndirməyə bilməzdim. Ancaq öz şirkətimi yaratmaq yollarını da axtarırdım. Bir müddət sonra biz şərikli şirkət yaratdıq. Həmin şirkət genişləndikdən sonra mən ayrılaraq şəxsi işlərimi qurmağa başladım. Hazırda VKB şirkətlər qrupu və “FACE” qrupun rəhbəriyəm. Şirkətin səhmləri 100 faiz mənə məxsusdur.

– Şuşalı gənc olaraq Amerikada Azərbaycanın təbliğatını aparırsınızmı?

-Rəhbərlik etdiyim şirkət Amerikdakı Azərbaycan Diasporunun bütün tədbirlərində iştirak edir. Özüm şəxsən diasporla sıx əməkdaşlıq edirəm.

Bir məlumatı qeyd etmək istərdim. Şirkətimin adı VKB adlanır. Mənası “Qarabağa Azadlıq” deməkdir. Bunu Amerikda heç kim bilmir. Çünki açıq şəkildə şirkətə “Qarabağa Azadlıq” adını vermək olmaz. Qanunlar buna icazə vermir.

-Hədəfləriniz nədən ibarətdir? Azərbaycanda fəaliyyətini davam etdirmək istərdinizmi?

-Azərbaycanla bağlı planlarım çoxdur. Hazırda Fransa, İtaliya ilə bağlı kosmetoji sahədə müəyyən işlər həyata keçirirəm. VKB-nın Azərbaycanda da bölməsini açmaq istəyirdim. Bununla bağlı bir neçə dəfə Bakıda görüşlər keçirdim. Ölkəmizdə biznesin inkişafı üçün əlverişli zəmin mövcuddur. Çalışacağam ki, yaxın illərdə Bakıda filial açım.

-Qeyd etdiyiniz kimi, biznes qurmaq asan iş deyil. Bu istiqamətdə sizə kimlər dəstək oldu?

-Valideynlərimin mənə verdiyi ən dəyərli nemət mərifət və tərbiyədir. Bu hər şeydən üstündür. İndiyədək heç kimdən maddi dəstək almamışam. Şirkəti yaradanda cəmi iki-üç işçim var idi.
Həmişə Bakıda dostlarıma Amerikada şirkət yaradacağımı deyəndə inanmırdılar. Mənə gülürdülər ki, yaxşı xəyal qurmağı bacarırsan. Bəzən bu reaksiyalar məni həvəsdən salırdı.

Amerikada yaşamaq, iş qurmaq asan deyil. Elə anlar olurdu ki, mən Bakıya qayıtmaq istəyirdim. Düşünürdüm ki, məndə alınmayacaq. Amma çətinliklərə dözürdüm, qarşıma qoyduğum məqsəd, dostlarıma verdiyim sözü yerinə yetirmək üçün ölkəmə qayıtmadım. Məncə, nə qədər çətin də olsa istəyimə çata bildim. Mən Azərbaycana, öz torpağıma bağlı insanam. İldə ən azı iki dəfə Bakıya gedirəm.

50 yaşımdan sonra Amerikda qalmağı düşünmürəm. Yenidən ölkəmə qayıdıb, orada yaşamaq istəyirəm. Arzu edirəm ki, ölkəmə qayıdanda torpaqlarımız işğaldan azad olsun. Allah nəsib etsə, doğulduğum Şuşa şəhərinə getmək, orada yaşamaq istərdim.

– Doğma şəhəriniz hazırda erməni işğalı altındadır. Köçkün həyatı yaşayan gənc kimi Amerikada ermənilərlə münasibətiniz necədir?

– Ermənilərin harada yaşamasından asılı olmayaraq, onlar mənim üçün qatil, düşməndirlər. Mənim qohumlarımı, yaxınlarımı vəhşicəsinə qətlə yerinən insanlara qarşı ancaq nifrət edə bilərəm. Doğrudur, burada ermənilər çoxdur. Onlar əllərindən gəldiyi qədər amerikalılara öz yalanlarını sırımağa çalışırlar. Müəyyən tədbirlərdə ermənilərlə qarşılaşıram və hər dəfər onlara cani olduqlarını xatırladıram.

-Fəaliyyətiniz zamanı Amerikada rəsmi şəxslərlə görüşləriniz olubmu?

-Əlbəttə, ABŞ rəsmiləri ilə bir neçə dəfə görüşlərimiz olub. Qeyd edə bilərəm ki, ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşmüşəm. Onunla birlikdə səhər yeməyi yemişik. Görüşdə diasporanın başqa nümayəndələri də iştirak edirdilər. Yaxın günlərdə prezident Barak Obama ilə biznesmenlərin görüşü keçiriləcək. Orada iştirak edəcəyəm. Görüş zamanı Obama ilə də görüşəcəyəm. Obama ilə siyasi baxışlarımız üst-üstə düşməsə də, fəaliyyəti dövründə bir sıra mühüm işlər görüb. Onunla görüşüm zamanı azərbaycanlı olduğumu, Azərbaycan şirkətinin Amerikdakı uğurlu fəaliyyətindən söz açacağam. Təbii ki bu görüş Obamanın planlarından aslıdır. İş adamları ilə görüşü təxirə salınsa bizim görüşümüz də baş tutmaya bilər. İmkan olarsa, Obamaya Qarabağla bağlı fikirlərimi də bildirmək istərdim.

©azvision.az

PAYLAŞ