Əsas səhifə Biznes Azərbaycan at əti ixracından nə qədər qazanır?

Azərbaycan at əti ixracından nə qədər qazanır?

136
at biznesi

Azərbaycan 2017-ci ildə 6,316 min baş at satıb. Bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5,5 dəfə artım deməkdir.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, Azərbaycan at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlayıb. Həmin ildə 1 155 baş at ixrac olunub. Bir baş atın (ətlik) orta ixrac satış qiyməti isə 148 ABŞ dolları olub. Bu da 2016-cı ilin müvafiq  göstəricisndən – 141 dollardan 7 dollar baha qiymətdir.

Dünya bazarından iki dəfə aşağı qiymətə at əti 

Qeyd edək ki, hazırda 78 ölkə at əti istehsal edir. Bu istiqamətdə ən çox istehsal həcmi Çinin payına düşür. Çin dünya üzrə ət istehsalının 26,3 faizini təmin edir. Orta Asiya və ingilis dilində danışan ölkələr istisna olmaqla, əksər dövlətlərdə at əti istehlak edilir. Bu səbəbdən dünya üzrə hər il təqribən 370 milyon dollar dəyərində at əti idxalı reallaşdırılır.

Azərbaycana gəlincə, son iki ildə kəsim məqsədilə Qazaxıstana at ixracına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, ixrac siyahısına Moldava da əlavə olunacaq.  Bundan əlavə, ixrac qiymətlərinin cəlbedici olmasını nəzərə alaraq, Azərbaycan at ətinin ən böyük idxalçısı, eyni zamanda, istehsalçılarından olan Çin və Rusiyaya da at əti satmaq niyyətindədir.

Statistika göstərir ki, bu ölkələrə at ətinin satışı elə də uduşlu deyil. Çünki Çin və Rusiyaya at ətinin idxalı bir kiloqram üzrə iki dollar təşkil edir. At ətini ən baha qiymətə idxal edən ölkələr hazırda Avropa regionunda yerləşir. Konkret olaraq Lüksemburq, Slovakiya və Sloveniya regionda at ətini az həcmdə və daha yüksək qiymətə idxal edən ölkələrdir. Məsələn, Qazaxıstan at ətinin tonunu 1799 dollara idxal edirsə, Lüksemburq ətin tonunu 14571 dollardan alır.

Qlobal bazarda at ətinin orta idxal qiyməti bir ton üçün təxminən 3800 ABŞ dollarıdır. Bu da bir kiloqramın 3,8 ABŞ dolları olması deməkdir. Bir atın xalis çəkisinin 150-200 kiloqram olduğunu nəzərə alsaq, Azərbaycanın at əti ixracının dəyərinin dünya üzrə orta qiymətdən dəfələrlə aşağı rəsmiləşdirdiyini görərik.

Başqa bir misal, Qazaxıstanda at ətinin kiloqramının pərakəndə qiyməti 1700-1800 təngə – 5, 58 dollar təşkil edir. Qazaxıstan isə Azərbaycandan bir baş atı (ətlik) 148 dollara idxal edir. Bu da bir kiloqramın idxal dəyərinin təxminən 0,98 sent təşkil etməsi deməkdir.

Atların sayı azalır 

Azərbaycanın at əti ixracı bazarına daxil olması ölkədə bu heyvanların sayının azalmasına gətirib-çıxarıb. Rəsmi statistikaya əsasən, 2016-ci ilin sonuna ölkədə 71 606 baş at olub. 2015-ci ildə bu rəqəm 73 741 baş təşkil edib. 2014-cü ildə respublika üzrə atların sayı 75 428, 2013-cü il üzrə 76 552, 2012-cü il üzrə 77 208 baş olub. 2012-2016-cı illər arasında atların sayı 5602 baş azalıb.

Onu da bildirək ki, iddialara əsasən Qazaxıstan ətliyə altı aylıqdan üç yaşadək atları qəbul edir. Yəni yaşlı və sağlam olmayan heyvanı almır.

O atlar təsərrüfata yaramır 

Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Oxu.Az-a xidmət tərəfindən at ətinə müvafiq baytarlıq sənədinin verilmədiyini deyir. Onun sözlərinə görə, yalnız diri çəkidə atların baytarlıq (baytarlıq-sanitariya) vəziyyəti yoxlanılaraq müvafiq baytarlıq sənədi verilib:

“Qazaxıstana o atlar ixrac edilib ki, onlar damazlığa yaramırlar, eləcə də, yaşlı olublar”.

İki aydan bir 100 baş at satırıq 

Bərdə rayonunda atçılıq təsərrüfatına sahib ixracatçılardan birinin sözlərinə görə, artıq bir ildir ki, Qazaxıstana at ixrac edir:

“Hazırda təsərrüfatda 50 baş at var. Atın biri 150 dollardan satılır”.

Məlum oldu ki, sahibkar iki aydan bir qonşu ölkəyə 100 baş at satır:

“Cavan atların satışı qadağandır. Buna görə də təsərrüfata yaramayan atları satırıq”.

Paylaş