Əsas səhifə Motivasiya “Əksər uğurların başında risk dayanır”

“Əksər uğurların başında risk dayanır”

696
PAYLAŞ

İlkin Məcidov hesab edir ki, gənclər ixtisas seçərkən 4-5 il sonranın əmək bazarını diqqətə almalıdırlar

İşin uğurlu hədəflərə aparılmayacağı təqdirdə eyni vəzifədə 4 ildən artıq  çalışmağın tərəfdarı deyil. Ona görə, gənclər dinamik olmalı, fərqli sektorlarda işləsələr belə, enerjilərini öz sahələrində ixtisaslaşmağa istifadə etməlidirlər. Karyerasında “su quyuda çox qaldığı zaman iylənər” prinsipə ilə hərəkət edir. Düşünür ki, eyni işə və vəzifəyə yeni nəfəs gətirmədən illərini verməkdənsə, müxtəlif sahələrdə işləyib özünü yetişdirmək daha yaxşıdır. Müsahibimiz “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Təlim və İnnovasiyalar mərkəzinin rəisi İlkin Məcidovdur.

Sumqayıt şəhər 38 saylı orta məktəbi bitirdikdən sonra Qafqaz Universitetinin Şərq ölkələri üzrə regionşünaslıq və filologiya fakültəsində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı fakültəsi üzrə təhsilini davam etdirib. Litva, Latviya, Gürcüstan və Portuqaliyada təcrübə keçdikdən sonra vətənə qayıdıb. Turizm meneceri,  Biznes idarəsində icraçı direktor, logistika üzrə məsul şəxs,  Qafqaz Universitetində Karyera planlaşdırma şöbəsinin, Təcrübə şöbəsinin müdiri, daha sonra isə Gənclər və İdman Nazirliyinin Binəqədi Gənclər evinin təlim rəhbəri kimi çalışıb. Müsahibimiz həm də təlimçidir.

 – İlkin bəy, iki fərqli ixtisas üzrə təhsil almısınız. Bu hansı zərurətdən yarandı?

– Birinci ixtisası valideynlərimin istəyi ilə seçmişdim. 17 yaşımda mənim istəklərim bir çox yaşıdlarım kimi valideynlərim tərəfindən nəzərə alınmırdı. Təhsil alacağım sahəni də fikrimi soruşmadan seçmişdilər. Regionşünaslıq sahəsində özümü görə bilmədiyimə görə, ixtisasımı dəyişdim. Təhsil aldığım müddətdə öz sevdiyim, iqtisadiyyat sahəsində çalışırdım və qərarı gəldim ki, mütləq sevdiyim işin təhsilini almalıyam.

– İstədiyiniz sahədə çalışır və uğur qazanırdınız. Nə üçün həmin sahənin təhsilini almaq istədiniz? Üstəlik xaricdə də təhsilinizi davam etdirdiniz. Təhsilin karyerada önəmi nədir?

– Təhsil bir okeanda hərəkət edən gəminin motorudur. Motor olmasa, gəmini əl ilə hərəkət etdirməlisiniz ki, bu da çox əziyyətlidir. Hələ o okeanda fırtına olarsa mümkünsüzdür. Xaricdə təhsil isə həmin gəminin motoruna daha da güc verən əsas tərəflərdəndir. Xaricdə oxumaq karyerada yeni nəfəs, ab-hava, dünyagörüşü və vizyondur.

– İlk dəfə sərbəst şəkildə öz pulunuzu qazanmağa nə vaxtdan başlamısınız?

– İkinci kursda. 18 yaşımda artıq karyera pillələrində irəliləməyə başlamışdım. İlk dəfə turizm sektorunda işə başladım. Sonra tikinti, daha sonra isə təhsil sektorunda işimi davam etdirdim. 4-5 il öncə Azərbaycana ərəb az gəlirdi. Mən də ərəb dilini yaxşı bilirdim. Turizm sahəsində təklif gəldi ki, ölkəyə ərəblər gəlir və bununla bağlı işçi lazımdır. Orada çalışmağa başladım. Daha sonra rəhbərlik işimi dəyərləndirib turizm sektorunda bir şöbənin rəhbəri təyin etdi. Su quyuda çox qaldığı zaman iylənir. Mən də bir vəzifədə çox qalmaqdansa, daha çox inkişaf etməyi hədəflədiyim üçün bu sektordan ayrıldım və tikinti sektoruna keçdim. Tikinti şirkətində xarici əlaqələr və logistika işinə baxırdım. Orada da müəyyən müddət çalışandan sonra hərbi xidmət vaxtı gəldi. Qayıtdıqdan sonra isə təhsil sektorunda işlədim.

– 3 fərqli sektor…  və 3 –də də ən yüksək posta çatdıqdan sonra tərk edib gedirsiniz. İşlədiyiniz sahədə istədiyiniz məqama çatdıqdan sonra getmək çətin deyil?

– 3 fərqli sektor olsa da, sahəm eyni idi. İş baxımından heç bir çətinliyi yox idi. Çünki qarşıma bir hədəf qoymuşdum ki, 30 yaşıma qədər filan yerlərdə olmağı planlaşdırıram. Biz qarşımıza hədəf qoyub addımlarımızı da ona uyğun planlayıb atmalıyıq. Yüksək vəzifələrə getmək üçün mütləq əziyyət çəkmək lazımdır. İstədiyim məqama çatdıqdan sonra iş yerini tərk etməyimin səbəbi isə, hər bir sahədə yeni nəfəsin olmasının tərəfdarı olmağımdır 4 il bir şirkət daxilində eyni işdə çalışan şəxs bir müddət sonra eyni planla hərəkət edir və eyniliklər də məni yorur. Nə qədər ki, gəncik, bir yerdə dayanmamalıyıq.  İnsanların bəzilərində belə bir şüur formalaşıb ki, əgər qazancın varsa, vəzifən yaxşıdırsa, işlədiyin yerdə qalmalısan. Amma gənc yaşda karyerada nə maddiyat, nə də vəzifə o qədər də önəmli olmamalıdır. Çoxlarının arzusu olan yerdə işləyə bilərsən, amma həmin arzunu yaşayan adam orada bezib başqa yerə gedə bilər. Bu, normal haldır.

– İlkin bəy, karyera haradan başlayır?

– Karyera nə universitetlərdən, nə də məktəbdən başlayır. Əvvəlcə ailədə təməli qoyulur, daha sonra bağça, məktəb, universitetlə davam edir. Bu səbəbdən valideynlər karyera seçimində övladlarına açıq meydan verməlidirlər. Valideynin sevdiyi sahəni uşaq sevmirsə, uğurlu karyera qura bilməz. İstiqamət verə bilərlər, amma seçim haqqını övladlarına verməlidirlər. Gənclər karyera seçimində “palaza bürün, el ilə sürün” prinsipi ilə hərəkət etməsinlər. 4-5 ildən sonrakı bazarı düşünüb seçim etməlidirlər. İndi tələbə adına layiq görülən biri mövcud bazara görə yox, 4-5 il sonrakı bazara görə, özünü yetişdirməlidir. Hazırda turizm və qeyri-neft sektoru inkişaf edir. “Qız yaxşı oxuyursa, həkim, oğlan isə hüquqşünas olmalıdır” dövrü bitdi. Artıq ölkənin qoyduğu  siyasət qeyri-neft sektorunun inkişafıdır. Elə peşə seçmək lazımdır ki, 5 il sonra ona tələbat olsun.

–  Sizcə, gənclər nə vaxtdan özlərini inkişaf etdirməlidir?

– Memar Sinan 50 yaşında qərar verib ki, memar olacaq. Amma bu, o demək deyil hamımız 50 yaşımızı gözləməliyik. Karyera qurmaq üçün ən yaxşı məkan, şərait və vaxt universitetlərdir. Əgər bir tələbə universitet vaxtı üzərinə düşən vəzifəni lazımınca etsə, karyerasında yetişə biləcək. Müəllimlər bir yerə kimi dərs verə bilərlər, sonrası tələbənin özündən asılıdır. Tələbə müəllimin dediyi tapşırıqlara kifayətlənməməli, araşdırmalar etməlidir.

– İş həyatında uğurun formulu nədir?

– Hədəf və zəhmət. Hədəfimiz olmasa, yerimizdə sayacağıq. Birinci hədəf qoymalı, daha sonra o hədəfə çatmaq üçün zəhmət çəkməliyik. Bütün işin başlanğıcı və nəticəsi zəhmətə bağlıdır. Əlavə formullar isə risk etmək və məsləhət almaqdır. Əksər uğurların başında risk dayanır. Risk də ağıllı risk olmalıdır. Uğurlu gənc dinamik, enerjili, qətiyyətli, əziyyətdən qorxmayan, riskləri sevən və yenilikçidir. Bir işə başlayarkən, müəllimlərlə mütləq məsləhətləşmək lazımdır. Hər bir gəncə məsləhət görərdim ki, valideynlərlə bərabər müəllimləriylə də məsləhətləşsinlər.

– Əsl rəhbər necə olmalıdır?

– Əsl rəhbər öz işçisinin inkişafını düşünməlidir. Öz şirkətinin hədəflərini qoymalı  və bütün işçiləri o hədəflərə istiqamətləndirə bilməlidir. İşçinin əlindən tutub, arxasınca aparmalıdır. Bir sözlə, liderlik qabiliyyəti olmalıdır. Bizim şirkətlərdə rəhbərlərin bəziləri lider yox, müdirdir.

– İlkin bəy, liderlə müdirin fərqi nədir?

– Müdir şirkəti əmrlə idarə edir. Lider isə əmr etməsə də, idarə edə bilir. Lider olan şirkətlərdə işçi olmaq və uğur əldə etmək asandır. Lider adi insanlarla qeyri-adi işlər görən rəhbərdir.

– Rəhbər kimi gənclərlə işləmək asandır, yoxsa yaşlılarla?

– Gənclərlə işləmək çox rahatdır. Amma bu, bütün yaşlılarla işləmək çətindir anlamına gəlmir. Gənclərlə işləmək ona görə rahatdır ki, özüm də gəncəm, onların nə istədiklərini anlaya bilirəm. Eyni dövrü yaşayırıq deyə, kimin nə istədiyini öncədən təxmin edə bilirəm.

– Siz həm də təlimçisiniz və gənclərlə çox işləmisiniz? Azərbaycan gəncliyində görmək istədiyiniz kriteriyalar nələrdir?

– Azərbaycan gəncliyi çox ağıllıdır. Gənclərimizin ideyaları, hədəfləri var. Bəyənmədiyim tərəf isə gənclərin beyinlərində olan fikirləri reallaşdırmağa çalışmaması, tənbəllik etməsidir. Əziyyət çəkməkdən qorxurlar. Hər bir gəncinin özünün həyat planı olmalıdır. Kiminsə hədəfləri ilə hərəkət etməməlidirlər. Kiminsə xəyalını deyil, öz xəyallarını yaşamalıdırlar. Gənclərdə görmək istədiyim tərəflər milli ruhun olmasıdır.  Bu, çox önəmlidir. İnkişaf etmiş ölkələrdən olan Yaponiyada belə, milli ruh qorunub saxlanılır.

– Uğursuzluqla qarşılaşanda özünüzü necə motiviasiya edirsiniz?

– Zaman hər şeyin dərmanıdır. Əgər ciddi səhv etmişəmsə, onu beynimdə mənfi nümunə kimi qeyd edib qaralayıram və bir də etmirəm.

– Ailəlisiniz. Bəzi insanlar düşünür ki, ailə qurmaq karyeranın qarşısını kəsir. Ailənin uğurlu karyerada rolu nə qədərdir?

– İnsanın həyatında karyera da, ailə də önəmlidir. Karyera qurduqdan sonra ailə qurmağın tərəfdarıyam. Ancaq ömrü boyu karyera qurub ailə qurmamağı, ailənin buna mane olacağı fikri ilə razı deyiləm. Mən karyeramı qurduqdan sonra ailə qurdum. Ailə ən böyük motivasiyadır. Hər gün qızımın məni işə yola salması və qarşılaması ən böyük stimulumdur. Əgər işə də gülərək gedib, işdən də gülərək gəlirsənsə, bu, xoşbəxtliyin özüdür. Xoşbəxtlik və stimul isə sənə ancaq uğur gətirər.

– Gördüyün işə inan və onu sev. İnsanlar sevsə də, sevməsə də…

– Əgər bir şeyə inanırsansa, ona görə addım atmağa dəyər. Atdığın addım səni xoşbəxt edir və xeyrə aparırsa, qıraqdan sənə gülsələr də, o gülüşü normal qəbul et. Ən böyük zövq “sən bacarmazsan” deyən insanlara bacardıqdan sonra gülüb keçməkdir. Bizdə “el-aləm” deyə bir təşkilat var ki, bütün təşkilatlardan daha təhlükəlidir (gülür: A.Ə). “El aləm nə deyər” deyərək hərəkət edirsənsə, bu, zəiflikdir. İnsanlar sevsə də, sevməsə də, gülsə də, gülməsə də inandığın və sevdiyin işin ardınca getməlisən.

©kaspi

PAYLAŞ