Əsas səhifə Maraqlı Adidas, Gucci və digər şirkətlərdə çəkişmələr və ailə münaqişələri biznesi necə məhv...

Adidas, Gucci və digər şirkətlərdə çəkişmələr və ailə münaqişələri biznesi necə məhv edib

64
PAYLAŞ

Tarix Rotşild, Ford, Forbes kimi nəhəng və güclü biznes qurmağı bacaran çox sayda ailəyə şahid olub. Lakin bəzən elə hallar olub ki, ailə daxili mübahisələr ümumi işi məhv edib.

Banker.az qohumlar və ailə üzvləri arasında münaqişələrin onların biznesinə necə təsir etdiyindən bəhs edəcək:

Adidas və Puma

Dünyaca məşhur iki idman brendi Adidas və Puma nəhəng ailə mübahisəsi nəticəsində yaranıb. 1920-ci illərin əvvəlində Adolf və Rudolf Dassler qardaşları Bavariyanın Hersoqenaurah şəhərində I dünya müharibəsi veteranları üçün ortopedik ayaqqabıların tikilməsi üzrə kiçik müəssisə açır. Tezliklə Adolf çıxıntılı idman butslarını düşünür və 1929-cu ildə bu ayaqqabılar kütləvi istehsala buraxılır. 1936-cı ildə keçirilən Olimpiada zamanı amerikalı qaçış yarışçısı Cessi Ouens 4 qızıl medal qazandıqda qardaşlar böyük populyarlıq qazanır. Lakin II dünya müharibəsi hər şeyi dəyişir. Hər iki qardaş nasist partiyasının üzvü olsa da, yalnız Rudolf cəbhəyə səfərbər olunur. O 1945-ci ildə amerikalı hərbçilər tərəfindən həbs olunur. Adolfun amerikalı zabitlər ilə yaxşı əlaqələri var idi. Belə ki, onlar işğal zamanı bir il ərzində Dasslerlərin ailə imarətində yaşayıblar.

Lakin o qardaşını xilas etmək əvəzinə Rudolfun gestapolara işlədiyini məlumat verir. Rudolf isə öz növbəsində qardaşını nasistlərə ayaqqabı fabrikinin xidmətlərini ilk olaraq təklif etməkdə günahlandırır.

Qardaşlar müharibədən sonra nəinki münasibətlərini, hətta bizneslərini də ayırır: Adolf Dassler Adidas (adının və soyadının ilk hərflərinə uyğun olaraq) şirkətini, Rudolf isə 1948-ci ildə adı dəyişdirilərək Puma edilən Ruda idman şirkətini yaradır. Onlar hələ də eyni şəhərdə işləsələr də, fabrikləri çayın müxtəlif sahillərində idi. Qardaşlar həmçinin Hersoqenaurah şəhərinin qəbiristanlığının müxtəlif istiqamərlərində dəfn edilib.

Gucci

Ailə biznesləri tarixində yaşanan münaqişələrə görə Gucci ailəsi istənilən ailə müəssisəsini geridə qoyar. Belə ki, bu ailədə qohumlar aktiv uğrunda mübarizəyə görə bir-biriləri qətlə yetirirdilər.

İtalyan sərrac Guccio Gucci 1904-cü ildə Florensiyada at sürmək üçün çəkmə və çemodan istehsalı ilə məşğul olan emalatxana açır. Onun ölümündən sonra oğlanları Aldo, Vasko və Rudolfo müəssisəni dəb evinə çevirir: 1953-cü ildə Milan, Roma və Nyu-Yorkda Gucci mağazaları açılır. Gələcəyin məşhur brendi gündəlik aksessuar və ayaqqabı buraxmağa başlayır. Hər şey 1983-cü ildə Rudolfo Gucci-nin vəfat etməsindən sonra başlayır. Bu zaman qohumlar brend davasına qalxır. Rudolfonun oğlu Maurisio mirasa haqqı olduğunu bəyan etdikdə, qohumlar onu vəsiyyətnaməni saxtalaşdırmaqda ittiham edir. Maurisionun əmisi Aldo onu dəstəkləyir və öz qardaşı oğluna şirkətdə sahib olduğu payın 50%-ni vəd edir, bununla da, öz oğlu Paolo-nu mirasdan məhrum qoyur. Paolo isə öz növbəsində atasından qisas almaq məqsədilə Aldo-nu ofşorlar vasitəsilə 7 milyon dolları vergidən yayındırmaqda ittiham edir. Məhkəmə Aldo-nu 1 il 1 gün həbs cəzası ilə məhkum edir.

Gucci şirkəti Maurisio-nun rəhbərliyi altında müflislik həddinə çatır. Daha ucuz və az keyfiyyətli aksessuarlar buraxılması hesabına şirkətin maliyyə vəziyyətini düzəltmək cəhdləri Gucci şirkətini dəbdəbə simvolundan “zövqsüz aeroport brendi”-nə çevirdi.

Hər şey Maurisio-nun 1993-cü ildə Gucci şirkətini 120 milyon dollara bəhreynli Investcorp investisiya şirkətinə satması ilə başa çatdı. Maurisio-nu məhz bu pullar öldürdü. Belə ki, Maurisio vəsiyyətini öz sevgilisinin xeyrinə yazmağa imkan tapmamış, onun keçmiş həyat yoldaşı Patrisia killer tutur. Nəticədə Maurisio Gucci ofisinin önündə dörd güllə ilə atəş edildikdən sonra dünyasını dəyişir. Hazırda isə Gucci şirkəti Fransanın Keiring holdinqinə məxsusdur və 2016-cı ildə hətta Yves Saint Laurent şirkətini də geridə qoyaraq onun portfelində ən gəlirli marka oldu.

Gordon Ramsay

Baş aşpaz Gordon Ramsay 2010-cu ilə qədər biznesindən şikayət etmirdi. Onun Londondakı Restaurant Gordon Ramsay restoranı ildə stabil olaraq 5 milyon dollar gəlir qazandırırdı ki, bu da ona holdinq yaratmağa və Qlazqo, Nyu-York, Tokio və Dubayda məkanlar açmağa imkan verirdi.

Lakin 2010-cu ildən sonra vəziyyət pisləşməyə doğru gedir: böhran zamanı onun restoranlarına gələn müştəri sayı azalır. Bu zaman holdinqin 30 milyon dollar borcu yığılır. Belə bir enişin səbəbi onun qaynatası Kris Hatçens-in yanlış idarəetmə strategiyası olduğu bildirilir. Hatçens-in artıq 12 il holdinqə rəhbərlik etməsinə baxmayaraq, Ramsay onu işdən azad edir. Hatçens qovulmaq məsələsini aydınlaşdırmaq qərarına gəlir və bu zaman məşhur aşpaz onu 1,8 milyon dolların oğurlanmasında ittiham edir.

Daha sonradan belə məlum olur ki, Kris Hatçens IT mütəxəssisi olan iki oğlundan Ramsey-in email ünvanını sındırmağa razı salıb. Onun şəxsi və işgüzar yazışmaları tezliklə xəbər saytlarında yayılır. Nəticədə Böyük Britaniya məhkəməsi Hatçens-i 6, əlbir olduğu şəxsləri isə 4 aylıq həbs müddətinə məhkum edir.

Bu qalmaqallar Ramsey holdinqinin xeyrinə olur. Belə ki, restoranların sayı 26-a yüksəlir, gəlir isə Hatçens-in işdən azad edilməsi zamanından 270% artır. Şirkətin gəliri 2015-ci ildə 150 milyon dollar təşkil edirdi.

PAYLAŞ