Əsas səhifə Biznes Milyarder Araz Ağalarov hansı biznesləri yaradıb?

Araz Ağalarov hansı biznesləri yaradıb?

175
Paylaş

Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olub, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.

Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977-1983-cü illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə “Comtech” adlanan kompüter texnologiyaları sərgisi təşkil edib. Artıq 5 il sonra onun sərgisi Comdex (Las-Veqas) və Cebit (Hannover) sərgilərindən sonra statusuna görə dünyada III yeri tutub.

Beləliklə, Rusiyada (RF) müxtəlif sayələrə dair beynəlxalq sərgilər üzrə yeganə böyük operator olub. Bundan başqa, 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan “Ağalarov evi”nin tikintisini başa çatdırıb.

Yenə həmin il Rusiyada 66 min kvadrat metr sahəsi olan ilk hipermarketi tikib. Dünyada analoqu olmayan bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. 2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan “Crocus city” şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi “Crocus city” son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır.

Araz Ağalarov iqtisad elmləri doktorudur. “Crocus İnternational” Şirkətlər Qrupunun prezidenti, “Crocus Bank” İdarə heyətinin sədri, Russia istehsalçılar və idxalçılar ittifaqının prezidenti, Moskva Beynəlxalq Biznes Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidenti, “Biznes və sərgilər” jurnalının baş redaktorudur.

Araz Ağalarovun sərgilərin təşkili və keçirilməsində böyük səriştəsi var. 1985-ci ildə kooperativ hərəkatı başladıqda ÜİHİMŞ-dakı vəzifəsindən imtina edərək kiçik bir müəssisə açıb. Hələ 1990-cı ilə qədər moskvalı biznesmenlər kompüter arxasınca Honkonqa, Sinqapura, Tayvana, bəzən də Amerikaya gedirdilər.

Tədarükçüləri kompüter sərgilərinin keçirildiyi yerlər maraqlandırırdı. Araz Ağalarov düşünürdü ki, bəs Rusiyada niyə belə sərgilər keçirilməsin, onun yaratdığı müəssisə məhz bu işlərlə məşğul olmağa başladı və 1990-cı ildə Rusiyada kompüter texnologiyaları üzrə ilk sərgini təşkil etdi. Sərgi “Comtech” adlanırdı.

1995-ci ildə onun sərgiləri Las-Veqasda Comdex və Hannoverdə keçirilən Cebit sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazandı. Araz Ağalarov sonralar “Comtech”dəki payını bir ingilis şirkətinə sataraq “Crocus City” layihəsini həyata keçirməyə başladı.

Onun 1997-ci ildə Moskva dairəvi avtomobil yolu (MKAD) ilə Kaşirsk şosesinin kəsişdiyi yerdə tikdirdiyi ilk hipermarketin də dünyada tayı-bərabəri yoxdur. Çünki orada eyni vaxtda 400 min adda mallar satılır. Diqqətçəkən cəhətlərdən biri də odur ki, Araz Ağalarov “Crocus City”yə daxil olan ilk obyektlərini ya keçmiş çirkab çalaları olan yerdə, ya da bataqlıqda tikdirib. “Sənin evin” ticarət mərkəzini tikən zaman ilk traktor əraziyə girərkən bataqlıqda batmışdı. Sonradan onu qaldırıcı kranla çəkib çıxardılar. Bu bataqlıqları qurutmaq üçün orada drenaj quruldu, əraziyə çoxlu çınqıl və qum töküldü.

Araz Ağalarov vitse-prezidenti olduğu Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiyadakı azərbaycanlıların ən böyük və nüfuzlu təşkilatıdır. Bu gün ÜAK Russia və Azərbaycan arasında ticari-iqtisadi, mədəni və digər əlaqələrin inkişafı və möhkəmləndirilməsinə, birgə iri iqtisadi və sosial layihələrin gerçəkləşməsinə yardım göstərir, mövcud problemləri həll etmək, maneələri aradan qaldırmaq istiqamətində geniş tədbirlər həyata keçirir. Araz Ağalarov 50-dən çox elmi işin, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının üzvüdür. 2012-ci ildə Forbes jurnalının Rusiyanın “Daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutur.

Onun rəhbərlik etdiyi “Crocus” şirkətinin daşınmaz əmlak icarəsindən gəlirləri 2011-ci ildə 700 mln. dollar təşkil edib.

Beləliklə, Araz Ağalarov 1.6 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı 804-cü şəxsidir.

Facemark.az

Paylaş