“25 yaşımda İT sahəsində konsultasiya istiqamətli “EVO Group” şirkətini yaratdım”

2
1047

“İndiyə qədər nəyisə qohum, tanış hesabına əldə etməmişəm”

İş görərkən ən yaxşı şəkildə icra etməyin, işə məsuliyyətlə yanaşmağın tərəfdarıdır. Amma bununla belə, düşünür ki, işi həyatın hər bir dönəmində birinci yerə qoymaq olmaz. Çünki dünyada ən vacib olan varlıq insandır və əsas olan da insanın harada və necə xoşbəxt olmasıdır. “İş bu gün var, sabah olmaya bilər. Hətta işi insan özü də yarada bilər” – deyən müsahibimiz Çinin “Huawei” şirkətinin Azərbaycan ofisinin tərəfdaşlarla satış üzrə meneceri Səfər Səfərovdur.

– Linkedin profilinizə baxdım, əsas diqqətimi çəkən karyeranızda rəhbər vəzifələrin çoxluğu oldu…

– Mən söhbətə o dediyiniz istiqamətlərə gedən yoldan başlamaq istəyirəm. İlk dəfə 2000-ci ildə bir internet klubda kompüter qarşısında oturdum. 13 yaşım var idi. O vaxt internet klublar təzə-təzə açılırdı. Yeni texnologiyalar mənə maraqlı gəldi. İT-yə maraq hobbi olaraq məndə 2007-ci ilə qədər idi. Evdə öz kompüterim oldu, veb proqramlaşdırmanı öyrənməyə başladım. Özüm üçün veb-saytlar yığırdım. Proqramlaşdırmanı özüm öyrənməyə başladım. 2007-ci ildə “Kaspi” qəzetinin rus dilində çıxan versiyasında kompüter üzrə operator kimi işə başladım. Orda işləyərək müxtəlif vakansiyalarla maraqlanırdım. 2008-ci ildə “Seabak” şirkətində informasiya texnologiyaları üzrə texnik vakansiyası diqqətimi çəkdi. CV-mi göndərdim və məni müsahibəyə dəvət etdilər. Texniki biliklərim yüksək olduğu üçün müsahibədən uğurla keçdim və işə dəvət aldım. İlk olaraq İT texnik vəzifəsindən başladım, 4 aydan sonra İT mühəndis vəzifəsinə keçirildim. 2,5 il bu vəzifədə çalışandan sonra texniki əməliyyatlar üzrə menecer vəzifəsinə təyinat aldım. Bundan sonra artıq siz dediyiniz o rəhbər vəzifələrdə çalışmağa başladım.

– İrəliləmə prosesi ləng getməyib…

– İş elədir ki, öhdəliklər vaxtında və keyfiyyətli icra olunanda istər-istəməz irəliləyiş baş verir. Nailiyyət qazanmaq üçün motivasiya lazımdır. Bunun üçün heç bir təlimə, kursa getməmişəm, sadəcə yeni bilikləri əldə etmək və bacarıqları inkişaf etmək motivasiyam olduğu üçün müxtəlif professional ədəbiyyatı oxuyaraq işimdə tətbiq edirdim. “Seabak” şirkətində çalışdığım müddətdə İT üzrə çox imtahan verdim. 2013-cü ilə qədər orda çalışdım. O zaman 25 beynəlxalq sertifikat əldə edə bildim. Hazırda isə “Cisco”, “Citrix”, ESET, “Microsoft” və “Huawei” kimi dünyanın aparıcı İKT şirkətlərinin verdiyi 30 sertifikatım var. Onlardan 21-i texniki, 9-u satış üzrədir.

– 5 ildən çox “Seabak”da işləmisiniz. Adətən, ilk iş yerlərində bu qədər qalmırlar. Müəyyən təcrübədən sonra artıq iş dəyişmək istəyi yaranmırdı?

– Həm iş maraqlı idi, həm də karyeranın gedişatı ilə bağlı şirkət daxili genişlənmə var idi. Texniki rəhbər olduqdan sonra irəliləyə bilməzdim, çünki məndən bir pillə yuxarı şirkətin direktoru vəzifəsi idi. Ordan o tərəfə də yol yox idi (gülür-red). Amma mən həmin yolu tapdım. Bu yol isə öz şirkətimi yaratmaq idi. 25 yaşımda İT sahəsində konsultasiya istiqamətli “EVO Group” şirkətini yaratdım.

– Hazırda o şirkət fəaliyyət göstərir?

– Xeyr. İki il idarə etdim, çox maraqlı işlərimiz oldu. Amma 2014-cü ildə “Mars Tech” texnoloji şirkətindən mənə iş təklifi gəldi. Həm sistem inteqrasiya işləri, həm də malın satınalınması cəhətdən daha böyük şirkətdir. Bazarda uğurlu işlər gördüyümü və buna görə məni də öz qruplarının tərkibində görmək istədiklərini bildirdilər. Fikirləşdim və böyük potensial gördüyüm üçün ora getdim.

– Rəhbər yox, işçi olmağı seçdiniz?

– Yenə də rəhbər olaraq qaldım. “Mars Tech”də həm İdarə Heyətinin üzvü idim, həm də texniki direktor.

– Öz qurduğunuz işi satmağa necə əliniz gəldi?

– “Gözəlçə” filmi var, onu çox bəyənirəm. Orda Riçard Gir böyük bir biznesmen rolunu oynayır. Əsas işi şirkəti alıb, parçalayıb satmaqdır. O filmi izlədiyim üçün şirkətimi yaradanda da satacağımı düşünürdüm. Düzdür, proseslərin necə olacağını bilmirdim, amma işlər elə gətirdi ki, o məqsədim reallaşdı. Bu, bir təcrübə idi. Mən inanıram ki, həyatda mümkün olmayan bir şey yoxdur. İndiyə qədər nəyisə qohum, tanış hesabına əldə etməmişəm. Nə etmişəmsə öz zəhmətimdir. Bu da qeyd etdiyim kimi motivasiya olmasından irəli gəlib. Bir şeyi etmək lazımdır ki, onun necə alındığını da görəsən. Mən də etdim və təcrübə qazandım. “Mars Tech”ə keçəndə “EVO Group”u da elə bu şirkət aldı.

– Dediniz ki, motivasiya kitabları oxumamısınız, amma özünümotivasiya güclüdür. O zaman bu enerji ailədən gəlir. Necə bir ailədə böyümüsünüz?

– Başqa bir ailə görmədiyim üçün fərqləndirici nəsə tapmaq mənim üçün çətindir. Uşaqda marağın yaradılması cəhətdən valideynlərim çox bacarıqlı idilər. Heç kim məni dərslərimi oxumağa, nəyisə etməyə məcbur etmirdi. Universitetə qəbul olmasan, belə olacaq, elə olacaq tipli sözlər də deməyiblər. Sadəcə, məndə maraq yaratmağı gözəl bacarırdılar. Uşaq olduğum üçün bunu necə etdiklərini deyə bilmərəm, amma yaradırdılar. Uşaqlıdan məndə texnologiyaya həvəs var idi. Bir də məndə həmişə məsuliyyət yaratmağa çalışıblar. Məsələn, evə kompüter alanda izah etdilər ki, kompüterlə çox vaxt keçirsəm, 10 ildən sonra nə kimi təsirləri olacaq. Artıq məndə məsuliyyət yarandı, bildim ki, bu gün məsuliyyətsiz davranıb, dərslərimi atıb kompüter qabağında otursam, gələcəkdə mənim üçün ziyandır. Bizim ailədə mehribançılıq olub, kobudluqla yox, xətrimə dəymədən hər şeyi izah ediblər.

– Özünüzü necə bir insan kimi xarakterizə edərdiniz?

– Hər şeyi öyrənməyə cəhd edən biri kimi. Məsələn, mən yeni avadanlığı görəndə ilk fikirləşdiyim o olur ki, necə qurulub, mən bunu edə bilərəm, yoxsa yox?

– “Huawei”yə keçməyiniz necə oldu?

– Müəyyən müddət “Mars Tech”də çalışandan sonra özümü beynəlxalq şirkətdə sınamaq qərarına gəldim. “Huawei” ilə 2015-cü ildə “Mars Tech” şirkətində işləyəndə tanış oldum. Çalışdığım şirkətlə “Huawei”in əməkdaşlığı var idi. Ona görə şirkət və işləri haqqında məlumatlı idim. 2016-cı ilin fevralından artıq indiki iş yerimdə çalışıram.

– Çinlilərlə işləmək necədir?

– Çox gözəldir (Gülür-red.). Çinlilərlə heç vaxt işləməmişdim, bu, mənim ilk təcrübəmdir. Bu tərəfi də maraqlı gəldiyi üçün keçid etmədə tərəddüd etmirdim. Şirkətdə çox maraqlı korporativ yanaşma var. Burda çalışan hər kəs şirkəti öz işi kimi qəbul edir, işçi olduğunu hiss etmir. Elə bil öz şirkətidir və onu irəli aparmaq üçün var gücü ilə çalışır. Bu cür yerdə işləmək təbii ki xoşdur. Şirkətin dünya üzrə 180 min nəfər işçisi var. Nə vaxt istəyirsən, onlarla əlaqə saxlayıb hər hansı məlumatı əldə edə, təcrübə toplaya bilirsən. Qurduqları sistem də çox yaxşıdır. Digər ölkələrdə çalışan istənilən işçi ilə əlaqə yarada, təcrübəsini öyrənə bilirik. Müştəriyönümlü şirkət olduğu üçün ən keyfiyyətli xidməti göstərmək tələbi var. Mən də öz işimi ən yüksək səviyyədə görməyə çalışan biriyəm. Şirkətlə mənim burda da bir uyğunluğum var.

– Amma “Huawei”yə qədər bütün iş yerləriniz İT ilə bağlı olub. İndi isə satışdır. Belə bir dəyişikliyə niyə getdiniz?

– O sahədə artıq müəyyən nailiyyətlər olduğuna görə, özümü başqa bir sahədə sınamaq istədim. Texniki direktor olandan sonra artıq görəcəyim işlər o qədər də texniki deyildi, daha çox idarəedici bir vəzifə idi. Texniklərin işi adətən, 100-200 kabel, avadanlıqlar, soyuq, qapalı bir otaqda çalışmaqdır. İdarəedici olduqdan sonra gördüm ki, mən daha çox şey edə bilərəm. İndi bizbirbaşa satışla məşğul olmuruq, nümayəndə olaraq çalışırıq. Fərqli şirkətlərlə görüşüb onlara informasiya texnologiyalarının infrastrukturunu optimallaşdırmaq cəhətdən konsultasiya veririk.

– Yəni, işlər elə gətirdi ki, ali təhsil aldığınız sahəyə meyilləndiniz?

– Bəli, elə də demək olar. Mənim təhsilim maliyyə və kreditlə bağlı idi. Ona görə, bu sahəyə keçid etmək elə bir çətinlik yaratmadı.

– “Seabak”da işləyən vaxtlar həm də sertifikatlar almaq üçün çalışmağınız göstərir ki, zamanı dəyərləndirən birisiniz. Bəs indi işləməklə yanaşı, zamanı necə dəyərləndirirsiniz?

– Zaman keçdikcə insan vaxta bir az başqa cür baxmağa başlayır. Xüsusilə ailə qurandan sonra. Artıq başa düşürsən ki, birinci yerdə ailəndir, sonra işlər. Vaxtı idarə etməyi xoşlayıram. İşlə bağlı gündəlik 8 saat çalışırıq. Səhər 6-da mənim günüm başlayır. İdmana vaxt ayırıram, sonra işə gedirəm, qayıdandan sonra isə ailəmlə zaman keçirirəm. Həftə sonlarını ilə dost-tanışlarla keçirtməyə çalışıram.

– Karyerist adamlar adətən işi öndə vurğulayırlar, amma siz artıq ailəni deyirsiniz. Ailənin öndə olması karyerada geriləməyə səbəb olmur?

– 24 saat işlərimizi görmək üçün çoxdur. Dəqiqələrə, saniyələrə bölsək, çox şey edə bilərik. Düzgün planlaşdıranda karyera da uğurlu olur, ailəyə, kitab oxumağa, yeni məlumatlar əldə etməyə də vaxt tapırsan. Mənim əsas özümü inkişaf etdirməli olduğum sahə İT-dir, çünki tez inkişaf edir, ona görə hansısa müddət öyrənməyə fasilə versəm, geri qala bilərəm.

– “Hər uğurlu kişinin arxasında bir xanım dayanır” – deyirlər. Düzdür, evli olduğunuz elə çox müddət deyil. Amma maraqlıdır uğurunuzda xanımınızın payı nə dərəcədə görürsünüz?

– Hər insanın karyerasında və həyatında çətin vaxtlar olur. Bu zaman insanda müəyyən qədər ruh düşkünlüyü ola bilər. Hərdən fikirləşirəm ki, xanımım mənə məndən çox inanır. Bu isə mənim üçün böyük motivasiyadır. Mən tək özümə görə yox, ailəmə görə də məsuliyyət daşıyıram. Ailədə isə münasibətlərin düzgün qurulması vacibdir.

– Xarici şirkətlərin nümayəndəliyində çalışanlar bir müddət sonra artıq ölkə xaricində çalışırlar. Belə bir planınız var?

– Bir il bundan əvvəl Polşadan təklif oldu, amma qəbul etmədim. Çünki xaricə köçmək planım heç vaxt olmayıb. Bəzən deyirlər ki, ölkədən nə qədər çox adam xaricə köçsə, o qədər yerdə qalan mütəxəssisə dəyər veriləcək. Amma mən Azərbaycanda çalışıb ölkə üçün nəsə etmək istəyirəm. Bu bir az patriotik yanaşma ola bilər. Amma xaricə gedənlərə də normal yanaşıram. Hər kəsin getmək üçün səbəbi var. Kim harada xoşbəxtdirsə, özünü harada görürsə, orda olmalıdır. Mən öz xoşbəxtliyimi burda tapdım, ona görə köçmək planım yoxdur.

– Uğurun sirri nədir, sizə görə?

– Bu sualı verəcəyinizi bilsəm də, cavabını hazırlamamışdım. Uğur xoşbəxtlikdir. İnsan xoşbəxtdirsə, deməli, uğurludur. Adam var ki, uğuru maliyyə ilə ölçür, bir başqası karyerada irəliləmək pilləsinə görə. Mən isə xoşbəxtlikdə görürəm və xoşbəxtəm də. Dünyada ən vacib şey insandır. İş bu gün var, sabah olmaya bilər. Sabah o işi özün də yarada bilərsən.

Kaspi.az

2 COMMENTS